Məhkəmə qərarları › İş №2(125)-1550/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1550/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1550/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1590 manat pulun və 36 manat dövlət rüsumunun, cəmi 1626 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, elektriklə işləyən məişət avadanlıqları satmaqla kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Cavabdeh ilə aralarında olan 14 aprel 2022-ci il tarixli nisyə satış müqaviləsinə əsasən 1 ədəd Smart markalı televizoru 590 manata və LG markalı 7 kq-lıq yuma qabiliyyətinə malik paltaryuyan maşını isə 1250 manata satmışdır. Hər iki məhsulla bağlı bir müqavilə tərtib olunaraq cavabdehin borcu ona 1840 manat təşkil etmdişdir. Cavabdeh ilkin ödəniş olaraq hər iki məhsul üçün 250 manat ödəniş etmişdir. Qalıq borcu isə 1590 manat təşkil etmişdir. Həmin borcu cavabdeh 6 ay ərizndə qaytarmalı idi. Razılaşmaya əsasən 5 ay 250 manat olmaqla sonuncu ay isə 340 manat olmaqla cavabdeh hər ay ödəniş etməli idi. Lakin cavabdeh qalıq borcundan artıq birinci ayı bitməsinə baxmayaraq ödəniş etməmişdir. Cavabdehin ona cəmi 1590 manat borcu yaranmışdır. Cavabdehdən borcunu ödəməyi tələb etsə də, buna heç bir məhəl qoymamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli müqavilədən məlum olur ki, Cavabdeh iddiaçıdan 250 manat ilkin ödəniş etməklə “Smart” markalı televizor və “LG” markalı paltaryuyan maşın almış, ödənişi 05 ay ərzində, hər ay 250 manat olmaqla və bir ay 340 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olmaqla sahibkar kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək “Smart” markalı televizoru 480 manata və “Samsung” markalı paltaryuyanı 930 manata aldığını, iki məhsulun ümumi dəyərindən 250 manat ödədiyini, nəğd olaraq başqa ödəniş etmədiyini, iddiaçıya borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 1840 manat olan “Smart” markalı televizora və “LG” markalı paltaryuyan maşına görə 250 manat ilkin ödəniş etməklə 05 ay ərzində, hər ay 250 manat olmaqla və bir ay 340 manat ödəmək öhdəliyi daşımış, lakin öhdəliyi lazımınca və vaxtında yerinə yetirməmiş, cəmi 250 manat məbləğində ilkin ödəniş etmiş, 1590 manat məbləğində borcu qalmışdır. Öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, cavabdeh hazırkı iş üzrə iddiaçıdan televizor və paltaryuyayn maşın satın aldığını və ümumi dəyərindən 250 manat ilkin ödəniş etdiyini etiraf etmişdir. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh 1590 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1590 (min beş yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xədicə Səfərli AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ___________ Ünvan: Gəncə şəhəri Vəli Xuluflu küçəsi 11 Əlaqə telefonu: (022) 265-02-55 № 2(043)-677/2021 09 aprel 2021-ci il İddiaçı Ünvan: Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bül-bül küçəsi, ev 57 X1 Ünvan: Gəncə şəhəri, Natəvan qəsəbəsi, Natəvan küçəsi, ev 15 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-677/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin surəti sizə göndərilir. Qoşma: qətnamənin surəti 01 vərəq, 01 nüsxə. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar