Məhkəmə qərarları › İş №2(125)-1606/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1606/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1606/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi və təhsili üçün 150 manat məbləğində əlavə xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı il tarixində faktiki olaraq ailə qurmuş, xx.xx.2007-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da məhkəmənin xx.xx.2009-cu il tarixli 2(043)-981/2009 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və uşağın saxlanılması üçün 50 (əlli) manat aliment müəyyən edilmişdir. Daha sonra alimentin artırılması barədə yenidən məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(043)-1239/2020 saylı qətnaməsinə əsasən azyaşlı uşağın saxlanılması üçün alimentin məbləğinin qismən artırılmışdır. Cavabdeh aylıq gəlirinə nisbətən daha az aliment ödəyir. Azyaşlı övladının müxtəlif ağır xəstəlikləri var. 2015-ci ildə qarın yırtığı olduğu üçün cərrahiyə əməliyyatı olunmuşdur. Uşağın mədə və bağırsağında göbələk xəstəliyi, skleroz xəstəliyin nəticəsində ağ ciyərində və ürəyində sıxılma var, beyin daxil təzyiq, gözündə çəplik və sinir xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir ki uşağın vəziyyəti daha da pisləşir. Uşağın mədə və bağırsağında olan göbələk xəstəliyi çox gec sağalan xəstəliklər kateqoriyasına aiddir. Həmin xəstəliyi müalicə etmək üçün mütəmadi və davamlı olaraq müayinə və müalicə olunmaq zəruridir. Qızında olan dağınıq skleroz sklerozdan tam sağalmanı təmin etmir. Uşağın xəstəlikləri artdıqca ağ ciyərində və ürəyində sıxılmalar artır, bu da nəticədə etibari ilə qızının sinir sisteminin daha da gərginləşməsinə səbəb olur. Həmçinin, ifrat rütubətdən Fatimənin daxili orqanları kəskin soyuqlamışdır. Bunun nəticəsində uşağın sağ yumurtalığı çıxarılmışdır. Əgər müalicə olunmasa onun vəziyyəti daha da pisləşəcəkdir. Əlavə olaraq qızının sol yumurtalığında da problem var. Övladının gələcəyi üçün onun müalicəsi mütləq vacibdir. Eyni zamanda uşağın çənə əyriliyi olduğundan əməliyyat edilməli və əməliyyat üçün 1500 manat pul tələb olunur. Bundan başqa uşağa çənə breketi tələb olunur. Cavabdeh toy məclislərində və şənliklərdə qarmon və sintezator musiqi alətlərini ifa edir. Həmçinin, tamadalıq və müğənniliklə məşğuldur. Bundan əlavə şagirdlərə qarmon və sintezator musiqi alətindən dərs deyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, onun maddi imkanı çox pisdir, cavabdehin isə maddi imkanı yaxşıdır. O, Fatimənin xəstəliyi və ona daima qulluq etməli olduğuna görə və eləcə də öz səhhətindəki problemlərlə bağlı heç bir yerdə işləyə bilmir. Qızının xəstəlikləri ilə bağlı həkimlərə gedir, dərmanlar alır. Qızının müalicəsi üçün ona Bakı şəhərində yerləşən xəstəxanalara göndəriş verilsə də maddi imkansızlıqdan qızını Bakıya apara bilmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun özünün də səhhətində problemlər vardır, müayinə və müalicəyə ehtiyacı vardır, lakin maddi imkansızlıqdan müalicə ala bilmir. Həmçinin, ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı vardır. O, həftədə bir dəfə, ayda 3 və ya 4 dəfə olmaqla məclislərdə musiqiçi kimi iştirak edir və bir dəfə iştirakı üçün 30-45 manat pul qazana bilir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Hazırda aliment və əlavə xərc ilə birlikdə maksimum 220 manat ödəyə bilər. Bundan artıq ödəməyə maddi imkanı yetərli deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 may 2007-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 sentyabr 2010-cu il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1239/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(043)-4678/2015 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsi ilə hər ay sabit pul məbləğində müalicə xərci kimi tutulan pulun miqdarının artırılması, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və onun müalicəsi üçün əlavə xərc kimi hər ay sabit pul məbləğində 40 (qırx) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X1 Filialının 26 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X6 tam bronxit, xroniki tonzillit diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 5 saylı Poliklinikadan verilmiş 11 fevral 2020-ci il tarixli arayışdan görünür ki, X2 yumurtalıqda polikistoz, skalioz, sol dirsək sümüyünün bitişmiş sınığı, nevroz, kataral apendisit, sağ yumurtalığın əməliyyat diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X14 Uşaq Xəstəxanasının 07 mart 2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2023-cü il tarixdə həmin xəstəxananın cərrahiyə şöbəsinə “skalioz” diaqnozu ilə ambulator müraciət etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 19 noyabr 2010-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Bağırova Rüqəyyanın və xx.xx.2013-cü il təvəllüdlü Bağırov Hüseynin ataları Cavabdeh, anaları Bağırova Firuzədir. İş materiallarına əlavə olunmuş mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, iddiaçı 50 manat, cavabdeh 10 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməmişdir. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq o, uşağının saxlanılması və maddi təminatı üçün məsuliyyət daşıyır. Eləcə də uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə tutulan məbləğin artırılması hissəsində məhkəmə qeyd edir ki, əlavə xərclərin miqdarı barədə iddiaçı tərəfindən konkret sübutlar təqdim olunmasa da təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, tərəflərin nikahından doğulmuş uşağa tam bronxit, xroniki tonzillit, sol yumurtalıqda polikistoz, skalioz, nevroz, kataral apendisit, mədə-bağırsaq və s. xəstəlikləri diaqnozu qoyulmuş, davamlı həkim müayinəsi və müalicəsinə ehtiyac vardır. Eyni zamanda bu xəstəliklərin müalicəsi üçün dərmanların alınması, uşağın həkimə aparılması-gətirilməsi xərcləri də çəkilməli olan zəruri xərclərdir. Yuxarıda da qeyd edildiyi kimi ötən dövr ərzində qiymətlərdə baş vermiş dəyişiklik uşağa mütəmadi göstərilməli olan tibbi xidmətlərin, dərmanların, nəqliyyat xərclərinin artmasına da gətirib çıxarır. Belə olan halda cavabdehdən əlavə xərclərə görə hər ay tutulan 40 manat pulla qeyd edilən xərclərin qarşılanması mümkün olmayacaqdır. Odur ki, məhkəmə cavabdehdən əlavə xərclərə görə tutulan pulun miqdarının artırılaraq 60 manat müəyyən edilməsi qənaətinə gəlir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İlkin mediasiya prosesində 50 manat iddiaçı tərəfindən, 10 manat isə cavabdeh tərəfindən ödənilmişdir. Ümumi xərc 60 manat olduğundan həmin məbləğ tərəflər arasında bərabər bölünməli, cavabdehin ödədiyi məbləğ nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1239/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin və əlavə xərcin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 190 (bir yüz doxsan) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərə görə Cavabdeh sabit pul məbləği ilə hər ay 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Artırılmış miqdarda aliment və əlavə xərc qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar