Məhkəmə qərarları › İş №2(125)-1712/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1712/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1712/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsi üzrə 13838,42 manat borc, 774,16 manat faiz borcu və 3,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14616,11 manat borcun və 133,85 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0- 4323-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14,9 faizlə 36 ay müddətinə 16500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsi üzrə banka 13838,42 manat əsas borc, 774,16 manat faiz borcu və 14,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14626,68 manat borcu vardır. Cavabdeh 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsi üzrə cərimə borcu 14,1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği güzəşt olunaraq 3,53 manat məbləğində tələb olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, vaxtlıvaxtında ödəniş etmiş, borcu olmamışdır. Vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar ev dustaqlığı cəzası verilmişdir. Maaş almadığı üçün ödəniş edə bilməmişdir. Həbs müddəti bitib işə bərpa olunduqdan sonra yenidən vaxtlı-vaxtında borcundan ödəniş edəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 14,9 faizlə 36 ay müddətinə 16500 manat məbləğində kredit verilmişdir. 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2026cı ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaric qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 15500 və 1000 manat olmaqla, cəmi 16500 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 29 dekabr 2023cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsi üzrə 13838,42 manat əsas borc, 774,16 manat faiz borcu və 14,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14626,68 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 dekabr 2023cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 14,9 faiz olmaqla, 36 ay müddətinə 16500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0- 4323-23 saylı kredit müqaviləsi üzrə 13838,42 manat əsas borc, 774,16 manat faiz borcu və 3,53 manat cərimə olmaqla, ümumilikdə cəmi 14616,11 manat kredit borcu tutuluraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 133,85 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 29 dekabr 2023-cü il tarixli, 11-Y-1-0-4323-23 saylı kredit müqaviləsi üzrə 13838,42 manat əsas borc, 774,16 manat faiz borcu və 3,53 manat cərimə olmaqla, ümumilikdə cəmi 14616,11 (on dörd min altı yüz on altı manat 11 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 133,85 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar