Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1535/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vurulmuş zərər hesabına onun xeyrinə 66.905 manat pulun və 300 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X6 övladı X4 ilə aralarında baş vermiş mübahisə nəticəsində yaranmış mülki öhdəliyə görə qisas almaq məqsədilə xx.xx.2022-ci il tarixdə gecə vaxtı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evin içindəki çoxsaylı əşyalarına (bahalı mebellər və elektrik cihazları, paltarlar və s) yandırıb, qəsdən ona ümumi 66.905 manat məbləğində ziyan vurmuşdur. Həmin cinayət əməlinə görə X9 şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(125)-127/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsiprli bilinib, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin işdə zərərçəkən olsa da, məsələni cinayətkara qarşı mülki iddia qaldırmaq üsulu ilə həll etməmişdir. İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, ona 66.905 manat məbləğində maddi ziyanın vurulması cinayət işi üzrə araşdırma aparılan zaman ifadəsində adını sadaladığı əşyaların qəsdən məhv edilməsi ilə təsdiq olunur. İddiaçı iddiasının təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, cavabdehin onun oğlu olduğunu və iddiaçının məhv olduğunu bildirdiyi əşyaların mövcud olmadığını bildirdi. Cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-127/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X6 22 iyun 2021-ci il tarixdə gecə saat 01-02 radələrində üzərində keçmiş arvadı X4 ilə aralarında mülki mübahisə nəticəsində yaranmış mülki öhdəliyə görə X2 qisas almaq məqsədi ilə sonuncunun anası İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən evinə arxa hasardan aşıb həyətinə daxil olub, pilləkənlə mansard hissəsinə çıxıb əvvəlcədən əldə etdiyi əlindəki plastik qabda olan 1 litr benzini evin mansardının girişində olan taxta qapısının üzərinə tökərək üzərində olan alışqanla qəsdən yandırmaqla zərərçəkmiş İddiaçı əmlakını qəsdən məhv etmiş və zədələmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/8475 nömrəli məhkəmə-ekspertizası rəyindən görünür ki, anoloji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 780,00 manat müəyyən olunur. Digər ekspertiza təyini haqqında qərarda göstərilən mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 10/624 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən fəri yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 200,0 manat dəyərində vəsaitin sərf olacağını nəzərə alaraq fərdi yaşayış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27440,0 manat (137,2 x 200) məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmlakına dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməli nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, iddiaçı dəymiş maddi zərərin əvəzini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdehdən tutulacaq zərərin məbləğini araşdıraraq qeyd edir ki, İddiaçı iddia tələbində ona dəymiş maddi zərərin məbləğini 66905 manat olaraq qeyd etsə də, cinayət işi üzrə məhkəmə araşdırması zamanı verilmiş ekspert rəylərinə əsasən fərdi yaşayış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin 27440 manat və iddiaçıya məxsus 2 adda malların ümumi dəyərinin təxminən 780 manat olması müəyyən edilmişdir. Beləliklə, ekspert rəyləri ilə iddiaçıya vurulması müəyyən olunan ziyanın əvəzi qismində (27440+780=28220) 28220 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddia qalan hissədə - (66905-28220=38685) 38685 manat pulun tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ittiham hökmündə qeyd edilən ifadəsində göstərilən və cinayət nəticəsində məhv edildiyini bildirdiyi əşyaların mövcud olduğuna və onların dəyərinə dair hər hansı sübut, beləliklə, 38685 manat zərər dəydiyini təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 174.66 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 28220 (iyirmi səkkiz min iki yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 174 (yüz yetmiş dörd) manat 66 (altmış altı) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1535/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1535/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver