Məhkəmə qərarları › İş №2(125)-1835/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1835/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1835/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 4.700 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 85 qəpik, cəmi 4.726 manat 07 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67 manat 67 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 14 aprel 2023-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi G.F.Hüseynova mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli 1528rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə verilmiş kreditin məqsədli təyinatı xx.xx.2014-cü il tarixli 908sGNDJ/14 nömrəli, xx.xx.2015-ci il tarixli 5596tkGNDJ/15 nömrəli, xx.xx.2015-ci il tarixli 905micGNDJ/15 nömrəli kredit müqavilələri üzrə restruktrizasiya olunan 5.351 manat 08 qəpik qalıq məbləğinin ödənilməsi, xx.xx.2015-ci il tarixli 905micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə kreditin məqsədli təyinatı isə biznesin inkişafıdır. Buna görə də hüquqi şəxs olan «X1» Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - Cavabdeh (VÖEN **********) arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul münasibətlərindən yaranmış, xx.xx.2019-cu il tarixli 1528rstKPZ/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında öhdəlikləri isə həmin münasibətlərdən yaranan öhdəliklərin ödənilməsinə xidmət etmişdir. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar