Məhkəmə qərarları › İş №2(125)-1688/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1688/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1688/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5711 manat əsas, 506,59 manat faiz, 38,85 manat cərimə məbləği olmaqla, cəmi 6256,44 manat borcun, 0,40 manat bank xidməti haqqının və dövlət rüsumu olaraq ödənilmiş 82,57 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixədək illik 18% ödəmək şərti ilə 5711 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 27 oktyabr 2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 5711 manat əsas, 506,59 manat faiz, 38,85 manat cərimə məbləği olmaqla, cəmi 6256,44 manat borcu yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 227nkKPZ/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank xx.xx.2025-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 5711 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 faiz, maksimum 40 faiz təşkil edir. Kreditin məqsədli təyinatı: xx.xx.2021-ci il tarixli 39sSLYb/21 nömrəli müqavilənin bağlanılması, məbləğ 734,21 manat, xx.xx.2021-ci il tarixli 1165nkSLYb/21 nömrəli müqavilənin bağlanılması, məbləğ 4976,66 manat. Müqavilənin 2.7.1-ci bəndinə əsasən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda borcverən müqaviləyə birtərəfli qaydada xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 2.8-ci bəndinə əsasən borcalan kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik qırx faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Müqaviləyə 1 saylı əlavə olan və tərəflərin razılaşdırdığı ödəniş qrafikinə əsasən borclu alınmış krediti və ona hesablanmış faizləri hər ay 199 manat olmaqla hissə-hissə qaytarmalıdır. Kredit müqaviləsi üzrə 01 mart 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə bir dəfə - xx.xx.2022-ci il tarixdə 173 manat ödəniş etmişdir. Həmin puldan 144,53 manat faiz ödənişinə, 15,60 manat və 12,87 manat vaxtı keçmiş kredit üzrə cərimə faizlərinə silinmişdir. 27 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 227nkKPZ/22 saylı kredit müqaviləsi üzrə 5711 manat əsas borc, 506,59 manat faiz borcu və 38,85 manat cərimə olmaqla, cəmi 6256,44 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında kredit müqaviləsi bağlanmış və iddiaçı cavabdehə üç il ərzində qaytarmaq şərtilə illik 18 faiz dərəcəsi ilə, 5711 manat pul borc vermişdir. Cavabdeh öhdəliyini icra etməmiş, nəticədə cavabdehin 5711 manat əsas borc, 506,59 manat faiz borcu və 38,85 manat dəbbə pulu borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və qeyd edilən məbləğlərin ödənilməsini tələb etməsi əsaslıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 227nkKPZ/22 saylı kredit müqaviləsi üzrə 5711 manat əsas borc, 506,59 manat faiz borcu və 38,85 manat dəbbə pulu olmaqla, cəmi 6256,44 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərcləri iddiaçının iddia ərizəsini məhkəməyə verməsi üçün ödəmiş olduğu 54,63 manat dövlət rüsumundan və 0,40 manat bank xidmət haqqından ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 manat bank xidmət haqqı və 82,57 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 227nkKPZ/22 saylı kredit müqaviləsi üzrə 5711 manat əsas və 506,59 manat faiz borcu, 38,85 manat dəbbə pulu olmaqla, cəmi 6256,44 manat (altı min iki yüz əlli altı manat qırx dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 82,97 manat (səksən iki manat doxsan yeddi qəpik) pul tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar