Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1662/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “KZS Elektroniks” mağazasından aldığı “LG” markalı soyuducunun, qalıq məbləği olan 1300 (min üç yüz) manatın və ödənilmiş 33 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağaza işlədir. Həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alğı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin götürəcəyi malın ödənişini hissəhissə ilə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2022-ci il tarixdə mağazaya yaxınlaşaraq bir ədəd “LG” markalı soyuducunun dəyəri 1500 (min beş yüz) manat olmaqla, bu məbləği 15 (on beş) ay, ayda 100 (bir yüz) manat ödəmək şərti ilə öhdəliyinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən öhdəliyinə götürdüyü borcun bu günə kimi yalnız 200 (iki yüz) manatını ödəmişdir. Aylıq ödənişlərinə öhdəliyinə götürdüyü kimi riayət etməmişdir. Cavabdehlə aralarında bağladığı müqaviləyə, əsasən, 3 (üç) ay müddətində aylıq ödənişlərə riayət etmədiyi halda mağazanın müqaviləni birtərəfli olaraq pozub alıcını məhkəməyə vermək hüququ vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir, maddi imkanı olmadığından ödəniş etməkdə çətinlik çəkir, lakin həmin pulu tam şəkildə ödəyəcək. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti ümumilikdə 1500 (min beş yüz) manat olan məhsulu (“LG” markalı soyuducu) 15 ay müddətinə hissə-hissə ödəmək şərtilə almışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyalar üçün hər ay 100 manat ödəməlidir. Cavabdeh hər dəfə ödəniş etdikdə ödənişin məbləği barədə ödəniş cədvəlində qeydiyyat aparılmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, ödəmişdir, onun ödənilməmiş qalıq borcu 1300 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər iddiaçı ilə cavabdeh arasında mal satışına dair nisyə alğı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və elektrik avadanlığını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə satdığı əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 1300 (min üç yüz) manat borc pul və məhkəmə xərci qismində 33 (otuz üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat pul və məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 (otuz üç) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1662/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1662/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver