Məhkəmə qərarları › İş №2(125)-1646/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1646/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1646/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları və ya onların dəyəri» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları və ya onların dəyəri» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl-zinət əşyalarının və ya onların dəyərindən 1000 manat çıxılmaqla qalıq 4150 (dörd min yüz əlli) manatın ona qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi və cavabdehdən mənəvi zərər olaraq 3000 (üç min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər sakini Cavabdeh bacısı X3 məxsus 5150 (beş min yüz əlli) manat dəyərində olan aşağıdakı siyahıda adı qeyd edilən qızıl-zinət əşyalarını xx.xx.2023-cü ildə götürmüşdür. Qızılların dəyərini 2 ay müddətində ödəyəcəyinə söz vermişdir. Lakin, vaxtında ödəməmişdir. Cavabdehdən pulu tələb etdikdə xx.xx.2023-cü il tarixdə 2 (iki) həftə müddətində ödəyəcəyini öz öhdəsinə götürmüş və bu barədən öz xətti ilə yazılmış qəbzi ona vermişdir: 1. Sırğa sallama 585 əyyar – 1000 manat, 2. Sırğa 585 əyyar – 385 manat, 3. Sırğa 585 əyyar – 450 manat, 4. Qolbağ 750 əyyar – 360 manat, 5. Qolbağ 750 əyyar – 920 manat, 6. Kolye 750 əyyar – 1130 manat, 7. Sep 585 əyyar – 555 manat, 8. Üzük 585 əyyar- 150 manat, 9. Üzük 585 əyyar – 200 manat. Qeyd edilən vaxtdan artıq kifayət qədər vaxt keçmiş və o, dəfələrlə Ruxsarəyə qızıl-zinət əşyalarının dəyərini və ya malların özlərini verməsini istəsə də, ona yalnız 1000 (bir min) manat ödəniş edib, qalan məbləği qısa müddət ərzində ödəyəcəyini bildirsə də, son vaxtlar ümumiyyətlə ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ondan nisyə qaydada 5150 manat dəyərində olan qızıl-zinət əşyalarını almış, həmin məbləğdən 1000 manat ödəmişdir. Cavabdehin ona qızıl-zinət əşyalarının dəyərindən 4150 manat borcu qalmışdır. Dəfələrlə, cavabdehdən sözügedən məbləği qaytarmasını tələb etsə də, cavabdeh qalıq qalan məbləği ona ödəmir və ödəməkdən imtina edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 29 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, “....mən Cavabdeh İddiaçı, dəyəri 5150 manat (beş min beş yüz əlli manat) olan qızıl əşyası götürüb və pulunu 2 həftə ərzində qaytarmağa söz vermişəm. Bu ifadəm 3 (üç) il ərzində öz əksini tapır. Yazdığım ifadəmi öz imzam ilə təsdiq edirəm.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 14 avqust 2023-cü il tarixli, 3-13-57-2/27-217xx/xx/2023 nömrəli məktubunda Gəncə şəhəri, H.Əliyev prospekti, bina 37, mənzil 6-da yaşayan İddiaçı bildirilmişdir ki, araşdırma zamanı onun müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah olunmaqla, toplanmış material 2-ci PŞ-nin dəftərxanasında işə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 03 noyabr 2023-cü il tarixli, Z-308xx/xx/2023-2 nömrəli məktubunda Gəncə şəhəri, H.Əliyev prospekti, bina 37, mənzil 6-da yaşayan İddiaçı bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, onun müraciəti mülki xarakterli olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. Toplanmış material 2-ci Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 5150 manat dəyərində olan qızıl-zinət əşyalarını şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh satsa da, cavabdeh iddiaçıya sözügedən qızıl-zinət əşyalarının dəyərindən 1000 manat ödəmiş, qızıl-zinət əşyalarının dəyərindən qalıq qalan 4150 manatı isə halhazıradək ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi formada nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 5150 manat dəyərində qızıl-zinət əşyasını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə bugünədək qızıl-zinət əşyalarının dəyərindən 1000 manat ödəniş etsə də, qalıq qalmış 4150 manat məbləği iddiaçıya ödəməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi yalnız qızıl-zinət əşyalarının dəyərindən qalıq qalan 4150 manat məbləğində pulun cavabdehdən alınaraq, iddiaçıya verilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının digər bir iddia tələbi olan mənəvi zərər olaraq 3000 (üç min) manatın cavabdehdən alınaraq, ona verilməsi hissəsinə qiymət verərək, qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona 3000 manat məbləğində mənəvi zərər vurulması, ümumiyyətlə mənəvi zərər vurulması barədə hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmiş və məhkəmə iclasında da bu hal öz təsdiqini tapmamışdır. İddiaçının məhz buna görə də cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi mənəvi zərərə aid hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia qismən təmin olunmalı, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları və ya onların dəyəri» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh nisyə qaydada satılmış qızıl-zinət əşyalarının dəyərindən qalıq qalan 4150 (dörd min yüz əlli) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu cavabdehə aid edilməli və həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh nisyə qaydada satılmış qızıl-zinət əşyalarının dəyərindən qalıq qalan 4150 (dörd min yüz əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar