Məhkəmə qərarları › İş №2(125)-157/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-157/2025

23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-157/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7020 manat pulun, 500 manat vəkil xidmət haqqının və 90 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə Şəmkir şəhərində qeydiyyatda olmaqla yaşayır. “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixli, AB N 418436 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında onun mülkiyyətindədir. Ona məxsus “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu X1 etibarnamə əsasında idarə etmişdir. X4 16 mart 2023-cü ildə Gəncə şəhərində təhsil alan qızını Şəmkir şəhərində yerləşən evinə aparmaq üçün qeyd edilən avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Volkswagen Polo” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 80-90 km/saat sürətlə idarə edərkən hərəkətdə olduğu sürətlə qəflətən sağ tərəfdə olan torpaq ehtiyat hissənin üzərinə çıxmış, daha sonra isə həmin sürətlə sağ ehtiyat hissənin üzərindən sola yönəlib X4in idarə etdiyi avtomobilin qarşısına çıxaraq, “Volkswagen Polo” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə X4in idarə etdiyi avtomobilin ön sağ hissəsindən vurmuşdur. Hadisə nəticəsində X4, avtomobildə olan digər sərnişinlər xəsarət almışlar, həmçinin ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 263-1.1-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)- 276/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş maddi zərərin məbləği mütəxəssis rəyi ilə 12020 manat məbləğində müəyyən edilmişdir. Onun avtomobilinə dəymiş maddi zərərdən 5000 manat məbləğində pul sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Lakin, qalan 7020 manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ona ödənilməmişdir. O, dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh maddi imkanının olmadığını bildirərək, ona dəymiş maddi ziyanın qalan hissəsini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğə heç bir etirazları yoxdur. 5000 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Hazırda isə qalan məbləğin ödənilməsini tələb edirlər. İddianın ekspert rəyində göstərilmiş məbləğdə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" şirkəti dəymiş ziyanın tam olaraq iddiaçıya ödənildiyini bildirmişdir. Belə olan halda cavabdeh yalnız subroqasiya qaydasında "xxxx" şirkətinə pul ödəməlidir. Qəzadan sonra iddiaçıya 9000 manata yaxın pul ödənilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-276/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə 01 gün tutulması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq 5700 manat cərimə cəzası saxlanılmışdır. AB 418436 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, “Hyundai Santafe” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, qəzaya uğramış “Hyundai Santafe” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilə 12020 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/812 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı “X5” minik markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9671 manat məbləğində müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-870/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 115 manat, cəmi 9615 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********/640453777 nömrəli ödəniş tapşırığı üzrə PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə hesaba 5000 manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Şəmkir rayon Vəkil Bürosunun hesabına vəkil xidmət haqqı olaraq 500 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı avtomobilə zərər dəymiş, dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərin qalan hissəsini aradan qaldırmadığı üçün iddiaçı qalan məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 manat pul və hüquqi yardıma görə ödənilmiş 500 manat xərc alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 66,71 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 (dörd min altı yüz yetmiş bir) manat pul, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc və 66,71 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar