Məhkəmə qərarları › İş №2(125)-1683/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1683/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1683/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı Mamedova İlkhamanın (X1) iştirakı ilə, iddiaçı Mamedova İlkhamanın (X1) Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Mamedova İlkhama (X6) Cavabdeh qarşı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərci qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Mamedova İlkhama (X6) iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahından xx.xx.2008-ci ildə Fərhad və xx.xx.2010-cu il tarixdə Sərxan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah pozulmuşdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə qida məhsullarının və gündəlik tələbat mallarının qiyməti artdığına görə, həmin aliment məbləği uşaqların tələbatını ödəməyə kifayət etmir. O isə təyin olunan aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini o, valideyinlərin maddi yardımı hesabına çətinliklə ödəyir. Buna görə də o, həmin uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh rəsmi iş yeri vardır və aylıq 346 manat əmək haqqı almaqla yanaşı, fərdi əməklə də məşğul olur. Digər tərəfdən Cavabdeh himayəsində sonrakı nikahdan 2 uşağın olması, Cavabdeh maddi vəziyyətinin kifayət qədər yaxşı olduğunu göstərir. Belə ki, Cavabdeh maddi vəziyyəti pis olsa idi, 2-ci dəfə nikaha girməz və həmin nikahdan da 2 uşağı doğulmazdı. Buna baxmayaraq, Cavabdeh aliment ödənişindən başqa uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. X12 (X6) iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, ondan Mamedova İlkhama (X1) xeyrinə hər ay Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat aliment tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə o, yenidən ailə qurmuşdur. Həmin nikahdan da onun iki uşağı anadan olmuşdur. O, özü X15 Teatrında sahə maşinisti kimi çalışır və 346 manat əmək haqqı alır. Qeyd olunan əmək haqqının 220 manat məbləğində hissəsini isə iddiaçıya aliment olaraq ödəyir. Halbuki, X10 Federassiyasında satıcı işləməklə yanaşı, uşaqlara görə dövlətdən kifayət qədər yaxşı müavinət alır. O isə yalnız bazar günləri iş olan zaman günü 10 manata usta yanında fəhləliklə məşğul olur. Hazırda himayəsində arvadı və daha iki övladı vardır. O, ailəsinin maddi təminatlarını valideyinlərinin və bacısının maddi yardımı ilə çətinliklə ödəyir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə də o, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinə razı deyildir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 939/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 verilməlidir. İş materiallarında olan İİ-ИB seriyalı 711132 nömrəli və 864544 nömrəli doğum haqqında şəhdətnamələrin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X8 atası Cavabdeh, anası isə X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153-cü maddəsinə görə valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ataananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə görə Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Həmin Məcəllənin 447-ci maddəsinə görə şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Mamedova İlkhama (X1) Rusiya Federasiyası, Cavabdeh isə Azərbaycan Respublikası vətəndaşıdır və mübahisə uşaqların saxlanması üçün aliment tələbi ilə əlaqədardır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda işə baxan Azərbaycan Respublikası məhkəməsi beynəlxalq səlahiyyətə malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci ildə yaşayış minimumu haqqında» xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, uşaqların böyüdükcə tələbatlarının artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi ikinci dəfə nikaha girməsi, həmin nikahdan uşağının doğulması və himayəsində əlillik dərəcəsi olan valideynlərinin olması ilə əlaqədar alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hallar iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusatlar, eləcə də digər nikahdan 2 uşağının doğulması onun Mamedova İlkhama (X6) ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-939/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb Mamedova İlkhamaya (X3) verilməsi qət edilmiş alimentin məbləği 2021ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 175 manat məbləğində pul vəsaitinin 62,86 faizi həddində, yəni 110 manat olmuş, 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 60 manat məbləğində artaraq, 2024-cü ildə 235 manat müəyyən edilmişdir və 235 manat məbləğində pul vəsaitinin 62,86 faiz hissəsi 147 manat 21 qəpik təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Mamedova İlkhamanın (X1) iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(104)-939/2021 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 13 dekabr 2008-ci il tarixdə anadan olmuş X2 və 28 sentyabr 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Mamedova İlkhamanın (X1) xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mamedova İlkhamanın (X1) iddiası qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh Mamedova İlkhamanın (X1) xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar