Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1813/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 manat məbləğində pulun, ödənilmiş 31 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 121 manat rüsumun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan 4700 manat pul istəmiş və əvəzində qızılzinət əşyası qoyacağını bildirmişdir. O da ona həmin miqdarda pulu xx.xx.2023-cü il tarixdə vermiş, lakin cavabdehin pulun əvəzində verdiyi qızıl-zinət əşyasını Gəncə şəhər Mərkəzi Univermaqda özünün iştirakı ilə satmağa aparanda cəmi 3900 manat pul təklif edilmişdir. Bundan sonra çox çətinliklə 4100 manata sata bilmişdir. Bundan başqa da cavabdeh ondan bir aya qaytarmaq şərti ilə xx.xx.2023-cü il tarixdə 500 manat pul almışdır. Lakin hazırda pulunu istədikdə Cavabdeh onu nalayiq küçə söyüşləri ilə təhqir etmiş, pulunu istəməməyi tələb etmişdir. Ona məxsus mobil telefona xx.xx.2023-cü il tarixdə WhatsApp vasitəsilə nalayiq söyüşlərlə təhqiramiz səs atmış, həmin səs yazısında ona 500 manat borcu qaldığını bildirmişdir. Halbuki, cavabdehin ona 1100 manat borcu qalmışdır. Odur ki, hazırda məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehin 600 manat borcu birinci dəfə cavabdehə verdiyi 4700 manat borcundan ödənilməmiş qalan borcudur. Belə ki, cavabdehə məxsus qızılların satışından əldə olunmuş məbləğ hesabına 4100 manat qaytarılmış, 600 manat borcu qalmışdır. Bundan başqa 500 manat başqa vaxtda aldığı borcu qaytarmamışdır. Həmin 500 manat pulu cavabdehə verməsini təsdiq edən sübut cavabdehlə telefon vasitəsi ilə danışarkən 500 manat borcu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, müqavilə sadə yazılı formada bağlanmışdır. Cavabdeh 4700 manat, həmçinin əlavə 500 manat borc götürməsini özü də etiraf etmiş, borcunu qaytarması barədə sübut təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya borcu yoxdur. Qızılları qoyub 2 il müddətinə, 11 faizlə iddiaçıdan sələm götürmüşdür. Ayda 450 manat sələm borcundan ödəmişdir. Ödəyə bilmədikdə isə iddiaçı qızılları satıb pulunu götürmüş, qalan borcu da bağlanmışdır. Qızılları satmağa onunla getməmişdir. 500 manat pulu ona əldən verməmişdir. İddiaçıya borcunun olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, fiziki şəxs İddiaçı VÖEN-i ********** olmaqla xx.xx.2022-ci ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı pul şəklində borc vermə (bank sistemindən kənar) (fəaliyyət kodu: 6492004) fəaliyyət növü ilə məşğul olması bəyan edilmişdir. Tərəflərin təqdim etdikləri xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, cavabdeh həmin tarixlərdə müxtəlif çəkidə qızıl-zinət əşyalarını iddiaçının saxlancına verərək 4700 manat pul almışdır. ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 389 nömrəli müqavilə üzrə Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 121 manat ödənilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 4700 manat və 500 manat borc pul almışdır. Cavabdeh iddiaçıdan aldığı pulun bir qismini qaytararaq qalan 1100 manatını qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə qızıl-zinət əşyaları müqabilində 4700 manat, daha sonra əlavə 500 manat borc pul verdiyini göstərmiş, qızıl-zinət əşyalarını 4100 manata satdıqdan sonra qalan 600 manat borcunu, həmçinin 500 manat borcunu cavabdehin qaytarmadığını iddia etmişdir. Cavabdeh isə iddiaçıdan yalnız 4700 manat məbləğində borc aldığını və borcunun ona məxsus qızıl zinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına ödənildiyini göstərərək iddia tələbinə etiraz etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş DVD diskdə qeyd alınan səs yazısı dinlənilərkən müəyyən olundu ki, cavabdeh iddiaçıdan 4700 manatdan əlavə 500 manat pul aldığını etiraf etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh öz etirazının əsası kimi iddiaçıdan aldığı 4700 manat pulu tam şəkildə qaytarması və əlavə 500 manat borc almaması ilə əsaslandırsa da, bununla bağlı hər hansı sübut təqdim etməmiş, onun iştirakı ilə səs yazısı dinlənilərkən iddiaçıdan əlavə olaraq 500 manat borc aldığını etiraf etməsi müəyyən olunmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 4700 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında borc müqaviləsinə dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 4700 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 600 manatının qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia tələbinin 500 manat borcun tutulmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1100 manat pul və hüquqi yardıma görə ödənilmiş 120 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 120 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1813/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1813/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver