Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1533/2023 02.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Qurbanova Zöhrə Lutvin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pəncərə və qapının bağlanması, heyvanların saxlanılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus evin həyətinə açılmış pəncərənin bağlanması, cavabdehin həyətində iri buynuzlu heyvanların saxlanılmasının qarşısının alınması və cavabdeh tərəfindən ümumi istifadədə olan yola açılmış əlavə qapının bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ünvan 1 ünvanda bələdiyyə təyinatlı 0,0116 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,2 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********71- 10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabın 43 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 (yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bəxtiyar Rüstəmov küçəsi, 4) ünvanda 0,05 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 108 kv.metr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********91-10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabın 13 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, məhkəmə tərəfindən Gəncə şəhəri Kəpəz bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, yaşadığı ünvanın qonşuluğunda yaşayan cavabdehin əsas giriş darvazası ünvan 2 ünvanına açılsa da o, ümumi istifadədə olan yolu qanunsuz zəbt edərək Gəncə şəhəri, Elxan Məmmədov küçəsinə əlavə qapı açmışdır. Bu qapıdan hər gün həyətində saxladığı mal-qaranın təzəyini küçənin başından axan su arxına aparıb axıdır. Bu heyvanların iyisindən onlar qapı pəncərə aça bilmirlər. Dəfələrlə cavabdehə müraciət edib heyvan saxlamamasını xahiş etsələr də, cavabdeh heç kimin sözünə məhəl qoymur. Cavabdehin saxladığı heyvanların yaratdığı antisanitar vəziyyət evdə olan körpə uşaqların səhhətində də problem yaradır. Heyvanlardan gələn kəskin pis qoxuya görə evin pəncərəsini açıb evi havalandıra bilmirlər. Heyvanlara görə həyətlərində siçan siçovullar da əmələ gəlir. Bütün bunlar az imiş kimi cavabdeh ümumi hasarın üstündə qanunsuz ev tikmişdir. İddiaçı heyvan saxlamasının qarşısının alınması üçün lazımi orqanlara müraciət etdiyinə görə cavabdeh qanunsuz tikdiyi evin pəncərəsini iddiaçının həyətinə açmışdır. Bütün bunlarla bağlı iddiaçı müxtəlif orqanlara şikayət etmişdir. Cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə iddiaçının həyətinə açılmış pəncərəni bağlayacağı ilə bağlı izahat vermiş, lakin hazırki vaxtadək pəncərəni bağlamamışdır. İddiaçı hesab edir ki, cavabdehin onun həyətinə açdığı pəncərə və qanunsuz olaraq ümumi istifadədə olan yola açdığı əlavə qapı bağlanmalı, iri buynuzlu heyvanların saxlanmasının qarşısı alınmalıdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh onun darvazası ilə üzbəüz olan darvazasının qarşısına peyin və heyvan tullantılarını tökür, heyvanlardan gələn kəskin pis qoxuya görə evin pəncərəsini aça bilmir. Darvazasının yeri texniki pasportla eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddiaçının evinin yerləşdiyi 0,0116 hektar torpaq sahəsi bələdiyyə təyinatlıdır. Heyvanlardan gələn kəskin iy qoxunu təsdiq edən heç bir sübut yoxdur, qonşuluq hüququna görə dözməlidir. İddiaçı darvazanın yerini dəyişərək qabağa çəkmişdir, hazırkı vəziyyəti ilə texniki pasportdakı vəziyyəti üst-üstə düşmür. Ümumiyyətlə, iddiaçının cavabdehin evinin qapısının və pəncərəsinin bağlanmasını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, həmin pəncərənin açıldığı torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Gəncə şəhəri Kəpəz bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 məhkəmənin əvvəlki iclaslarında iştirak edərək iddia tələbinin əsaslı olduğunu, sözügedən pəncərə və qapının, habelə heyvanların saxlanılmasının iddiaçının mənafelərinə toxunduğunu, onun fərdi yaşayış evindən istifadə hüququnun sərbəst həyata keçirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, xx.xx.1993-cü il tarixdə, 251 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Xatirə Zöhrab qızı ilə nikaha daxil olmuş, ərə Heydərov, arvada Heydərova soyadı verilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, H-376 nömrəli məktubda qeyd edilmişdir ki, Nümayəndə2 Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanlanmış şikayət ərizəsi ilə əlaqədar ünvana baxış keçirilmiş, aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş, araşdırma zamanı Cavabdeh izahatında yarımçıq tikilini davam etdirən zaman qonşu Nümayəndə2 həyətinə baxan pəncərəni bağlayacağı barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən Nümayəndə2 ünvanlanmış cavab məktubunda aidiyyəti məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Nümayəndə2 ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh yaşadığı evin həyətindəki tövlədə iri buynuzlu heyvan saxlayır və tövlədə əmələ gələn peyin və sair tullantıları əl arabası vasitəsilə daşıyaraq Elxan Məmmədov küçəsi ilə Məmmədbəy Əliyev küçəsinin kəsişməsindən keçən su kanalına atır. Cavabdeh izahat verərək yaşadığı evin həyətində olan tövlədə 6 (altı) baş iri buynuzlu heyvan saxladığını və tövlədə əmələ gələn peyin və sair tullantıları küçədən keçən su kanalına tökdüyünü bildirmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının Su Məcəlləsinin 81,84 və 103-cü maddələrinin tələblərini pozaraq inzibati xəta törətmiş, Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona yaşadığı evin həyətində mövcud olan tövlədə yaranan peyin və sair tullantıların su kanalına tökülməsinin qarşısının alınması ilə bağlı icrası məcburi olan müddətli göstəriş verilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, A-240 nömrəli arayışdan görünür ki, İddiaçı adına Gəncə şəhəri Kəpəz Bələdiyyəsi tərəfindən pay, həyətyanı torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 76486 nömrəli, xx.xx.2022-ci il tarixli aktından görünür ki, Gəncə şəhər sakini Vahid Əliyevə idarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05 saylı Məcburi Göstəriş üzrə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 66 saylı sərəncamı əsasında ünvan 6 ünvanında yaşayan Nümayəndə2 qonşu tərəfindən mal-qara tullantılarının su arxına atılması, iy-qoxu və antisanitar vəziyyətin narahatçılıq yaratması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumlarına ünvanladığı şikayət ərizəsinin araşdırılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 66797 aylı akt və xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən idarə tərəfindən Gəncə şəhəri, Sadıllı qəsəbəsi KVD- 12, sahə-2 ünvanında yaşayan Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli 05 saylı Məcburi Göstərişin icra vəziyyəti yerində araşdırılmışdır. Məcburi Göstərişə əsasən Cavabdeh yaşadığı evin həyətində mövcud olan tövlədə yaranan peyin və s. tullantıların küçədən keçən su kanalına atılmasının qarşısını alması tapşırılmışdır. Araşdırma ilə əlaqədar Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı izahatında həyətyanı sahəsində yaranan peyin və digər tullantıları yaxınlıqda yerləşən ona məxsus digər həyətyanı sahəyə baxış zamanı həqiqətən də, peyinin həmin əraziyə yığıldığı müşahidə edilmişdir. Yaxınlıqdan keçən su kanalına baxış zamanı kanala peyinin tökülməsi izlərinin olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişlərindən və mədaxil qəbzlərindən məlum olur ki, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin tələbi ilə iddiaçıdan müvafiq torpaq vergisi tutulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Gəncə şəhəri, Sadıllı ərazi d., Sadıllı qəsəbəsi ünvanında, cavabdeh isə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə-2 ünvanında qeydiyyatdadırlar. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən, bələdiyyə mülkiyyətində olan ümumi sahəsi 0,0116 ha torpaq sahəsində inşa edilmiş 94,2 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda olan məlumatlardan məlum olur ki, həmin ev- bir mərtəbəli “A” literli fərdi yaşayış evindən, “İ” literli talvardan, “İİ” literli metal darvazadan, “İİİ” literli daş hasardan ibarətdir. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla ünvan 11 ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 108,0 kv.metr olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda olan məlumatlardan məlum olur ki, həmin əmlak- bir mərtəbəli “A” literli fərdi yaşayış evindən, “İ” literli talvardan, “İİ” literli hasardan, “İİİ” literli darvazadan və “B” literli qanunsuz tikilidən ibarətdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli qapı cavabdehin mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında olmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılır. Mübahisəli pəncərə isə cavabdehin istifadəsində olan həmin “B” tikilisinin daşıyıcı divarında olmaqla iddiaçının mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinin həyətinə açılır. İddiaçının evinin Elxan Məmmədov küçəsinə olmaqla bir giriş-çıxışı mövcuddur. Cavabdehin evinin həm Elxan Məmmədov küçəsi tərəfdən mübahisəli qapıdan, həm də Bəxtiyar Rüstəmov küçəsindən olmaqla iki giriş-çıxışı mövcuddur. İddiaçıya və cavabdehə məxsus evlər Elxan Məmmədov küçəsi tərəfdən qonşu evlərdir. Cavabdeh evinin həyətindəki tövlədə iri buynuzlu heyvan saxlayır. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023cü il tarixli 10/3794 nömrəli rəyi ilə cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bəxtiyar Rüstəmov küçəsi, 4) yerləşən fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapının və iddiaçının həyətinə baxan pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-14-49/2-767/2023 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” qaydaları ilə bağlı məsələlərə rəy bildirmək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanun mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat versə də, bu hüququn hüdudsuz olmamasını və onun qanunla müəyyən edilmiş əsaslarla məhdudlaşdırılmasını da nəzərdə tutmuşdur. Əslində, mülkiyyətçinin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnun hədləri onun digər mülkiyyətçilərin də həmin hüquqlarını pozmamasından irəli gələn vəzifəsi ilə məhdudlaşır. Başqa sözlə, mülkiyyətçi qanunla ona verilmiş hüquqlarını həyata keçirərkən digər mülkiyyətçilərin də həmin hüquqlarına hörmət etmək vəzifəsini, onların mülkiyyət hüquqlarını pozduğu halda isə məsuliyyət daşıdığını, konkret olaraq qanunla ona verilmiş hüququnun hüdudsuz olmamasını bilməlidir. Həmçinin, Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.). Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsində qeyd olunmuşdur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərində göstərilir: - 4.1. bəndi - (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. - 4.2. bəndi - Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Mülki işin məhkəmə baxışı zamanı tərəflərin izahatları, yerində müayinə, iş materialları və ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh faktiki istifadəsində olan “B” tikilisinin divarından iddiaçının mülkiyyətində olan evin həyətinə özbaşına pəncərə və eyni zamanda iddiaçının evinin qarşısına qapı açıb. Həmin pəncərədən iddiaçının həyətyanı sahəsini sərbəst müşahidə etmək mümkündür. İddiaçı özbaşına açılmış pəncərəni və qapını öz mülkiyyətindən istifadəyə maneə kimi qiymətləndirərək divarın əvvəlki vəziyyətə gətirilməsini tələb edir. Cavabdeh istifadəsində olan “B” tikilisinin hüquqi statusuna dair, o cümlədən həmin tikilinin divarında pəncərənin və qapının açılmasına icazə verilməsi barədə hər hansı hüquq müəyyənedici sənədi, o cümlədən buna dair səlahiyyətli orqanların lazımi icazəsini təsdiq edən sənədi, tikinti işinin normativ-hüquqi aktlara, normativ-texniki sənədlərə və şəhərsalma qaydalarına əməl olunmaqla aparıldığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus evin həyətinə açılmış pəncərə, o cümlədən qapı sonuncunun mənafelərinə toxunur və onun öz mülkiyyətindən maneəsiz istifadə hüququnun həyata keçirməsinə qonşunun hədsiz təsiri kimi qiymətləndirilməlidir. Bu baxımdan, həmçinin qeyd olunan təsirə səbəb olan pəncərə və qapı özbaşına inşa edildiyindən iddiaçı həmin təsirin qadağan edilməsini və özbaşına aparılmış tikintinin nəticələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia mübahisəli pəncərə və qapının bağlanması hissəsində təmin edilməlidir. İddia tələbində göstərilməsə belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən pəncərə və qapı cavabdehin hesabına bağlanmalıdır və bu iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh sökülməsi tələb edilən pəncərə və qapının iddiaçının evini almasından əvvəl inşa edildiyini, həmçinin iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını iddia etsə də, bu halları təsdiq edən heç bir sübuta istinad etməmişdir. Digər tərəfdən iddiaçının evi alanda artıq sözügedən pəncərə və qapının mövcud vəziyyətdə olması faktı da özü-özlüyündə iddianın həmin hissədə təmin olunmasına maneə kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi, məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Gəncə şəhəri Kəpəz bələdiyyəsinin nümayəndəsi də iddia tələbinin əsaslı olduğunu, sözügedən pəncərə və qapının iddiaçının mənafelərinə toxunduğunu, onun fərdi yaşayış evindən istifadə hüququnun sərbəst həyata keçirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə iddianın “cavabdehin həyətində iri buynuzlu heyvanların saxlanılmasının qarşısının alınması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux X7 Mərkəzi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə görə Gəncə şəhər sakini Cavabdeh Gəncə şəhər Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanında (yeni qaydalarla ünvan 13 həyətyanı sahəsində olan tövləyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus iri buynuzlu mal-qaranın saxlanıldığı həmin fərdi yaşayış evinin həyətində və evin “B” tikilisində heyvanların saxlanılması qaydalarına riayət olunur. Qeyd edilən tikililərin içərisində və çölündə həmin heyvanların tullantılarının (peyinin) təmizliyinə, o cümlədən çıxarılan tullantıların (peyin) cavabdehin həyətinə və “B” tikilisinə yığılması, saxlanması və daşınması qaydalarına davamlı olaraq əməl olunur. Tikililərdən və tullantılardan gələn iyqoxu yol verilən normadan artıq deyil. Həmin iy-qoxu iddiaçının və onun ailəsinin qeyd edilən ünvanda yaşamasına hər hansı maneə və ya narahatçılıq yaratmır, iddiaçının və onun ailəsinin sağlamlığına mənfi təsir etmir. Qeyd edilən “B” tikilisinin daşıyıcı divarında açılmış qapıdan heyvanların aparılıb-gətirilməsi İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsi, 5 saylı evin istismarına, iddiaçının sərbəst istifadə hüququnun həyata keçirilməsinə hər hansı maneə yaratmır. Beləliklə, rəyə görə cavabdehin fərdi yaşayış evinin həyətində iri buynuzlu heyvan saxlaması zootexniki qaydalara uyğundur. Məhkəmə bir daha vurğulayır ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 152.5, 170.2, 171.1 və 171.2-ci maddələrinin mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları” (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1) 4.20-ci bəndinə görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa - 50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin özünə məxsus həyətyanı sahədə iri buynuzlu heyvanlar saxlamasının iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziyan vurduğunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu hissədə iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin heyvanlar saxladığı tikili ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 15 metrdən az olması iş materiallarından müəyyən edilmir. Belə ki, mövcud qanunvericiliyə əsasən bu məsafə 15 metrdən az olmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehə məxsus həyətyanı sahədə iri buynuzlu heyvanların mövcudluğu iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziyan vurmur. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul vəsaiti isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində və istifadəsində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-12, sahə 2 ünvanda (yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bəxtiyar Rüstəmov küçəsi, 4) yerləşən fərdi yaşayış evinin “B” tikilisinin daşıyıcı divarında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Elxan Məmmədov küçəsinə açılmış qapı və İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxan pəncərə bağlansın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1533/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1533/2023
02.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver