Məhkəmə qərarları › İş №2(125)-1539/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1539/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1539/2022 03.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13342,29 (on üç min üç yüz qırx iki manat iyirmi doqquz qəpik) manat əsas, 1076,74 (bir min yetmiş altı manat yetmiş dörd qəpik) manat faiz, cəmi 14419,03 (on dörd min dörd yüz on doqquz manat üç qəpik) manat borcun tutulması həmçinin ərizəyə görə ödənilmiş 133,66 (yüz otuz üç manat altmış altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 13342,29 (on üç min üç yüz qırx iki manat iyirmi doqquz qəpik) manat, faiz borcu 1076,74 (bir min yetmiş altı manat yetmiş dörd qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da, cavabdehin, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və hesablanmış faiz borcu 14419,03 (on dörd min dörd yüz on doqquz manat üç qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, bu səbəbdən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 36 (otuz altı) ay müddətinə, bank borcluya illik 17 faiz olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi üzrə İddiaçı ASC-yə 13342,29 (on üç min üç yüz qırx iki manat iyirmi doqquz qəpik) manat əsas, 1076,74 (bir min yetmiş altı manat yetmiş dörd qəpik) manat faiz, cəmi 14419,03 (on dörd min dörd yüz on doqquz manat üç qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi ləğv edilməli, 13342,29 (on üç min üç yüz qırx iki manat iyirmi doqquz qəpik) manat məbləğində əsas və 1076,74 (bir min yetmiş altı manat yetmiş dörd qəpik) manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 133,66 (yüz otuz üç manat altmış altı qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 13342,29 (on üç min üç yüz qırx iki manat iyirmi doqquz qəpik) manat əsas borc və 1076,74 (bir min yetmiş altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 14419,03 (on dörd min dörd yüz on doqquz manat üç qəpik) manat borc pul və məhkəmə xərci qismində ödənilmiş 133,66 (yüz otuz üç manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar