Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1590/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı keyfiyyətsiz xidmətlə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı keyfiyyətsiz xidmətlə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərməklə ona vurulmuş zərərin əvəzi olaraq 1900 (bir min doqquz yüz) manat pulun və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 39 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə əvvəldən tanıdığı Fuad adlı şəxsə 28-30 kv.m-lik ayna qapı sifarişi vermişdir. Cavabdeh tam keyfiyyətli iş görəcəyinə və 15 gün ərzində işi təhvil verəcəyinə söz vermiş və işin müqabilində 1850 manat xidmət haqqı istəmişdir. Bu şərtlərə razılaşmışlar. Lakin pəncərini cavabdeh 35 gün sonra gətirib quraşdırmışdır. Yenə də, tam 4 quraşdırmanı həyata keçirməmişdir. İddiaçı ondan xahiş etmişdir ki, başı qarışıqdır, atası ölüm ayağındadır, vaxtında pəncərəni quraşdırsın. O, ayna-qapını quraşdırandan sonra iddiaçı görmüşdür ki, ayna-qapı danışdıqları keyfiyyətdə deyil və pulunu qaytarmasını, ayna-qapını götürüb aparmasını tələb etmişdir. Lakin cavabdeh tələbi qəbul etməmişdir. Hətta cavabdeh heç quraşdırmanı da, tam həyata keçirməmişdir. Bu səbəblə iddiaçı daha sonra cavabdeh tərəfindən quraşdırılmamış iki ayna və torları quraşdirmış, bunun üçün əlavə 50 manat xərc çəkmişdir. Beləliklə, 8 ay keçməsinə baxmayaraq cavabdeh tələbinə əməl etmir, gördüyü keyfiyyətsiz xidmətlə iddiaçıya vurduğu zərərin əvəzini ödəmək istəmir, onun istehlakçı hüquqlarını pozmaqda davam edir. Odur ki, cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərməklə ona vurulmuş zərərin əvəzi olaraq 1900 (bir min doqquz yüz) manat pulun və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 39 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi haqda qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən iddiaçının sifarişi əsasında mübahisəli evdə qapı-pəncərə quraşdırmışdır. Lakin icra etdiyi sifarişin keyfiyyətsiz olması ilə razı deyil. Əgər iddiaçı ona müraciət etsəydi, o, bütün çatışmazlıqları aradan qaldırardı. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Мəcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Мəcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Мəcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Мəcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İş materiallarında iddiaçının məmulatın qüsuruna görə müqavilənin əlavə icrası üçün müddət müəyyənləşdirilməsinə dair sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. İddiaçı ilk növbədə məmulatın qüsuruna görə müqavilənin əlavə icrası üçün müddət müəyyənləşdirilməli, cavabdeh imtina edildikdə isə müvafiq məhkəməyə müraciət etməli idi. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı keyfiyyətsiz xidmətlə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı keyfiyyətsiz xidmətlə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1590/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1590/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver