Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1532/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17 noyabr 2011-ci il təvəllüdlü Səmra və 16 avqust 2014-cu il təvəllüdlü Ümid adlı uşaqların saxlanması üçün hər uşaq üçün tutulan 120 manat alimentin artırılıb hər uşaq üçün 250 manat müəyyən edilməsi, övladı Ümid sağalana kimi hər ay tutulan 40 manat əlavə xərcin 100 manat müəyyən edilməsi, 60 manat mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Tərəflər 14 oktyabr 2010-cu ildə nikaha girmişlər. Birgə evlilikdən 17 noyabr 2011-ci il təvəllüdlü Səmra və 16 avqust 2014-cu il təvəllüdlü Ümid adlı uşaqları anadan olmuşdur. Cavabdehlə olan ailə münasibətlərinə xx.xx.2015-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. Cavabdeh uşaqlarına baxmaqdan imtina etdiyi üçün Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən 2 uşağın saxlanması üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat aliment, Ümid adlı uşağın müalicəsi üçün o 3 yaşına çatana qədər hər ay 40 manat alınaraq iddiaçıya verilməsini qət etmişdir. Tərəflərin birgə nikahlarından anadan olmuş Ümidin 3 yaşı tamam olduqdan sonra, onun müalicəsi davam etdiyindən əlavə xərcin tutulması barədə iddia qaldırmışdır. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(044)-7102/2017 saylı qətnaməsindən verdkləri apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi alimentin məbləği və əlavə xərcin tutulması hissəsində dəyişdirilmiş və 2 uşağın saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment, 16 sentyabr 2014-cü il təvəllüdlü X4 müalicəsi üçün Cavabdeh onun xeyrinə 40 manat əlavə xərcin tutulma müddəti yetkinlik yaşına çatması müddətindən artıq olmamaq şərt ilə onun sağaldığı müddətə kimi müəyyən edilmişdir. 4 il ötməsinə baxmayaraq Ümidin müalicəsi hələdə davam edir. Belə ki, Ümid “anadan gəlmə yuxarı tənəffüz yollarının kəskin bronxiti xəstəliyindən” əziyyət çəkir. Ümid mütəmadi olaraq həkim müalicələri alır və dərmanlara xeyli vəsait sərf olunur. Hətta əməliyyat da olunmuşdur. Müalicə almasına baxmayaraq cavabdeh bir dəfə də olsun nə uşağının xəstəliyi ilə, nə də təlim-tərbiyəsi ilə maraqlanmamışdır. Nəzərə alsaq ki, uşaqlar xəstə və azyaşı olduğu üçün tez-tez xəstələnir, xəstə olduğu üçün onun müallicəyə, həkimə ehtiyacı var və ödənilən aliment heç onların gündəlik tələbatlarını təmin etmir. Bütün bunları isə təmin etməyə iddiaçı çətinlik çəkir. Cavabdeh isə yol polisi işləyir və yüksək məvacib alır. İddiaçı isə uşaqları azyaşlı və xəstə olmaları səbəbindən işləyə bilmir və uşaqların xərclərini tam qarşılaya bilmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ondan hər ay ümumilikdə 500 manat pul istəyir. Onun isə həmin məbləği ödəməyə maddi imkanım çatmır. Aliment təyin olunan vaxtdan bəri isə maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə ikinci dəfə evlənmişdir. Həmin evlilikdən isə xx.xx.2019-cu il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X6 anadan olmuşdur. Həmçinin bacısının ailəsi dağılmışdır və onlarla birgə yaşayır. Bacısı və övladlarına da o baxır. Ata, anası isə xəstə və yaşlıdırlar. Heç bir yerdə işləmirlər. Demək olar ki, öhdəliyində üç ailə var. Səmra və Ümid də onun övladlarıdır. Onlara baxmaq onun vəzifəsidir. Lakim maddi imkanı yol verən qədər onlara maddi və mənəvi dəstək olmağa çalışır. İddiada tələb olunan məbləğ olduqca yüksəkdir. Ümumilikdə hər ay 300 manat ödəməyə maddi imkanı çatır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 779823 nömrəli və AZ-İİİ 462985 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-cı ildə Səmra və xx.xx.2014-cü ildə Ümid adlı uşaqları anadan olmuşdur; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)- 1223/2018 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-32/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilmişdir.xx.xx.2014-cü il təvəllüdlü X4 müalicəsi üçün Cavabdeh İddiaçı xeyrinə 40 manat əlavə xərcin tutulma müddəti uşağın yetkinlik yaşına çatması müddətindən artıq olmamaq şərtilə onun sağaldığı müddətə kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 197/09140 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. 0173048 nömrəli qaimə fakturasından görünür ki, iddiaçı 10 manatlıq poçt xərci ödəmişdir. İddiaçı tərəfindən təqdim olunmuş dərman reseptlərindən və müayinə sənədlərindən görünür ki, X9 uşaq krdio revmatologiyasında müayinə və müalicə olunmuşdur. AZ-İİ 320401 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 nikahlarını xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 499 nömrə ilə qeydə aldırmışlar. AZ-İV 414444 nömrəli və AZ-İV 639825 nömrəli nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1223/2018 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X4 müalicəsi üçün Cavabdeh İddiaçı xeyrinə 40 manat əlavə xərcin tutulma müddəti uşağın yetkinlik yaşına çatması müddətindən artıq olmamaq şərtilə onun sağaldığı müddətə kimi müəyyən edilmişdir. Təyin olunmuş 240 manat məbləğində aliment azyaşlı uşaqların saxlanılması üçün yetərli olmadığından və cavabdeh 240 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını və cavabdehdən uşağın müalicəsi üçün əlavə xərclərə görə hər ay 40 manat pulun artırılaq 100 manat müəyyən edilməsini tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1223/2018 nömrəli qətnaməsi əsasında xx.xx.2011-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində, X4 müalicəsi üçün çəkilən əlavə xərcin məbləği artırılaraq hər ay 60 (altmış) manat müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, habelə cavabdehin himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində, X4 müalicəsi üçün çəkilən əlavə xərcin məbləğinin artırılaraq hər ay 60 (altmış) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Mediyasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh mediyasiya xərci olaraq 50 manat və poçt xərci olaraq 10 manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 32 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1223/2018 saylı qətnaməsi əsasında tutulan 120 manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi, 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində və azyaşlı Ümidin müalicəsi üçün çəkilən əlavə xərcə görə hər ay tutulan 40 (qırx) manat artırılaraq 60 (altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediyasiya xərci və 10 manat poçt xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 32 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(125)-1532/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1532/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver