Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1792/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 6500 manat pulun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 85 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2024-cü ilin may ayında Gəncə şəhərində ev almaq qərarına gəlmişdir. Bu səbəblə əvvəllər tanıdığı Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olan X2 ilə məsləhətləşmişdir. 2024-cü ilin may ayında Bəhram ona zəng edərək tanışı Orxan adlı şəxsin evini satmaq istədiyini demişdir. Tanışı Elnur və Bəhram ilə birlikdə evə baxmaq üçün Gəncə şəhərində yerləşən Texnologiya Universitetinin qarşısına getmiş və Bəhram ilə həmin yerdə görüşmüşlər. Görüşdükdən sonra gedib Orxanın evinə baxmışlar. Evə baxıb qayıtdıqdan sonra Bəhram tanışı olan Orxan adlı şəxsi çağırmışdır. Orxan da bir az vaxt keçdikdən sonra Bəhram ilə görüşdükləri yerə gəlmişdir. Orxan ilə söhbət etdikdən sonra ona evini bəyəndiyini və almaq fikrinin olmasını bildirmişdir. Bu barədə söhbət edən zaman Orxan satmaq istədiyi evin 52500 manata olduğunu bildirmişdir. Orxanın dediyi qiymətlə razılaşmışdır. Sonra isə pulun hamısının yanında olmadığını Orxana bildirmişdir. Orxan da beh verməsini qalan pulu isə sənədləşmə mərhələsində ödəməsini bildirdi. Orxan ilə bu barədə razılaşdıqdan sonra ilkin olaraq ona 2500 (iki min beş yüz) manat pul vermişdir. Daha sonra Oxana pul göndərmək istədikdə Orxan ona kart göndərmişdir. Həmin hesaba “milli ÖN” vaxsitəsilə 1500 manat pul göndərmişdir. Bundan başqa o, 2500 manat pulu da kart vasitəsilə göndərmişdir. Ümumilikdə Orxana 6500 manat pul vermişdir. 2024-cü ilin iyun ayında Orxanla birlikdə sənədləşdirməyə getməli idi. Beləliklə, o Orxana sənədləşmə vaxtı çatan zaman zəng vurmuşdur. Bu zaman Orxan evin sənədləşməsinin mümkün olmadığını, bir neçə dəfə onu aldadaraq sənədin düzələcəyini bildirmişdir. Bundan sonra o, aldadıldığını bilərək polisə müraciət etmişdir. Polisdən verilmiş cavabla işin mülki qaydada şikayət etmək hüququ izah olunmuşdur. Dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsə də, ona heç bir məhəl qoymamışdır. O isə öz növbəsində məcburiyyət qarşısında qalaraq ondan zərərini məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi və əlavə etdi ki, 2024-cü ilin may ayının 15-dən 31-dək cavabdehə 6500 manat pul vermişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 2024-cü ilin iyun ayının 16-dək evi sənədləşdirməli idilər. Sənədləşmə vaxtı cavabdehə zəng etdikdə cavabdeh avtomobilini idarə etmək üçün etibarnaməsinin müddətini bitdiyini, buna görə də avtomobilinin saxlanıldığını bildirərək 1-2 gün gözləməsini bildirmişdir. Bir neçə gün keçdikdən sonra cavabdeh ona evin onaməxsus olmadığını, evin arvadının dayısına məxsus olduğunu, dayısının isə evin satılmasına razı olmadığını bildirmişdir. Ancaq ilk vaxtlar cavabdehlə evin alqı-satqısı barədə danışan zaman evin özünəməxsus olduğunu bildirmişdir. Cavabdehdən pulunu tələb etdikdə ayın axırına kimi ona vaxt verilməsini xahiş etmiş, lakin bundan sonra da cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh telefon zənglərinə cavab verməmiş, pulunu qaytarmamışdır. Cavabdeh polis şöbəsində verdiyi izahatında pulu «makler»ə qaytardığını bildirsə də, bundan xəbəri olmamış, həmçinin o, cavabdehə deməmişdir ki, pulu «makler»ə qaytarsın. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmaması əsasında material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2024-cü ilin may ayında Gəncə şəhərində ev almaq qərarına gəlmişdir. Bu səbəblə əvvəllər tanıdığı Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olan X2 ilə məsləhətləşmişdir. 2024-cü ilin may ayında Bəhram ona zəng edərək tanışı Orxan dlı şəxsin evini satmaq istədiyini demişdir. Tanışı Elnur ilə Bəhramın ona məsləhət bildiyi evə baxmaq üçün Gəncə şəhərində yerləşən Texnologiya Universitetinin qabağına getmiş və Bəhram ilə həmin yerdə görüşmüşdür. Gəncə şəhərində Bəhram il görüşdükdən sonra Bəhramın ona alması üçün məsləhət bildiyi evə baxmağa getmişlər. Evə baxıb qayıtdıqdan sonra Bəhram tanışı olan Orxan adlı şəxsi olduqları yerə çağırmışdır, Orxan da bir az vaxt keçdikdən sonra onun Bəhram ilə görüşdüyü yer gəlmişdir. Orxan ilə söhbət etdikdən sonra ona evini bəyndiyini və almaq fikrinin olmasını demişdir. Bu barədə söhbət edən zaman Orxan ona satmaq istədiyi evin qiymətinin 52500 manat olduğunu demişdir. Orxanın dediyi qiymətlə razılaşmışdır. Sonra isə pulunun hamısının əlində olmadığını Orxana demişdir. Orxan da ona evə beh verməsini, qalan pulunu isə əldə etdikdən sonra sənədləşmə işləri başa çatdıqda ödəyə biləcəyi müddətə qədər gözləyəcəyinə söz vermişdir. Orxanın ona dediyi sözlə razılaşmış və evi almaq istəmişdir. İlkin olaraq Orxana 2500 manat Gəncə şəhərində beh pul vermişdir. Sonradan isə Orxanın ona göndərdiyi X1 adına olan Leobanka məxsus kart hesabına ümumilikdə 4000 manat pul göndərmişdir. Həmin evi 2024-cü ilin iyun ayının 17-də sənədləşdirməyə gedəcəkmiş. Lakin sonradan ona məlum olmuşdur ki, Bəhramın ona göstərmiş olduğu ev tanışı Orxana məxsus deyilmiş. Həmin ev Orxanın arvadının dayısı evidir. Evi sənədləşdirməyə görə dəfələrlə Gəncə şəhərində Bəhram və Orxan ilə görüşsələr də, heç bir nəticə əldə edə bilməmişlər. Orxana və Bəhrama zəng edərək pulunu tələb etmişdir, lakin onlar müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişlər. Orxanın və Bəhramın onu aldatmasına görə onların barəsində Tovuz RPŞ-nə xx.xx.2024-cü il tarixdə ərizə ilə şikayət edərək həmin şəxslərin ona ümumilikdə 6500 manat maddi ziyan vurduqlarını bildirmişdir. Həmin iş üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ildə daşınmaz əmlak alqısatqısı ilə məşğul olan Bəhram adlı şəxsin «makler»liyi ilə tanış olmuşlar. Belə ki, evini satmaq istəmiş və bu barədə Bəhrama məlumat vermişdir. Bəhram da alıcı kimi 2024-cü ilin may ayında Eltun adlı şəxsi onun evinə gətirmişdir. Eltuna həmin evi 52500 manat pulun müqabilində satmağa razılaşmışdır. Eltun ona hazırda pulunun tam şəkildə olmadığını və beh kimi 2500 manat, daha sonra isə 4000 manat kart vasitəsilə pul vermişdir. Evinin satılması üçün sənədlərini qaydasına qoya bilməmişdir. Buna görə də Ettundan aldığı beh 6500 manat pulu «makler» Bəhrama vermişdir. Bəhramın pulu Eltuna qaytarıb qaytarmamasından və onların arasında hansı razılaşma olmasından məlumatının olmadığını və Eltundan pul alarkən onu aldatmaq fikri olmamışdır. Sadəcə olaraq evin sənədlərində səhv olmasına görə sata bilməmiş və beh aldığı pulu da Bəhrama qaytarmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, 2024-cü ildə tərəflər arasında ev alqı-satqısına dair şifahi razılaşma əldə edilmişdir. Belə ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Bəhram adlı şəxsin vasitəçiliyi ilə cavabdeh iddiaçıya ev satmaq istəmiş, bununla əlaqədar Bəhram alıcı kimi 2024-cü ilin may ayında iddiaçını cavabdehin evinə gətirmiş, cavabdeh özünə məxsus olduğunu bildirdiyi evi iddiaçıya 52500 manat pulun müqabilində satmağa razılaşmış, iddiaçı cavabdehə beh kimi 2500 manat, daha sonra isə 4000 manat kart vasitəsilə pul vermişdir. Cavabdehin polisdə verdiyi izahatına görə, o evinin satılması üçün sənədlərini qaydasına qoya bilməmiş, buna görə də iddiaçıdan aldığı 6500 manat pulu Bəhrama vermişdir. Bəhramın pulu Eltuna qaytarıb qaytarmamasından və onların arasında hansı razılaşma olmasından məlumatı yoxdur. Cavabdeh həmin pul məbləğini iddiaçıya qaytarmadığına görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (Mülki Məcəllə 491.1-ci maddə). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (Mülki Məcəllə 491.2-ci maddə). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (Mülki Məcəllə 491.3-cü maddə). İş materiallarından görünür ki, tərəflər arasında 6500 manat pulun beh kimi verilməsinə dair yazılı razılaşma olmamışdır. Belə olan halda, həmin məbləğ beh kimi deyil, avans kimi qəbul edilməlidir. Qeyd edilən məbləğ avans kimi ödənildiyinə görə, razılaşmanın tərəflərin hansının təqsiri üzündən pozulmasından asılı olmayaraq, avans əldə etmiş şəxs, əldə etdiyi məbləği qarşı tərəfə geri qaytarmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, tərəflər arasında 2024-cü il tarixdə evin alqı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi qaydada, notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bununla belə, məhkəmə qeyd edir ki, tərəflər arasında ev alqı-satqısına dair bağlanmış şifahi razılaşma üzrə iddiaçı tərəfindən 6500 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıya ev satmaq istədiyini, bunun üçün iddiaçının ona 6500 manat pul verdiyini, lakin evinin satılması üçün sənədlərini qaydasına qoya bilmədiyindən həmin pul məbləğini iddiaçıya deyil, Bəhram adlı şəxsə qaytardığını bildirmişdir. Məhkəmənin qənaətinə görə belə halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən sözügedən evin alınmasına görə cavabdehə 6500 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, iddia tələbi təmin edilməli, 6500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə xərcinə görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1792/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1792/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver