Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-169/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzili su basması nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdehin evindən suyun daman yerlərinin cavabdehin vəsaiti hesabına bağlanması tələbinə dair iddiası üzrə işə açıq məhkəmədə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evindən daman su nəticəsində onun evinə dəymiş ziyan kimi 3000 manat pulun, dövlət rüsumu kimi ödədiyi 50 manat pulun tutulub ona ödənilməsi və cavabdehin evindən suyun daman yerlərinin cavabdehin vəsaiti hesabına bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin evindən daman su ilə bağlı ona məxsus evin koridoru, mətbəxi və qonaq otağının tavan və divarları yararsız hala düşmüşdür. Onun evinə ən azından 3000 manat dəyərində ziyan dəymişdir. O, cavabdehdən evinə su daman yerləri təmir etdirməsini xahiş etsə də, faydası olmamışdır. Ona görə də, məhkəmə qaydasında onun evinə dəyən ziyan kimi 3000 manat pul, dövlət rüsumu kimi ödədiyi 50 manat cavabdehdən tutulub ona ödənilməli, həmçinin cavabdehin evindən ona məxsus evə daman su cavabdehin hesabına təmir etdirilməklə aradan qaldırılmalıdır. Cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz verərərk göstərmişdir ki, o, dəfələrlə iddiaçıya da bildirmişdir ki, onun mənzilinə axan suyun səbəbi onun özünün mənzilində olan əsas borunun tutulmasıdır. Həmin boru 30 ilin çuqun borusudur. Təbii ki, borunun istismar müddəti artıq bitmişdir. Bu səbəbdən də həmin borunun tez-tez tutulması halları baş verir ki, bunun da nəticəsində turbada yığılan çirkab sular onların mənzilindən çıxır, mətbəxi və hamamı həmin çirkab sularla dolur. Nəticədə də həmin sular onun mənzilinin döşəməsinə hoparaq alt mərtəbəyə, yəni iddiaçının özünün mənzilinə tökülür. Bütün bunları iddiaçı çox gözəl bildiyi halda əsassız olaraq onu guya onun mənzilinə su axıtmaqda günahlandırır. Qeyd etdiyi hallar baş verəndə o, hər dəfə məcbur olub 20 manat, bəzən də artıq pul xərcləyərək iddiaçının tutulmuş borusunu açdırmalı olur ki, həmin su qalxıb onun mənzilinə (oradan da iddiaçının mənzilinə) tökülməsin. Bu hal artıq uzun müddətdir ki belə davam edir. Lakin heç kim iddiaçını inandıra bilmir ki, onun mənzilinə (eləcə də onun mənzilinə) çirkab suyun axmasının təqsirkarı elə onun özüdür. Ona görə ki, iddiaçı inadkarlıq edərək istismar müddəti başa çatmış, içərisi tamamilə tutulmuş çuqun borusunu dəyişdirmək istəmir. Beləliklə də özü ilə bərabər ona da zərər vurur, ona görə ki, borunun dolması nəticəsində onun mənzilinə qədər dolmuş çirkab sular mənzilinə tökülərək mətbəxində olan bütün əşyalarını murdarlayır. Mənzildə antisanitariya yaradır. Mənzilin döşəməsi və divarları islanması səbəbindən daim mənzildə rütubət, xoşagəlməz iylər hökm sürür. Halbuki, onun oğlu X1 ağ ciyər xəstəliyindən, digər ailə üzvləri allergiyadan əziyyət çəkirlər. O, bu cür halla qarşılaşarkən Mənzil İstismar Sahəsindən nümayəndə dəvət etmişdir. Həmin nümayəndə də bildirmişdir ki, kapron boru ilə çuqun boru uyğun gəlmir, odur ki, çuqun boru da dəyişdirilib kapron boru ilə əvəz edilməlidir. O, özünə aid hissədəki çuqun borunu öz vəsaiti hesabına dəyişdirmişdir. İddiaçı da özünə aid çuqun borunu dəyişsə, bununla da problemə son qoyular. Odur ki, iddianı əsassız hesab edir və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun izahat vermiş, sonda iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.7 kv.m olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Qeyd edilən sənədə istinad etməklə məhkəmə göstərir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-cı il tarixli, 10/8564 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 43 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 1 saylı evin, 43 saylı mənzilinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 1 saylı evin, 46 saylı mənzilin sanitar- qovşağı tikilisi təmirli olduğundan, sukanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 43 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 1 saylı evin, 43 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1, 43 saylı mənzilinin mülkiyyətçisi İddiaçı üst mərtəbədə yaşayan cavabdehin onun mənzilinə su axıdaraq ona ziyan vurduğunu göstərməklə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Araşdırmalar nəticəsində iddiaçının mənzilinə suyun axması və iddiaçının mənzilinə maddi ziyan dəyməsi fakt kimi təsdiq olunmuşdur. Baxılan işdə araşdırılmalı olan daha bir məsələ iddiaçının əmlakına zərərin dəyməsində cavabdehin təqsirli olub olmamasının müəyyən edilməsidir ki, bu hal məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-cı il tarixli, 10/8564 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 1 saylı evin, 46 saylı mənzilin sanitar- qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 43 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mənzilinə su axması nəticəsində ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunsa da, həmin zərərin məhz cavabdehin təqsiri ucbatından əmələ gəldiyi barədə güvənli nəticəyə gəlmək olmur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin ekspert rəyinə əlavə edilən ekspertiza xərcinə dair bildirişdən müəyyən edilir ki, aparılmış tədqiqatın ümumi dəyəri 100 manat məbləğini təşkil edir. İddia əsassız sayıldığından məhkəmə göstərir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzili su basması nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdehin evindən suyun daman yerlərinin cavabdehin vəsaiti hesabına bağlanması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatların dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-169/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-169/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver