Məhkəmə qərarları › İş №2(125)-1598/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1598/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1598/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1130 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə bir neçə dəfə nisyə mal satmışdır. Cavabdeh aldığı malın pulunu vaxtında ödədiyi üçün etibarını qazanmışdır. 2021-ci ilin fevral-mart aylarında cavabdeh ondan bir ədədinin qiyməti 620 manat olan 3 ədəd mobil telefon almış və pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh ondan aldığı cəmi dəyəri 1860 manat olan telefonların pulundan 730 manatını ödəmiş, lakin qalan 1130 manatı ödəmir. Hər dəfə bir bəhanə ilə telefonun pulundan qalmış borcu verməkdən yayınır. Bu səbəbdən də cavabdehdən ona verdiyi telefonların pulunu məhkəmə qaydasında almağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1). Hazırkı iş üzər iddiaçı nisyə alqı-satqı müqaviləsinə cavabdehdən pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı tələbinin tam və ya qismən əsaslılığını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsaslanaraq, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığından, həmin Məcəllənin 76.2-ci maddəsində sadalanan əlavə sübutlar təqdim etməyi iddiaçıya təklif etmişdir. Qeyd edilənlərə əsasən, əsaslılığı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar