Məhkəmə qərarları › İş №2(125)-1709/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1709/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1709/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 12062,04 manat, faiz borcu üzrə 1576,21 manat, cərimə üzrə 51,88 manat olmaqla, cəmi 13690,13 manat pul vəsaitinin, dövlət rüsumuna görə 131,08 manat və xidmət haqqına görə 0,40 manat olmaqla cəmi 131,48 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında 249nkGNDJ/22 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit və Bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalanla əvvəllər bağlanmış 8130sGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 3187,3 manat qalıq məbləğini və 1443nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 8874,74 manat qalıq məbləğini, ümumilikdə 12063 manat məbləğində krediti 50 ay müddətində, illik 18 faiz ödəmək şərti ilə qaytarmaq barədə razılığa gəlmişlər. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 345 manat, sonuncu ay isə 331,20 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2022-ci il tarixə Banka 12062,04 manat əsas, 1576,21 manat faiz borcu yaranmış, ona 51,88 manat cərimə hesablanmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək, izahatında sözügedən kredit müqaviləsini bağladığını, qeyd edilən məbləğdə Banka borcu olduğunu, uşağının xəstəliyi ilə əlaqədar xərcləri artdığına görə borcun ödənilməsini gecikdirdiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, müvafiq hesabdan çıxarışa görə Bank 12063 manat məbləğində kredit ayırmaqla borcalanın əvvəlki müqavilələr üzrə qalıq kredit borcunu bağlamış, borcalan isə həmin krediti 50 ay müddətinə illik 18 faiz dərəcəsi ilə ödəmək şərtilə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Müqavilənin 2.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə 5 təqvim günündən çox pozduqda, Bank kredit və ona hesablanmış faizlərin qalıq məbləğini borcalandan vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin 249nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə Banka 12062,04 manat əsas, 1576,21 manat faiz borcu, 51,88 manat cərimə olmaqla, cəmi 13690,13 manat kredit borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödəniş aparılmamışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə baxışında iştirak edən cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 131,08 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 249nkGNDJ/22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 12062,04 manat əsas borc, 1576,21 manat faiz borcu və 51,88 manat cərimə olmaqla, cəmi 13690,13 (on üç min altı yüz doxsan manat, on üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 131,48 (bir yüz otuz bir manat, qırx səkkiz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar