Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1737/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq, hər ay 235 manat müəyyən olunmasına, həmçinin mediasiya təşkilatına onun tərəfindən ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, o, 01 avqust 2014cü il tarixdə cavabdehlə el adəti ilə ailə qurmaqla nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2016-cı il tarixdə X8 anadan olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşamış, sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Bu səbəbdən o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(043)-1585/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulmuş, uşağın onun himayəsinə verilməklə 150 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də 150 manat müəyyən edilən aliment pulu uşağının tələbatını ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2024-cü il üçün uşaqların yaşayış minumum haqqı 235 manat müəyyən edilmişdir. Ona məhkəmə qaydasında kəsilən aliment pulu isə bundan çox azdır. Uşağı məktəbə gedir və 2-ci sinifdə oxuyur. Uşağın məktəb paltarı, hazırlığı, məktəb ləvazimatları həddindən artıq bahadır. Cavabdeh isə evlərinə yaxın ərazidə “Qardaşlar” marketini icarəyə götürərək qaynanası ilə birlikdə mağazanı işlədirlər. Mağaza işlətməklə cavabdehin aylıq qazancı yüksəkdir. O, iddia tələbi ilə bağlı mediasiya orqanına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, iddia tələbi ilə razılaşmadığı üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, birgə nikahdan olan övladları xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq xx.xx.2024-cü il tarixindən, hər ay 235 manat müəyyən olunmasına, həmçinin mediasiya təşkilatına onun tərəfindən ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 1585/2021 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş X6 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment məbləğinin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin aliment onun tərəfindən ödənilsə də, o həmin alimenti çox çətinliklə ödəyir. İddia tələbində göstərilən miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 780837 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2016-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1585/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanaraq, 440 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 17 aprel 2016-cı il təvəllüdlü X6 anası X2 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, alimentin tutulmasının 12 aprel 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə tutulan aliment məbləğinin nəzərə alınması qət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu 2021-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq 200 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1585/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli) manat xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1737/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1737/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver