Məhkəmə qərarları › İş №2(125)-1541/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1541/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1541/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4317,77 manat əsas, 539,16 manat faiz, 189,92 manat cərimə olmaqla, cəmi 5046,85 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70,87 manat məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılıb iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat, 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olıımuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 4317,77 manat əsas, 539,16 manat faiz, 189,92 manat cərimə olmaqla, cəmi 5046,85 manat borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Hissə-hissə ödəmək imkanı vardır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştiraklərı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik maksimum 32% olmaqla, 300000 manat məbləğində kredit xətti ayrılmış, kreditin verilməsi həmin müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılması ilə şərtləndirilmişdir. xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh1 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 4317,77 manat əsas borcu qalmış, 539,16 manat faiz və 189,92 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin faiz və cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, faiz və cərimə hissədə iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş verərək müqavilə üzrə vaxtı çatmamış borcun bütövlükdə geri qaytarılmasını tələb etməklə müqaviləni ləğv etməsinə baxmayaraq müqavilə ləğv olunduqdan sonra da faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü l tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda qeyd olunur ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb edə bilməz. Odur ki, iddiaçı həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tələb olunan 189,92 manat cərimə məbləği azaldılaraq 9,92 manat həddində müəyyən edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2245micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 4317,77 manat əsas, 181,20 manat faiz, 9,92 manat cərimə olmaqla, cəmi 4508,89 manat alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 65,08 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli, 2245micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsi üzrə 4317,77 manat əsas, 181,20 manat faiz, 9,92 manat cərimə olmaqla, cəmi 4508,89 (dörd min beş yüz səkkiz manat 89 qəpik) manat pul, 65,08 manat dövlət rüsumu alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar