Məhkəmə qərarları › İş №2(125)-1722/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1722/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1722/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin oktyabr ayının ortalarında o, cavabdehlə razılaşaraq özünə məxsus 4 ədəd 107 ekranlı televizoru, 1 ədəd PlayStation- 4, 2 ədəd PlayStation-3 oyun kompüterlərini 2100 manat nisyə ödənməsi şərtilə cavabdehə vermişdir. Cavabdeh bu əşyaların müqabilində borclu olduğu 2100 manatın 1000 manatını dekabr ayının axırlarında, 1100 manatım isə 2024-cü il yanvar ayının 10-15 aralığında ödəməli idi. Lakin dekabr və yanvar ayı çıxsa da, cavabdeh heç bir məbləğ ödəməmişdir. O, cavabdehdən dəfələrlə borcunu tələb etsə də, cavabdeh pulu ödəyəcəyini deyib, hər dəfə bir bəhanə edərək onu aldatmışdır. O, məcbur qalaraq polisə ərizə ilə müraciət etmiş, Polisdə təhqiqat aparılmış və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın təmin olunması və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan cd diskin “0013” nömrəli səs yazısının 01:49-cu saniyəsində “...2000 manat nə puldur ki, onu düzəldib verə bimirəm...” cümləsi səslənir. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, “+**********39” mobil nömrəsi cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçıya məxsus mobil telefondakı yazışmalara baxış keçirilməsi zamanı “+**********39” mobil nömrəsindən “...2000 manat nə puldur ki, onu düzəldib verə bimirəm...” cümləsi olan səs yazısı göndərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.1 və 646.2-ci maddələrinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən 2000 manat pulun tutulmasını xahiş etmiş və tələbinin sübutu qismində səs yazılarını təqdim etmişdir. Məhkəmə araşdırması nəticəsində cavabdehin adına qeydiyyata alınmış “+**********39” mobil nömrəsindən borcu ödəyəcəyinə dair cümlələrlə yanaşı, “...2000 manat nə puldur ki, onu düzəldib verə bimirəm...” cümləsi də istifadə olunmuşdur. Çəkişmə prinsipinin təmin edilməsinə baxmayaraq, cavabdeh tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddiaçının istifadəsindı olan mpbil nömrə ilə cavabdehin adına qeydiyyata alınmış mobil nömrə ilə aparılmış yazışmalarda sonuncu nömrə sahibinin iddiaçıya 2000 manat borcunun olması təsdiqlənir. Belə olan halda, iddia təmin edilməli, cavabdehdən 2000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar