Məhkəmə qərarları › İş №2(125)-1755/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1755/2024

06.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1755/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 18 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(043)-2668/2020 saylı mülki iş üzrə çıxarılmış qətnaməsi ilə təyin edilmiş 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və 55 (əlli beş) manat ödədiyi mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə el adəti üzrə evlənmiş, lakin nikaha daxil olmamışlar. Onların faktiki nikahlarından 12 sentyabr 2018-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Onlar ayrıldıqları üçün o, faktiki nikahlarından doğulmuş qızları Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(043)-2668/2020 saylı qətnaməsi ilə onların faktiki nikahlarından doğulmuş 12 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər 170 (yüz yetmiş) manat, sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etmir. Uşaqlar böyüyür tələbatları artır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. O, alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh İlkin Mediasiya Sessiyasına gəlməmişdir. Ona görə də mediator onlara ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış vermiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də o, məcbur olmuş hazırki ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(043)- 2668/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay tullan 170 (yüz yetmiş) manat təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının artırılaraq 250 (iki yüz əlli) manat miqdarında edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh uşağı ilə maraqlanmır, uşağın ehtiyaclarının ödənilməsində iştirak etmir. Uşağın hər gün tələbatları artır və təkbaşına uşağın ehtiyaclarının ödənilməsini çatdıra bilmir. Həmçinin, 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumuna münasibətdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2668/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox aşağıdır. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, maddi vəziyyəti yaxşı deyildir. Belə ki, rəsmi iş yeri olmaqla, mağazada satıcı işləsə də, aylıq gəliri az olduğundan iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyi gücü çatmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 551403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 sentyabr 2018-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, 04045 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 20 dekabr 2023-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2668/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 12 sentyabr 2018-ci il təvəllüdlü X3 atası olması faktı müəyyən edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh 12 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. 27 mart 2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh məşğulluq təsnifatı üzrə; satıcı, mağaza; əmək müqaviləsi üzrə: satıcı vəzifəsində işləməklə 345,00 manat əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2668/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin təmin edilmiş, Cavabdeh 12 sentyabr 2018-ci il təvəllüdlü X3 atası olması faktının müəyyən edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh 12 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 170 (bir yüz yetmiş) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbi təmin edilməklə Cavabdeh ilə birgə nikahlarından 18 sentyabr 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(043)-2668/2020 saylı qətnaməsi ilə təyin edilmiş 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və 55 (əlli beş) manat ödədiyi mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 3 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2668/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olmaqla hazırki iddianı məhkəmədə qaldırmaq üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 30 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 360 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2668/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar