Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1673/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3400 (üç min dörd yüz) manat pulun və onun yarım illik faizi olan 85 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh onun ev tikdirmək üçün torpaq sahəsi axtarmasını eşidib aldatmaq niyyəti ilə ona Gəncə şəhəri, Gülüstan qəsəbəsində 4 sot satılıq torpaq olmasını bidirərək həmin torpaq sahəsini ona göstərmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehlə sövdələşib torpaq sahəsini almaq üçün ilkin olaraq ondan torpağın mülkiyyət sənədinin alınması məqsədi ilə 2500 manat, bir müddət sonra həmin məbləğin az olmasını bildirərək 1500 manat almışdır. Həmin məsələ uzandığından cavabdehdən şübhələnib, torpaqda tikinti başlamaq istədiyini bildirmişdir. Elə həmin vaxt torpaq sahəsinin başqa şəxsə satıldığını öyrənmişdir. O, cavabdeh tərəfdən dələduzluq yolu ilə aldatıldığını öyrənərək polisə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmiş, məsələnin mülki xarakterli olduğu bildirilmişdir. Cavabdeh polisdə verdiyi izahatında bildirmişdir ki, guya onlar torpağın qiymətini 10000 manata danışmışlar, notariat vasitəsi ilə ona 2500 manat ödəmiş yerdə qalan 7500 manatı isə verməmişdir. Cavabdehdən icazəsiz tikinti işləri apardığı üçün cavabdeh ona 600 manat pulu qaytramışdr. Belə ki, cavabdeh ilk öncə 2500 manat pul aldığını, daha sonra isə 600 manat pulu qaytardıqdan sonra 3400 manat qaldığını polisdə verdiyi izahatında etiraf etmişdir. Aralarında olan razılaşmaya əsasən ilkin olaraq 4000 manat pulu vermişdir ki, torpağın çıxarışı alınsın, sonra alqı-satqı etsinlər. Cavabdehdən şikayətçi olduqdan sonra 4000 manat puldan 600 manatını ödəmişdir. Daha sonra isə heç bir ödəniş etməmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikaəti əsasındı cinayət işinin başlanılması rədd edilmiş və sonuncuya mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında Pərvizdən aldığı pulun 600 manatını qaytardığını, 3400 manat borclu olduğu pulu qısa müddət ərzində Pərvizə qaytaracağını bildirmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tərəflər ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin satılması ilə bağlı razılığa gəlmişlər. Torpağın qiyməti 10000 manat müəyyən edilmiş, İddiaçı 2500 manat pulu sənədləşmə üçün ödəmiş yerdə qalan 7500 manat pul isə alqı-satqı zamanı ödənlicəyi ilə bağlı razılıq əldə etmişlər. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 400 kv/m torpaq sahəsinə görə ilkin olaraq 4000 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı-satqı müqaviləsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, cavabdeh isə aldığı pulun 600 manatını qaytararaq qalan 3400 manat pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 2021-ci il tarixdə torpağın alqı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında torpağın alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 4000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehə 4000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin 85 manat yarım illik faizin ödənilməsinə gəldikdə isə iddiaçı həmin məbləğdə faizin nədən ibarət olması və onun hansı qaydada hesablanmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3400 (üç min dörd yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 54 (əlli dörd) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Cavabdeh 3400 (üç min dörd yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilməmiş 54 (əlli dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(125)-1673/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1673/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver