Məhkəmə qərarları › İş №2(125)-1660/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1660/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1660/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14 iyul 2021-ci il tarixli müqavilə üzrə 1077,82 manat əsas,118,32 manat faiz borcu və 29,90 manat cərimə olmaqla, ümumilikdə 1226,04 manat borcun və ödənilmiş 32,26 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 24,3 faizlə 36 ay müddətinə 1500 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 yanvar 2023-cü il tarixədək Cavabdeh banka 1077,82 manat əsas borc, 118,32 manat faiz borcu və 59,8 manat cərimə olmaqla, ümumilikdə 1255,94 manat borcu vardır. Cavabdeh 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 59,8 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 29,90 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən tərəfindən borcalana 36 ay müddətinə, illik 24,3 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Ödəniş qaydası annuitet, aylıq ödəniş məbləği 59,08 manat, cərimə məbləği illik 180 faiz müəyyən edilmişdir. xx.xx.2023-cü il tarxli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə əsas borcdan 422,18 manat ödəmiş, 352,41 manat faiz ödəmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmiş, müqavilə üzrə 1077,82 manat əsas borc, 118,32 manat faiz borcu, 29,90 manat cərimə borcu vardır. İddiaçı ASC tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İddiaçı ilə cavabdeh arasında faizlər ödəmək və bir il ərzində hissə-hissə qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmış, iddiaçı 1500 manat pulu cavabdehə borc kimi vermiş, cavabdeh isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmiş, öhdəliyi tam və vaxtında icra etməmişdir. İddiaçı kredit müqaviləsi üzrə qalıq əsas borcun bütövlükdə və hesablanmış faiz borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə qalıq əsas borcun bütövlükdə tutulması hissəsində tələbi əsaslı hesab etmir. Müqavilə şərtlərinə görə cavabdeh aldığı pulu hər ay faizləri ilə birlikdə ümumilikdə 59,08 manat olmaqla hissə-hissə qaytarmaq öhdəliyi daşıyır. Yəni hər ayın 14-ü tarixində cavabdehin öhdəliyin müəyyən hissəsini icra etmək vəzifəsi yaranır. Ümumi qayda olaraq kreditor vaxtı çatmamış öhdəliyin icrasını tələb edə bilməz. Bundan istisna tərəflərin müqavilə ilə razılaşdırdıqları hallar və ya qanunla müəyyən edilmiş hallar ola bilər. Tərəflərin razılaşmasında iddiaçının ödənişlərin gecikdirildiyi və ya digər halda qalıq borcun vaxtından əvvəl bütünlüklə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmamışdır. Borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün digər əsas kimi Mülki Məcəllənin 743-cü maddəsi ilə nəzərdə tutulmuş hal çıxış edə bilərdi. Lakin iddiaçı bu halın baş verməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı yalnız vaxtı çatmış öhdəliyin icrasını tələb edə bilər. Ödəniş qrafiki və maliyyə arayışını müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə etdiyi ödənişlə həmin tarixə vaxtı çatmış əsas və faiz borclarını ödəmişdir. Həmin tarixdə əsas borcun qalığı 1077,82 manat olmuşdur. Hazırda isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər altı ay üçün cavabdehin vaxtı çatmış və ödənilməmiş əsas borcunun miqdarı 277,24 manat təşkil edir. Ona görə də məhkəmə iddiaçının əsas borc üzrə tələbini 277,24 manat pulun tutulması hissəsində əsaslı hesab edir. Cavabdehin əsas borcunun qalığı dəyişmədiyindən onun vaxtı çatmış və icra edilməmiş faiz borcu eyni dövr üçün 1077,82 manatın illik 24,3 faizinin hər aya düşən hissəsi olan 21,83 manatın altı aylıq cəmi, yəni 130,98 manat təşkil edir. İddiaçı iddia ərizəsində faiz borcu qismində 118,32 manat tələb etdiyindən faiz borcu tələb həcmində təmin edilməlidir. İddiaçının tələb etdiyi 29,90 manat dəbbə pulu məbləği müqavilə şərtlərinə və gecikdirilmiş borcun miqdarına uyğun olduğundan dəbbə pulu tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 32,26 manat dövlət rüsumundan ibarətdir. İddianın 35 faizi təmin edilmişdir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 11,30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-222, 284-6 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 277,24 manat əsas borc, 118,32 manat faiz borcu, 29,90 manat dəbbə pulu olmaqla, cəmi 425,46 manat (dörd yüz iyirmi beş manat, 46 qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11,30 manat (on bir manat, otuz qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar