Məhkəmə qərarları › İş №2(125)-1699/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1699/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1699/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurduqları zərərə görə 740 manat və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 770 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayında həyat yoldaşı X1 ailə qurduqları zaman cehizlik gətirdiyi 1 ədəd divan və 2 ədəd kreslo köhnəlmişdir. Nəzmiyə Xəlilova ilə onları təmir etdirmək qərarına gəlmişlər. Bu səbəbdən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən mebellərin təmiri ilə məşğul olan mağazaya müraciət etmişdir. Mağazada olan Cəsur adlı şəxslə mebellərin təmiri barədə söhbət etdikdən sonra onun ev ünvanını götürmüş və axşam usta ilə birlikdə gələcəyini demişdir. Həmin günün axşamı Cəsur adlı şəxs İlqar adlı usta ilə onun evinə gəlmişdirlər. 1 ədəd divan və 2 ədəd kreslonu keyfiyyətli təmir edəcəyini bildirib ondan 650 manat pul və mebelləri götürüb getmişdirlər. Cəsur mebelləri təmir edib 5-6 günə təhvil verəcəyini bildirmişdir. Bu səbəbdən də o, 5-6 gündən sonra mebellərin təmiri mağazasına getmişdir. Mağazaya gəldikdə Cəsur ilə birlikdə onun anası Cavabdeh2 da olmuşdur. Ona məxsus divan və kresloların təmir edildiyini görmüş, lakin mebellər keyfiyyətsiz təmir edilmişdir, danışıqlarına əsasən təmir edilməmişdir. O, mebelləri qəbul etməkdən imtina etmiş, buna görə də Cavabdeh2 ona “Özüm sənin mebellərini keyfiyyətli təmir edəcəm.” demişdir. Bundan sonra üç dəfə ona məxsus divan və kreslolar təmir edilərək onun ünvanına gətirilmiş, lakin hər dəfə də mebellərin keyfiyyətsiz təmir edildiyini görmüşdür. İkinci dəfə mebellər yenə keyfiyyətsiz təmir edilib gətiriləndə o qəbul etməmiş, yenidən təmir üçün mağazaya aparmışdırlar. Üçüncü dəfə Cavabdeh2 divan və kresloları təmir edib onun evinə gətirmişdir. Yenə təmirin keyfiyyətsiz olduğunu görüb ona bu barədə dedikdə “Təmir bu qədər edilə bilər, bundan artıq edilməsi mümkünsüzdür.” demişdir. Bir ay keçməmiş divan açılan zaman parçası cırılmışdır. Bununla bağlı mağazaya gedib məlumat vermiş, Cavabdeh2 “Usta İlqarı göndərəcəm, gəlib baxar.” demişdir. Lakin kimsə onun evinə divan və kreslolara baxış keçirmək üçün gəlməmişdir. Beləliklə, o mağazaya dəfələrlə getsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də DİN-in “102” qaynar xəttinə zəng edib məlumat vermişdir. Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq ondan pul almaları Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində olan iş materialında da öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cavabdeh1 İlqar adlı usta ilə birlikdə mebellərə baxmağa gəldikdə metri 20 manatdan 24 metr parça lazım olduğunu demiş, başqa əlavə materiallar da daxil olmaqla cəmi 650 manata razılaşmışdırlar. Tək parçanın pulu 480 manat etmişdir. Bundan sonra cavabdeh işə başlamış, mebellər evə gətirildikdə keyfiyyətsiz olduqlarını görmüş, yoldaşı da narazılıq etmişdir. Üç dəfə mebel sökülüb yığılmışdır. Bu işlərə görə 8 ay mağazaya gedib-gəlmişdir. Cavabdeh2 parçanın çatmadığını dediyi üçün əlavə olaraq 60 manat pulu hissə-hissə 40 manat və 20 manat olmaqla ödəmiş, cəmi 710 manat xərci çıxmışdır. 30 manat da hər dəfə mebelin daşınması üçün maşına pul vermişdir. Axırıncı dəfə mebel evə gəldikdə qolları səliqəli olmuşdur. Yoldaşı təmizləmək üçün divanı açmaq istəmiş açılan kimi parçası cırılmışdır. Parçasını dar biçmişdirlər. 20 manatlıq parçanın pulunu alıb 6 manatlıq parça tikərək onu aldatmışdırlar. Divanla yanaşı kreslolar da səliqəsiz təmir edilmiş, kreslonun bir tərəfi alçaq, digər tərəfi hündürdə qalmışdır. Yoldaşı ilə 80-ci ildə ailə qurmuşdurlar. 40-45 il səliqəli qalan divan 10 günə cırılmışdır. Bundan sonra polisə müraciət etmiş, sahə rəisi cavabdehlərin izahatını alan zaman İlqar adlı şəxsi işdə çıxardıqlarını deyib, işdən kənarlaşdırmışdırlar. Ancaq o, mebel keyfiyyətsiz yığıldığı zaman mağazaya getdikdə İlqar adlı usta cavabdehlərin ona 100 manat pul verdiyini və ana-bala mebeli özlərinin yığacağını demişdir. Mebeli 2023-cü ilin sentyabr ayında vermiş, 2024-cü ilin fevral ayından təhvil almışdır. Hal-hazırda cavabdehlərin keyfiyyətsiz iş görməsi nəticəsində ona vurduqları zərəri tələb edir. Başqa yerdə usta tapıb mebellərini özü düzəltdirəcəkdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib məhkəməyə yazılı etirazlarını da ünvanladıqlarını bildirərək izahatında göstərdi ki, anası hazırki iş üzrə Cavabdeh2 məxsus mağazanın yanında yerləşən obyekti icarəyə götürüb sex kimi işlətməklə mebellərin təmiri ilə məşğuldur. Anası isə öz mağazasında mebellərin satışını həyata keçirir. 2022-ci ilin iyun-avqust aylarında iddiaçı mağazaya yaxınlaşaraq mebellərini təmir etdirmək istədiyini bildirmişdir. Öz yanında usta işləyən İlqar adlı şəxslə birlikdə iddiaçının evinə getmiş, kataloqları da özləri ilə birlikdə aparmışdırlar. Kataloqları iddiaçıya göstərib parçanı və rəngini seçməsini, hər qiymətdə 6 manat, 9 manat, 15 manat və s. parça olduğunu bildirmişdir. İddiaçı metri 17 manat olan parçanı bəyənib, rəngini də seçmiş və 100 manat beh vermişdir. Bundan sonra mebelləri sexə gətirib işə başlamışdırlar. Mebeli yığdıqdan sonra iddiaçının Bakı şəhərində yaşayan qızı onunla əlaqə saxlayıb kantın sökülməsini istəmişdir. Təzədən kantlar sökülmüş, dərzi 60-70 manat pul istəmişdir. Santimetri 3 manat olan 5 sm maçalka işlənmiş, 5 qupka almışdırlar. Bu xərclərin hamısı müştərinin pulundan çıxmışdır. 100 manat şəriyinə vermiş, icarəyə götürüb işlətdiyi yerin işıq pulunu ödəmiş, obyektin yiyəsinə icarə pulu vermişdir. Üç dəfə mebellər söküb yığılmışdır. Əvvəlcə necə tikiş olması ilə bağlı razılaşsalar da, sonradan iddiaçının yoldaşı sadə tikiş istədiyi üçün söküb təzədən tikmiş, qapılarına qoymuşdurlar. Daha sonra yenidən mebelləri bəyənməmiş, “Bir tərəfi digər tərəfindən fərqli durur.” demişdirlər. Sonuncu dəfə anası, hazırki iş üzrə Cavabdeh2 düzüb-qoşmuş, Teyyub adlı ustanı çağırmış, yeni materialların alınması üçün öz cibindən 250 manata yaxın xərc çəkmişdir. Mebelləri təhvil verdikdən 8 ay keçəndən sonra iddiaçı onları polisə vermişdir. 2022-ci ilin axırlarında işləmək üçün Bodruma getmiş, qayıdıb gəldikdən sonra 2023-cü ilin yanvarfevral aylarında mebelləri təhvil vermişdirlər. Mebellər mağazadan çıxarıldıqda heç bir problemi olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib məhkəməyə yazılı etirazlarını da ünvanladıqlarını bildirərək izahatında göstərdi ki, hazırki iş üzrə cavabdeh olan oğlu Cavabdeh1 onun mağazasının qonşuluğunda yerləşən mağazanı işlədir. Mebellər onun mağazasında yox, oğlunun mağazasında təmir olunmuşdur. O, öz mağazasında mebellərin təmiri ilə yox, satışı ilə məşğuldur. Mebelləri 2022-ci ildə təmir üçün götürmüşdürlər. Oğlu İlqar adlı usta ilə birlikdə mebelləri səliqəli şəkildə təmir etmiş, birinci dəfə qollarına kant tikilmişdir. Sonradan iddiaçı kantların sökülməsini istəmiş, təzədən kantlar sökülmüş, iddiaçı bəyənib mebelləri evinə aparmışdır. Oğlu Cəsur da işləməyə Bodruma getmişdir. 4-5 aydan sonra iddiaçı mağazaya gəlib yoldaşının narazılıq etdiyini, mebelin qollarını naziltməsini istəmişdir. O isə bütün bunların əlavə xərc tələb etdiyini, Cəsurun da burda olmadığını demiş, iddiaçı isə ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Gəncənin ən məşhur ustası Teyyub adlı ustanı çağırmış, öz cibindən 272 manat əlavə xərc çəkmiş, 2023-cü ilin fevral ayında mebelləri təhvil vermişdirlər. 1 il mebellər iddiaçının evində qalmış, mebelləri işlətmişdir. Evlərində mebellə zorakı davranmış, tikişini partlatmışdırlar. Bu mebellər fabrik məhsulu deyildir, sexdə düzəlmiş mallardır. İddiaçı mebellərin kompüter sistemi ilə tikilməsini tələb etsə də, onlarda olan tikiş maşınları başqadır. Divanın tikişinin partladığı hissəsindən başqa heç bir qüsuru yoxdur, həmçinin də kresloların. Divanın orta hissəsinin təmirinə isə metri 16 manatdan cəmi 5 metr parça lazımdır. 10 manat dərziyə, 20 manat da parçanı qurması üçün ustaya verilməlidir. İddiaçı xərclərini qarşılayarsa təmir edib verməyə razıdırlar. Divanın ümumi təmirinə isə metri 16 manatdan 10-11 metr parça işlənməli, 50 manat ustanın pulu, 20 manat da dərzinin pulu qarşılanmalıdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə müəyyən olunmuş halları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi əqd bağlanmış, cavabdehlər iddiaçıya məxsus 1 ədəd divan və 2 ədəd kreslodan ibarət mebel əşyalarını təmir etməyi öz üzərlərinə götürmüşdürlər. İddiaçı iddia etmişdir ki, cavabdehlər işi keyfiyyətsiz görmüşdürlər. Belə ki, divan açılan zaman orta hissəsi cırılmış, kresloların isə bir tərəfi alçaq, digər tərəfi hündürdə qalmışdır. Cavabdehlər isə iddia tələbinə etiraz edərək, mebeli səliqəli şəkildə təhvil verdiklərini, iddiaçının istəyi ilə söküb təzədən tikmələrini, hətta özləri də əlavə xərc çəkdiklərini, iddiaçının evdə mebellə zorakı davranması nəticəsində mebelin tikişinin partlamasını və divanın ancaq orta hissəsinin təmiri üçün 110 manat, yenidən ümumi təmiri üçün isə 246 manat xərci olduğunu, əgər iddiaçı həmin xərci qarşılayarsa divanı təmir etməyə razı olduqlarını göstərmişdirlər. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. (maddə. 14.2.1) MM-in 329.2-ci madddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-in 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında şifahi podrat müqaviləsi olmuş cavabdehlər işin bir qismini, yəni mebellərdən divanın təmirini qüsurlu icra etmişlər. İddiaçı işin bütövlükdə qüsurla icra edildiyini iddia etsə də, təqdim edilmiş fotoşəkillərlə kreslolarda qüsur olmadığı müəyyən edilmişdir. Bununla belə cavabdehlər divanda olan qüsurun yenidən təmiri üçün 246 manat xərc tələb olunduğunu birdirmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.PM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 246 manat alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 246 (iki yüz qırx altı) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar