Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1569/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus **-ES- *** qeydiyyat nişanlı “Opel” markalı avtomobilin istifadəsində olduğu müddətdə avtomobildən qanunvericiliyə uyğun olaraq istifadə etmədiyi üçün yaranmış cərimələr olaraq cəmi 3272.6 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya görə cavabdeh ona məxsus olan **-ES-*** qeydiyyat nişanlı “Opel” markalı avtomobildən istifadəyə görə ona hər gün 20 manat pul ödəməli idi. Bu barədə aralarında xx.xx.2022-ci il tarixdə razılaşma olmuşdur. Həmin vaxtdan cavabdeh avtomobildən ona verdiyi etibarnamə əsasında istifadə etməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh nəinki avtomobilini yüksək sürətlə və eytiyatsız sürdüyünə görə əsaslı şəkildə köhnəltmişdir, hətta sürət həddini tez-tez aşdığına görə və eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü, 346.1-ci, 327.1-ci, 327.2-ci, 327.4-cü, 329.1-ci, 328.2-ci, 339.1-339.1-1-ci və 332.3-cü maddələrinin tələblərini dəfələrlə pozması nəticəsində cərimələr yığılmış və heç bir cəriməni ödəmədiyi üçün əlavə dəbbə pulları ilə birlikdə 3272,60 manat cərimə yığılmışdır. Nəticədə, ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobilim həbsdən çıxarılması üçün 3272,60 manat pul ödənilməlidir. O, cavabdehdən həmin məbləğdə pulu ödəməsini tələb etməyinə baxmayaraq cavabdeh həmin ziyanı ödəməkdən imtina etmişdir. O, təqaüdçüdür, heç bir yerdə işləmir, ağır ürək xəstəliyi var və 2 dəfə ürək əməliyyatı keçirmişdir, şəkər xəstəsidir. Onun maddi imkanı həmin məbləği ödəməyə yol vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirdi ki, Muraz adlı tanıdığı bir nəfər ona kreditlə maşın satan tanışının olduğunu demiş və maşının yanına gedib İddiaçılə söhbət etmişdir. O, 30 ay müddətinə, günlük 20 manatdan qalmaq şərti ilə Firuddin ilə danışıq etməyini istəmişdir. Zahid adlı bir nəfər gəlib polis olduğunu, maşının ona aid olduğunu və atasının adına aldığını söyləmişdir. Sonra razılaşaraq xx.xx.2022-ci il tarixində ona idarə etmək üçün etibarnamə vermişlər. Başqa heç bir müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixində Əli və Hikmət adlı qardaşlar Zahidin oğlu olduqlarını bildirib ona təcili görüş təklif etmişlər. O, Əli və Hikmətlə görüşən zaman onlar söhbətə hədə qorxu ilə başlamışlar. Əli və Hikmət özlərini cinayət axdarış polisi kimi təqdim edərək ona maşını özləri ilə birlikdə ustalarına yoxlatmağı məcbur edərək, maşına aid olan lazımi detallarını satışını edib və maşını neçə dəfə vurduğunu söylədilər. O, hamısının yalan olduğunu, ən təcrübəli ustalara apardığını, maşında hər şeyin yerində sağlam olduğunu bildirmişdir. Əli ona təhqir edici sözlərlə “sənə maşını vermirəm” demişdir. Öz maşınları ilə onu Gəncə Şəhər Baş Polis İdarəsinin qarşısına gətirib Qara adlı bir nəfərlə Bakı şəhərindən narkotik gətirdiyini və otağa qalxdıqda boynuna alacağını, “Cənab General bizim sözümüzü təsdiqləyəcək, sən kimsən ki” söyləmişlər. O, Əli və Hikmətə maşının həbsdə olduğunu və onların dediyi vaxtda maşının sürülmədiyini bildirsə də, maşını ondan almışlar. Onlara ödədiyi 6300 manatı geri vermələrini dedikdə, onu tutacaqlarını bildirmişlər. Etibarnamə son dəfə ona verildiyi üçün özləri dəfələrlə qayda pozduqları cərimələr də ona göndərilmişdir. Onun ödədiyi pulun heçə sayıldığını və cərimələrini ödəməyini istəmişlər. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ES-*** dövlət qeydiyyat nömrəli, “Opel Astra” markalı minik avtomobili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan çıxarışlardan görünür ki, **-ES-*** dövlət qeydiyyat nömrəli avtomobilin istifadəsi zamanı törədilmiş inzibati xətalara görə Cavabdeh barəsində dəbbə ilə birlikdə xx.xx.2023-cü ildə 16 manat, xx.xx.2023-cü ildə 32 manat, xx.xx.2023-cü ildə 22.6 manat, xx.xx.2023-cü ildə 480 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 32 manat, xx.xx.2023-cü ildə 16 manat, xx.xx.2023-cü ildə 16 manat, xx.xx.2023-cü ildə 16 manat, xx.xx.2023-cü ildə 64 manat, xx.xx.2023-cü ildə 80 manat, xx.xx.2022-ci ildə 64 manat, xx.xx.2023-cü ildə 480 manat, xx.xx.2023-cü ildə 113 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2022-ci ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat, xx.xx.2023-cü ildə 96 manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (1108.2). Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir (1108.3). Mülki Məcəlləyə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar birbiri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir (509). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir (25.8). İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır (122.2). Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cavabdehin istifadəsində olmuş və iddiaçı həmin dövrdə törədilmiş inzibati xətalara görə cavabdeh barəsində inzibati tənbeh tədbiri qismində tətbiq edilmiş cərimələrin ümumi məbləğinin tutulmasını xahiş etmişdir. Lakin iddiaçı dövlət büdcəsinə ödənilməli olan həmin pul məbləğlərinin tutulmasını tələb etmək üçün subyektiv hüquqa malik olmasını, həmin cərimələrin iddiaçı tərəfindən ödənilməsini və reqres hüquq əsasında tələb irəli sürüldüyünü təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1569/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1569/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver