Məhkəmə qərarları › İş №2(125)-1838/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1838/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1838/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Nisyə alqı-satqı” müqaviləsi əsasında mağazadan götürdüyü dəyəri 720 (yeddi yüz iyirmi) manat olan “Hod-105” markalı telefondan və uşaq çarpayı dəsti və sair əşyaların ümumi dəyəri olan 1884 (bir min səkkiz yüz səksən dörd) manat puldan ödənilməmiş qalan məbləğinə görə, yəni 2304 (iki min üç yüz dörd) manat pulun, 250 (iki yüz əlli) manat dəbbə pulunun və işə baxılması ilə bağlı ödədiyi məhkəmə xərcinin alınıb, onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən ona məxsus olan “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi ev 77”a”-da qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, mağazadan bir ədəd dəyəri 720 (yeddi yüz iyirmi) manat olan 64 yaddaşlı “Hod- 105” markalı mobil telefonu və 1 ədəd uşaq çarpayı dəsti və sair 1884 manatlıq malları, yəni ümumilikdə cəmi 2604 (iki min altı yüz dörd) manatlıq malları tərəfindən tərtib olunmuş qrafıq üzrə 12 ay müddətinə ödəniş etmək şərti ilə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Həmin məbləğdən qrafiq üzrə cüzi miqdarda ödəniş etmişdir. Qalan borcu yəni 2304 (iki min üz yüz dörd) manatı mağazaya ödəmək istəmir. Bununla da mal alan ’”Nisyə alqı-satqı” müqaviləsinin şərtinə əməl etməmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, mağazanın tələblərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin könüllü borcu ödəmək fikri yoxdur. Beləliklə də cavabdehin hərəkəti nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymiş, nisyə götürülmüş malların pulları mağazanın dövriyyəsinə daxil olmamışdır. Cavabdeh bu günə kimi mağazaya ziyan vurmaqda davam edir. Müqavilə bağlanan zaman mal alanla mağaza arasında vaxtında öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə mağazaya vurduğu ziyana görə dəbbə pulu kimi götürülmüş əşyalara görə müqavilə üzrə 250 (iki yüz əlli) manat ödəcəyi barədə xəbərdarlıq edilmişdir. Hazırda müqavilənin şərtlərinə əməl etmədiyinə görə cavabdehdən müqavilənin şərtlərinə əsasən 250 (iki yüz əlli) manat dəbbə pulu tələb edir. Bundan başqa cavabdehin hərəkəti üzündən məhkəməyə müraciət etməyə məcbur olmuş və bununla bağlı məhkəmə xərci də ödəmişdir. Buna və də məhkəmə xərcinin də cavabdehdən alıb, onun xeyrinə verilməsini istəyir. Göstərdiklərinə əsasən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 10 mart 2023-cü il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə ödəmək şərti ilə İddiaçı 720 manat dəyərində “Hod-105” markalı mobil telefon və 1884 manat dəyərində uşaq çarpayı dəsti və sair almışdır. Tərəflər tələb və hüquqlarının qiymətinin 2604 manat məbləğində olduğunu müəyyənləşdirir. Cavabdeh hər dəfə ödəniş etdikdə ödənişin məbləği barədə ödəniş cədvəlində qeydiyyat aparılmışdır. Onun ödənilməmiş qalıq borcu 2304 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozduğu halda məhkəməyə verilən zaman 250 (iki yüz əlli) manat dəbbə pulu ödəməli olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və əşyaları cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəllərində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmiş və nəticədə onun İddiaçı 2304 (iki min üç yüz dörd) manat əsas borcu qalmış, qalıq borca 250 (iki yüz əlli) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2304 (iki min üç yüz dörd) manat əsas borcdan ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, 2306 (iki min üç yüz altı) manat pul tutularaq İddiaçıverilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun 43,06 (qırx üç manat altı qəpik) manatı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2304 (iki min üç yüz dörd) manat əsas borc, 2 (iki) manat cərimə məbləği və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 43,06 (qırx üç manat altı qəpik) manatı olmaqla, ümumilikdə 2349,06 (iki min üç yüz qırx doqquz manat altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar