Məhkəmə qərarları › İş №2(125)-1780/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1780/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1780/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2001-ci ildən faktiki nikah münasibətlərinə girərək evlənsələr də, rəsmi nikahlarını xx.xx.2014-cü il tarixdə 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(125)-3444/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladları onun yanında saxlanılmaqla, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması və aralarında olan nikahın pozulması qət edilmişdir. Cavabdeh alimenti qətiyyən ödəmir və anlaşılmayan bəhanələr gətirir. Uşaqlar günü-gündən böyüyür və onların ehtiyacları da avtomatik olaraq artmaqdadır. Kəsilən 200 manat aliment isə heç azyaşlıların geyim və əyləncə xərclərini ödəmir. Övladlarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X7 şəhid olmuş, xx.xx.2002-ci il tarixdə anadan olmuş X4 isə artıq yetkinlik yaşına çatmışdır. Qalan iki övladı, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 isə yetkinlik yaşlarına çatmamışdır. Odur ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2022-ci il tarixli, AZ-T 180878 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2022-ci il tarixli, AZ-T 180877 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, e-2(125)-3444/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 681 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları,xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu 2023-cü il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, e-2(125)-3444/2023 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli) manat xərcinin 25 (iyirmi beş) manatı cavabdeh X1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar