Məhkəmə qərarları › İş №2(125)-168/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-168/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-168/2024 24.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurduqları maddi ziyanın əvəzi qismində 12.196 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. 2022-ci ilin yaz aylarında o, Cavabdeh1 ilə həmin evin fasat suvağı və fasat daşlarının vurulması ilə bağlı razılığa gəlmişdir. Onunla Cavabdeh1 arasındakı razılaşmaya görə Cavabdeh1 859 kv/m sahəyə fasat suvağını hər kvadrat metri 2 manatdan hesablanmaqla, 659 kv/m sahəyə isə fasat daşlarını hər kvadrat metri 3 manatdan hesablanmaqla vurmağı öhdəsinə götürmüşdür. Bununla bağlı o, ilk öncə 165 manat dəyərində cavabdehlərə istifadə etmək üçün alətlər almışdır. Həmin şəxslər işə başladıqdan 3 gün sonra cavabdehlər ondan 700 manat pul almışlar. O, ümumilikdə usta və fəhlələrə 4.482 manat məbləğində pul vəsaiti vermişdir. Həmin pulun 300 manatı məbləğində hissəsini Cavabdeh1 sözləri əsasında Cavabdeh4, 200 manat məbləğində hissəsini isə Cavabdeh5 vermişdir. Digər 3.982 manat məbləğində pulu isə fasad suvağın və fasad daşın vurulması üçün Cavabdeh1 vermişdir. Bütün işlərin görülməsini və evin təhvil verilməsini Cavabdeh1 və Cavabdeh3 öz üzərlərinə götürmüşlər. Cavabdeh1 onunla Cavabdeh3 tanış etmiş, sonradan Cavabdeh1 Cavabdeh3 iş tapdığı üçün 100 manat pul verdiyi məlum olmuşdur. Cavabdeh3 təxminən 1 ay işlədikdən sonra əldə edilən qazanca şərik olduğu üçün Ə.R.Yusifov Cavabdeh3 uzaqlaşdırmışdır. Cavabdehlər bir müddət işlədikdən sonra bildirmişdirlər ki, başqa yerdə iş var, gedib orada 3-5 gün işləyib yenidən qayıdacaqlar. Lakin daha sonra onunla əlaqə saxlayıb bildirmişlər ki, orada işləmək cavabdehlərə sərf etmir və onun pulunu geri qaytaracaqlar. Bundan başqa cavabdehlər fasat suvağını və fasat daşını düzgün vurmamış, nəticədə fasatda gözəçarpacaq dərəcədə əyriliklər və çökəkliklər yaranmışdır. Həmçinin təmir üçün alınmış mal-material uzun müddət istifadə edilmədiyi üçün nəm çəkərək yararsız hala düşmüşdür. Beləliklə cavabdehlərin təqsiri üzündən ona məxsus evin üzərinin müəyyən hissəsinə fasat suvaq və daş vurulmamış, vurulan fasat suvaq və daş isə düzgün vurulmamış, bununla yanaşı bəzi inşaat materialları uzun müddət istifadə olunmadığı üçün yararsız hala düşmüşdür. Qeyd olunan səbəblərdən ona ümumlikdə 12.169 manat dəyərində maddi ziyan dəymişdir. Cavabdehlərlə dəfələrlə əlaqə saxlamağa, yarımçıq qoyduqları işi tamamlamağa və evdə olan qüsurların aradan qaldırılmaqlarına dair çalışsalar da bu mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2023-cü ilin yaz aylarında İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində fasad işlərinin görülməsi ilə əlaqədar razılığa gəlmişdir. Qeyd olunan fasad işlərini usta kimi o, yerinə yetirməli, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun nəzarəti altında fəhlə işlərini icra etməli idi. Görülmüş işlərə görə məsuliyyəti o, daşımış, onun məlumatı və icazəsi olmadan digər şəxslərə ödənişlər edilməmişdir. Hətta həmin şəxsləri işləmək üçün o, şəxsən özü dəvət etmiş, ondan başqa şəxsin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 görülən işə görə irad bildirmək səlahiyyəti olmamışdır. O, İddiaçı ilə aralarında olan müqavilə əsasında fasad suvağı və fasad daşları vurmuş, bütün işləri lazımi qaydada yerinə yetirmişdir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, İddiaçı mülkiyyətində olan evin təmiri zamanı Cavabdeh1 dəvəti və sonuncunun nəzarəti altında günəmuzd fəhlə işlərini yerinə yetirmişdir. Həmin tikintidə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da qısa müddətlərdə günəmuzd fəhlə kimi işləmişdir. O, hər hansı usta işi görməmiş, yalnız əhəmiyyət kəsb etməyən və fiziki güclə əlaqədar olan işləri icra etmişdir. Sonda Cavabdeh5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, cavabdehlər Cavabdeh1 və Cavabdeh5, şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. Buna görə də o tez-tez ünvan 2 ünvanında yerləşən evə gedibgəlmiş, oradakı təmir-tikinti işlərindən xəbərdar olmuşdur. Buna görə də qeyd olunan ünvanda təmir-tikinti işlərində ustanın Cavabdeh1 olduğunu, digər şəxlsərin isə günəmuzd fəhlə kimi işlədiklərini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun arvadıdır və ünvan 2 ünvanında yaşayır. Həmin evin təmirinə İddiaçı nəzarət etmiş, Cavabdeh1 ilə işlərin görülməsinə dair müqaviləni İddiaçı bağlamışdır. Sonradan Cavabdeh1 müqavilə üzrə işlərin görülməsi üçün Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 güzəmuzd fəhlə kimi dəvət etmişdir. Cavabdeh1 onlarla Cavabdeh3 tanış etmiş, Cavabdeh3 özü də bir neçə gün Cavabdeh1 nəzarəti altında işlədikdən sonra oradan uzaqlaşmışdır. Cavabdeh1 evin təmiri ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********05-10301 reyestr nömrəli elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0081 ha olan torpaq sahəsi və ümumi sahəsi 48,9 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8276 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən 133B nömrəli fərdi yaşayış evinin fasad divarına vurulmuş sement məhlulunun hamarlanmadığını, bəzək daşlarının (kabançik) simmetrik vurulmadığını nəzərə alaraq, aparılmış təmir işlərində qüsur olduğu və həmin işlərin «C.Q.Abbasov Tikinti işlərinin əsasları» kitabının X4, İnşaat Texnologiyaları, 3.9 Bəzək İşləri bölməsinin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. İddiaçı məxsus olan və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən 133B nömrəli fərdi yaşayış evinin fasadında aparılmış təmir işlərində qüsurların olduğu müşahidə olunmuşdur. Mövcud olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. İddiaçı məxsus olan və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən 133B nömrəli fərdi yaşayış evinin fasad işlərinin yarımçıq vəziyyətdə təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 8.702 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 arasında 2022-ci ilin yaz ayında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasad suvağının və fasad daşının vurulmasını, eləcə də digər işlərin icrasını öhdəsinə götürmüşdür. Qeyd olunan podrat müqaviləsi üzrə Cavabdeh1 görülmüş işləri qüsurla icra etmiş və İddiaçı tələblərinə baxmayaraq, qüsurların aradan qaldırılmasını təmin etməmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə işlərin qüsurla yerinə yetirilməsi ilə əlaqədar İddiaçı 8.702 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanm və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1 və 763.2-ci maddələrinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldırıla bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 764.1 və 764.2-ci maddələrinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurduqları maddi ziyanın əvəzi qismində 12.196 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, podrat müqaviləsi İddiaçı və Cavabdeh1 arasında bağlanmış, podratçı qismində Cavabdeh1 işlərin qüsursuz icrası öhdəliyini daşımış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8276 nömrəli rəyi ilə vurulmuş zərərin məbləğinin 8.702 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 podrat müqaviləsi ilə əlaqədar xərclərin əvəzi qismində 8.702 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməli, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 107 manat 02 qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 podrat müqaviləsi ilə əlaqədar xərclərin əvəzi qismində 8.702 (səkkiz min yeddi yüz iki) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 107 (bir yüz yeddi) manat 02 (iki) qəpik, cəmi 8.809 (səkkiz min səkkiz yüz doqquz) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar