Məhkəmə qərarları › İş №2(125)-1576/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1576/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1576/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat pulun və ödənilmiş 65,60 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manatın, həmçinin etibarnaməyə görə ödədiyi 17,25 manat rüsumun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında 2023-cü ilin aprel-may aylarında üç ədəd “əlyazma”dan ibarət sənəd tərtib edilməklə sadə yazılı “borc müqaviləsi” bağlanmışdır. Razılığa görə, cavabdeh iddiaçıdan ayrılıqda 4000 manat və 500 manat olmaqla, cəmi 4500 manat məbləğində borc almış, borcunu 1 aya yəni, xx.xx.2023-cü il tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun tanışıdır, pula ehtiyacı olduğunu bildirib ondan 4000 manat pul istəmiş və 1 aya qaytaracağını bildirmişdir. İddiaçı da ona inanıb xx.xx.2023-cü il tarixdə həmin məbləğdə pulu ona vermişdir. Cavabdeh zəmanət olaraq özünün və həyat yoldaşının əmək haqqı kartlarını ona vermişdir. Bir ay keçdikdən sonra cavabdeh ona demişdir ki, “bankdan pul götürüb, sənin pulunu qaytarmaq istəyirəm, amma banka 500 manat ödəniş etmək lazımdır, mənə 500 manat ver, pulunun hamısını bankdan alıb qaytarım”. O yenə də xx.xx.2023-cü il tarixdə 500 manat pulu cavabdehə vermişdir ki, birdəfəlik pulunu ödəsin. Lakin, bundan sonra dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmiş, daha sonra isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmiş, əmək haqqı kartlarını da bağlatdırmışlar. Cavabdeh ondan 4000 manat və bundan sonra 500 manat pul alması barədə öz xətti ilə iltizam yazıb vermişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh ona olan ümumi 4500 manat borcundan 327 manatını qaytarmışdır, lakin 9 aydır ki, cavabdeh qalan borcunu ödəməkdən yayınaraq onu aldadır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahında qeyd etmişdir ki, yoldaşı qazidir, onun pensiya kartını, həmçinin özünəməxsus əmək haqqı kartını iddiaçıya verərək iltizama qol çəkməklə əvvəlcə 4000 manat, daha sonra isə 500 manat borca pul götürmüşdür. Bundan sonra işdən çıxdığı üçün borcunu ödəyə bilməmişdir. Həmin borcundan cəmi 327 manat ödəniş etmişdir. Bununla belə, cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “borc müqaviləsi” adlanan xx.xx.2023-cü il tarixli, eləcə də 2023-cü ilin may ayında ona əlavə olan sadə yazılı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə aralarında müqavilə ilə öhdəliyin yaranmasını, ümumilikdə cavabdehə 4500 manat məbləğində borc verməsini sübuta yetirmişdir. Bu hal işin materialları ilə yanaşı cavabdeh tərəfindən də təsdiq edilmişdir. Belə ki, cavabdeh fasiləsiz audio-video yazısı aparılmış məhkəmə iclasında iştirak edərək aralarında iddiaçıdan ayrılıqda 4000 manat və 500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində borc alması barədə həmin tarixli sadə yazılı müqavilənin olmasını və həmin borcdan cəmi 327 manat məbləğdə borcunu iddiaçıya qaytardığını bildirmişdir. İddiaçı da sözügedən məhkəmə iclasında cavabdehin borcundan 327 manat qaytardığını təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən qeyd edilən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia qismən təmin edilməli, 4173 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının izahatından və iş materiallarına əlavə etdiyi qəbzdən görünür ki, iddiaçı hüquqi xidmət üçün Gəncə şəhəri 1 saylı Vəkil bürosuna 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində vəkilə çəkilən xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 61,73 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Bununla belə, etibarnamə üçün 17,25 manat dövlət rüsumu ödənilməsini təkzib edən hal hazırkı işin materiallarından müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq etibarnamənin notarial qaydada təsdiqi üçün iddiaçı tərəfindən çəkilmiş 17,25 manat xərcin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4173 (dörd min bir yüz yetmiş üç) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 61,73 (altmış bir manat yetmiş üç qəpik) manat və etibarnamənin notarial qaydada təsdiqi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar