Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1663/2024 13.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1579/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən 26 oktyabr 2006-cı il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək ödənilməsi nəzərdə tutulmuş aliment miqdarında dəyişiklik etməklə, cavabdehdən uşağa hər ay sabit pul məbləğində 235 manat, illik təhsil haqqı 500 manat və uşağın müalicəsi üçün dərmanların alınması ilə əlaqədar olaraq birdəfəlik əlavə kimi 1800 manat ödəncin, 55 manat mediasiya xərcinin və digər xərc – poçt zərfləri üçün ödəniş etdiyi 2 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin birgə nikahından iki uşaq - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuşdur, X5 yetkinlik yaşına çatmışdır, yetkinlik yaşına çatmayan digər uşaq - Leyla isə hazırda iddiaçı ilə birlikdə yaşayır. İş materiallarında olan AZ-İ seriyalı, 082471 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat şöbəsi tərəfindən ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 114 nömrəli akt qeydi aparılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1579/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(043)-688/2019 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X5 və 26 oktyabr 2006-cı il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması, Rəmziyyə və Leylanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Rəmziyyə və Leylanın xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 434,42 (dörd yüz otuz dörd manat qırx iki qəpik) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə 04 iyun 2004-cü il tarixdə evlənib nikahlarını rəsmləşdirmişlər. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli (iş №2-1117/2007) qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə cavabdehdən 26 iyul 2005-ci il və 26 oktyabr 2006-cı ildə anadan olmuş qızları - X5 və X1 üçün onun xeyrinə hər uşağa ayda 40 manat olmaqla aliment təyin edilmişdir. Sonradan onun müraciəti əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 dekabr 2009-cu il tarixli (iş №2(043)-1577/2009) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 50 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Bir müddət sonra müraciəti əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli (iş №2(043)-l832/2011) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 60 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Təkrar yenə müraciəti əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli (iş №2(043)-2039/2014) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 90 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Növbəti müraciəti əsasında isə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli (iş №2(043)-688/2019) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 140 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonuncu dəfə müraciəti əsasında isə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli (iş №2(043)-1579/2022) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qızı X3 Dövlət Regional Kollecə gedərək hər gün 2 nəqliyyat vasitəsi dəyişir və gündəlik 3 manat xərcləyir, bu isə ayda təxminən 100 manata qədər pul edir. Qızı Leylanın səhhətində tez-tez problem olur. Leylanı daim həkim nəzarətində saxlayaraq, müntəzəm olaraq müalicə kursları keçirir. Buna isə təbii ki, vəsait tələb olunur. Hazırda qızı "revmatizmadan", bədən zəifliyindən, habelə bədənində infeksiya-qurd aşkar olunduğundan tez-tez əziyyət çəkir. Hesab edir ki, bir ata kimi, cavabdeh uşağının müalicəsinə çəkdiyi əlavə xərclərdə iştirak etməlidir. Həmçinin qızı Leyla 2023-cü ildə X12 Kollecə ödənişli təhsilə qəbul olunub. Cavabdeh bir ata kimi övladının illik 500 manat təhsil haqqısı olmaqla, hər il təhsil haqqını da ödəməyə borcludur, ancaq buna baxmayaraq bütün təhsil ödənişini o tək ana kimi kredit götürüb çox böyük maddi çətinliklə ödəmişdir. Qızı yuxarıda qeyd olunan xəstəliklərdən əziyyət çəkir. Dediklərinə əyani-sübut olaraq əczaxanalardan aldığı dərmanların çekini siyahısı ilə birlikdə saxlamışdır. Qeyd etmək istəyir ki, o, maddi cəhətdən çox çətinlik çəkir və bir neçə il ərzində qızının sağlamlığını bərpa etmək üçün bir neçə dəfə bankdan pul götürmüşdür. Bugünkü dövrdə də bazar münasibətilə ölkədə qiymətlərin bir neçə dəfə artması müşahidə edilir. Ancaq heç bir vaxt cavabdeh tərəfindən qızının ödənişli müalicəsi, yaşaması, təhsili üçün köməklik görməmişdir. O, tək ana kimi qızını müalicə etməyə və həmçinin ona əyin baş almağa imkanı çatmır. Hesab edir ki, cavabdeh neçə illərdir çəkdiyi xərcdən bir qisminə - 1800 manat həcmində əlavə xərclərə cəlb edilməlidir. Həmçinin, hazırda yaşayış minimumu artmışdır. 2024-cü ilin yanvarından bir uşağın aylıq yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Ona görə də cavabdehdən alınan alimentin miqdarı artırılmalıdır. Hesab edir ki, cavabdehin kifayət qədər qazancının olması, himayəsində olan uşağın müalicəyə ehtiyacının olması, onun yaxşı qidalanması, habelə uşağın 500 manat illik təhsil haqqının olması nəzərə alınmalıdır. Cavabdeh məhkəməyə poçt vasitəsilə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, aliment və digər xərcləri daimi iş yeri və gəliri olmadığından vaxtında ödəyə bilmir, dəfələrlə İcra və Probasiya şöbəsi ilə münaqişəli vəziyyətə düşmüşdür, sonuncu dəfə icra sənədlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Samux Rayon Məhkəməsində 3(058)-132/2023 nömrəli iş açılmış, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı ilə hərəkətlərində inzibati xəta tərkibi olmadığından (ödəmə imkanlarının aşağı olması) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı yaxşı bilir ki, o heç bir yerdə işləmir, stabil gəliri yoxdur, artırılacaq ödənişləri vaxtında ödəyə bilməyəcək. İddiaçı onun barəsində məhkəmə qərarlarını icra etmədiyinə görə cinayət və ya inzibati cəza təyin edilməsini istəyir. Daimi iş yeri və qazancı yoxdur, maddi vəziyyəti çox pisdir, torpaq sahəsi, yardımçı təsərrüfatı yoxdur, ailəlidir, daha iki oğlu var. Oğlunun biri 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 80 manat Prezident təqaüdü alır, bir yerdə yaşayırlar. Ara işi olanda və aldığı təqaüdlə alimenti zorla ödəyir. Hazırda alimentdən 480 manat borcu yaranıb, ilk yaxın zamanda onu ödəyəcək. İddiaçı Gəncə Elm Mərkəzində işləyir, aylıq bəlli maaşı var. Mülkiyyətində və istifafədəsində fərdi yaşayış evi və mənzil var. İddiaçının məqsədi qızı üçün əlavə vəsait almaq yox, ödəmək qabiliyyətinin aşağı olmasını sübut etməklə ona mənəvi işgəncə verməkdir. Ona görə də məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, hər il cavabdehə dəfələrlə demişdir ki, Leylanın müalicəsi üçün dərman pulu versin, neçə ildir ki, qızı Leyla müalicə olunur. Bazar qiymətləri ilə əlaqədar çətinlik çəkir, qızı Leylanın yol pulu üçün ayda təkcə 150 manat xərc çəkir, hazırda ata evində yaşayır, cavabdeh neçə illərdir ki, heç bir köməklik etmir, uşaqların qayğısına qalmır, həmçinin uşaqların hazırlıqları üçün də xeyli xərci yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin qismən təmin edilməsini xahiş edərək qeyd etdi ki, alimentin qismən artırılmasına razıdır, lakin iddia tələbinə qalan hissədə etiraz edir. Həmçinin, yaxınlarda 400 manat aliment vermişdir, heç bir yerdə işləyə bilmir, maddi cəhətdən imkanı yoxdur, ən çoxu 190 manat aliment ödəyə bilər, daha iki oğlu var, bir oğlu hərbçidir. İddiaçı ilə 2007-ci ildən ayrılmışlar, iddiaçı uşaqları ilə görüşünə mane olur, sonuncu dəfə isə uşağını təxminən 4-5 ay bundan qabaq görmüşdür. Leylada heç bir xəstəlik yoxdur, özü uşağını aparıb müayinə etdirmək istəsə də iddiaçı buna şərait yaratmır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment müəyyən edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2022-ci il üçün bu məbləğ 193 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, Leyla adlı uşağının saxlanılması üçün əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, sözügedən alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1-ci maddə). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2-ci maddə). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3-cü maddə). İş materiallarına əlavə edilmiş, birgə nikahdan olan Leylanın 2018-ci ildə X13 Mərkəzində müayinə olunmasını təsdiq edən 1 ədəd CD diskində olan məlumatdan, digər müayinə sənədlərindən, reseptlərin və qəbzlərin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşağı Leyla “revmatizma” xəstəliyindən əziyyət çəkir, həmçinin bədən zəifliyi ilə yanaşı Leylanın bədənində “infeksiya-qurd” xəstəliyi aşkar olunur. Bunlarla əlaqədar Leyla bir sıra tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, ona həmin müayinə və müalicələrlə bağlı müxtəlif dərman preaparatları yazılmış və iddiaçı tərəfindən alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi müvafiq qəbzlərdə həmin xərclərin toplusu 901,72 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi digər sənədlərdə göstərilən məbləğlər biri-digərini təkrar edən məbləğlərdir. Cavabdeh tərəf bu halları təkzib edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş uşağı Leylanın müayinə və müalicəsi üçün vəsait xərclənməsi məhkəməyə təqdim edilmiş sənədlərlə qismən, yəni 901,72 manat hissədə öz təsdiqini tapmışdır. Buna görə də cavabdeh həmin məbləğdə müalicə xərcinin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə, tərəflərin hər ikisinin valideyn kimi uşağını saxlamaq vəzifəsini əsas gətirərək əlavə xərc qismində birdəfəlik 450,86 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Bundan başqa, iş materiallarında olan Gəncə Dövlət Universitetinin X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/120 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 həqiqətən DİM-in 14/Q saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Gəncə Dövlət Universitetinin X6 “Fiziki tərbiyə müəllimliyi” ixtisasına əyani (ödənişli əsaslarla) qəbul olmuş və hal-hazırda həmin ixtisasın İİ kursunda təhsil alır. Həmçinin, iş materiallarına Leyla Hümbətovanın təhsili ilə əlaqədar "xxxx" MMC-yə 200 manat ödəniş edilməsi barədə xx.xx.2022-ci il tarixli ödəniş qəbzi əlavə edilmişdir. İddiaçı ödədiyi həmin təhsil haqqına cavabdehin də cəlb edilməsini tələb edir. Məhkəmə hesab edir ki, Gəncə Dövlət Universitetinin X6 “Fiziki tərbiyə müəllimliyi” ixtisasının İİ kursunda (əyani, ödənişli əsaslarla) təhsil alan Leyla Hümbətovanın təhsil haqqına cavabdehin də cəlb edilməsi hissəsində iddia tələbi əsassızdır. Ailə Məcəlləsinin 58.5-ci maddəsinə görə valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə əlaqədar olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının cavabdehdən məhz uşağın ümumi orta təhsili başa vurduqdan sonrakı təhsil xərclərinin ödənilməsi ilə əlaqədar aliment təyin olunmasını tələb etdiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, bu xərclərin cavabehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından Leyla Hümbətovanın həmin təhsil haqqına cavabdehin də cəlb edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması müəyyən edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi, habelə məhkəmə xərcinə daxil olan 02 manat məbləğində poçt xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1579/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılsın və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 450,86 (dörd yüz əlli manat səksən altı qəpik) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin əvəzi kimi 52 (əlli iki) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1663/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1663/2024
13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver