Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1593/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 5775 (beş min yeddi yüz yetmiş beş) manat pulun və ödənilmiş 77 (yetmiş yeddi) manat rüsumun müştərək qaydada alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 öldüyü üçün onun cavabdeh qismindən çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib izahatında göstərdi ki, mərhum Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan Gəncə şəhərində yerləşən həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsini 11500 ( on bir min beş yüz) manata onlara satmaları ilə bağlı razılığa gəlmişlər. Pulun 10000 (on min) manatını nəğd olaraq vermişlər, 1500 (min beş yüz) manatını isə 31 may 2022-ci ildə verməyə razılaşmışlar. Bu barədə öz aralarında müqavilə tərtib etmiş və imzalamışlar. Lakin aralarında olan razılaşma alınmamışdır, yəni torpaq alqı-satqıları baş tutmamışdır. Pullarını cavabdehlərdən geri istəmişlər. Lakin çox çətinliklə də olsa cavabdehlərdən pulun 4225 (dörd min iki yüz iyirmi beş) manat hissəsini almışlar. Qalan 5775 (beş min yeddi yüz yetmiş beş) manat hissəsini ala bilməmişlər. Mərhum Cavabdeh1 sağlığında onlara 5775 ( beş min yeddi yüz yetmiş beş) manat borclu olmaları ilə bağlı müqavilənamə yazıb vermişdir. Eyni zamanda mərhum Cavabdeh1 borcu yaxın müddətdə evini satıb pullarını verəcəyini bildirmişdir. Pulu vaxtında qaytarmadıqları üçün cavabdehlərdən verdikləri pulu istəmişlər. Lakin hal-hazıradək Cavabdeh2 onların pulunu qaytarmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiklərini və iddianın təmin olunmasına etirazları olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Əlyazma müqavilədən görünür ki, Cavabdeh2 0,02 ha torpaq sahəsini İddiaçı1 11500 manata satmağa razılığa gəlmişlər, pulun 10000 manat hissəsi ödənmiş yerdə qalan 1500 manat hissəsinin isə xx.xx.2022-ci il tarixində veriləcəyi ilə bağlı razılığa gəlmişlər. Borcun etiraf barədə qəbzdən görünür ki, cavabdeh tərəf iddiaçılara 5775 manat borcu qaldıqlarını etiraf etmişlər. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçılardın 0,02 ha torpaq sahəsinə görə 10000 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı satqı müqaviləsi baş tutmadığından iddiaçılar cavabdehə verdikləri pulu geri tələb etmişlər. Pulun 4225 (dörd min iki yüz iyirmi beş) manat hissəsini almışlar. Yerdə qalan 5775 (beş min yeddi yüz yetmiş beş) manat pulu cavabdeh qaytarmadığı üçün iddiaçılar hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında torpağın alqı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında torpağın alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçılar tərəfindən 10000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla və özünün etirafı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçılar tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehə 1000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq cavabdehdən 5775 (beş min yeddi yüz yetmiş beş) manat pul alınaraq iddiaçıların xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh2 5775,00 (beş min yeddi yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(125)-1593/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1593/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver