Məhkəmə qərarları › İş №2(125)-186/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-186/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-186/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsinə görə illik 5% olmaqla 21203 manat və maddi zərərə görə 14000 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəliyin icra edilməməsinə və gecikdirilməsinə görə illik 5 faiz olmaqla 21203 manat, vurulmuş maddi zərərə görə isə 14000 manat, cəmi 35203 manat və ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qonşusu X1 vasitəsilə tanımışdır. 2015-ci ilin aprel ayında da, cavabdeh qonşusu Bəxtiyar Daşdəmirovla onun yanına gələrək ondan yaxşı işə düzələcəyini bildirib ona borc pul verməyini istəmişdir. Ona hissə-hissə iki dəfəyə cəmi 60.000 manat borc pul vermişdir. Buna görə də, cavabdehlə 02 aprel 2016-cı il tarixdə Gəncə şəhər 3 saylı notariat kontoruna gedərək ondan 60.000 manat borc almasına və bu borcun xx.xx.2016-cı il tarixədək qaytarılmasına dair kredit (borc) müqaviləsi bağlamışdırlar. Bundan əlavə cavabdeh ondan 550 manat da borc alaraq qaytarmamışdır. Dəfələrlə müqavilə öhdəliyini yerinə yetirib borcun qaytarılmasına dair cavabdehə xəbərdarlıq etsə də, Cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Buna görə də, 2017-ci ilin əvvəlində borcun qaytarılmasına dair Samux Rayon Məhkəməsində iddia qaldırmışdır. Samux rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(058)-407/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh borca görə 60550 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 60580 manat alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən icra vərəqəsi çıxarılıb icraya yönəldilsə də, borclu Cavabdeh icranı gecikdirməklə indiyə kimi, yəni bu 7 il müddətində borcundan bir qəpik də olsa pul ödəməmişdir. Cavabdeh nəinki ona xəbərdarlıq edəndən, ona qarşı iddia irəli sürəndən, hətta 07 aprel 2017-ci il tarixdə borcun ödənilməsinə dair qətnamə çıxarılandan bu günə kimi, yəni 7 il müddətində icranı gecikdirməklə indiyə kimi borcundan bir qəpik də olsun ödəməmişdir. 60580 manatın illik 5 faizi 3029 manat edir. Cavabdeh 7 il icranın gecikdirdiyinə görə bu məbləğ (3029x7=21203) 21203 manat edir ki, hazırda mülki qanunvericiliyinin tələbinə əsasən həmin məbləği cavabdehdən tələb etmək hüququ vardır. Bundan əlavə cavabdeh icranı gecikdirməklə qanunsuz olaraq onun 60580 manat pulunu özündə saxlayıb faydalanmaqla ona zərər vurmuşdur. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra edib pulu qaytarsaydı o, həmin puldan istifadə etməklə ən azından hər il 2000 manat gəlir əldə edə bilərdi. O, bu 7 ildə 14000 manat gəlirdən də cavabdehin təqsirli hərəkəti nəticəsində məhrum olmaqla həmin məbləğdə zərərə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə və etiraz ünvanlayaraq kredit müqaviləsi üzrə iddia müddəti axımının 2019-cu ilin iyununda başa çatması nəzərə alınmaqla hazırki mübahisəyə 3 illik iddia müddətini tətbiq edərək iddianın rədd olunmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş borc məbləği 23000 ABŞ dolları olmuş və dolların manat məzənnəsi ilə bu məbləğ həmin dövr üçün 23000 manat təşkil etmişdir. Sonradan xx.xx.2016-cı ildə həmin borc kredit müqaviləsi əsasında verilmiş borc kimi rəsmiləşdirilərkən iddiaçı həmin 23000 ABŞ dollarına alacağı faizləri də hesablayaraq ümumilikdə həmin borcu 60000 manat kimi göstərmişdir. İşləri alınmadığından həmin borcu qaytara bilməmiş və borcun ondan tutulması barədə Samux Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi olmuşdur. Onun işləri alınmadığından və heç yerdə işləmədiyindən iddiaçıya olan borcu ödəyə bilməmişdir. Kredit borcunu ödəyə bilmədiyindən iddiaçı müxtəlif orqanlara şikayət etmişdir. Nəhayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona cinayət işi açılaraq Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(058)-12/2019-cu il tarixli hökmü ilə 1 il 6 ay müddətinə ona azadlıqdan mərhumetmə cəzası verilmişdir. Həmin cəzanı çəkib azadlığa çıxmışdır. Yəni onun maddi imkanı, pulu olsa idi, iddiaçıdan aldığı borcu ona qaytarar və 1 il 6 ay həbsdə yatmazdı. Şübhəsiz ki, iddiaçı kredit borcuna görə onun 1 il 6 ay cəmiyyətdən təcrid olunmasına nail olmuş, ona bu şəkildə mənəvi zərbələr vurmağa çalışmışdır. Bu təqib və təzyiqlər nəticəsində ürək xəstəliyi tapmışdır. Artıq 65 yaşı var və uzun bir müddətdir ki, heç yerdə işləmir. 2021-ci ildə işsiz kimi məşğulluq mərkəzində qeydə alınmışdır. Heç bir əmlakı yoxdur, müəssisəsi, obyekti və sair əmlakı, digər gəlir yerləri yoxdur. "Rabitəbank"dan kredit götürüb, iddiaçıya olan borcunun bir hissəsini ödəməyə çalışmış, lakin onun özünün bu işə mane olması nəticəsində bank ona kredit verməkdən imtina etmişdir. Buna baxmayaraq həbsdən çıxdıqdan sonra bir neçə dəfə iddiaçının hesabına bank vasitəsilə pul ödəmişdir. Belə ki, iddiaçının hesabına xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 88,7 manat, xx.xx.2024-cü ildə 172 manat, xx.xx.2024-cü ildə 172 manat pul ödənilmişdir. İddiaçının özü bildiyi kimi ona 7 il üçün illik 5 faiz hesablaması, bu faizlərin məbləği və bunu məhkəməyə əvvəlki iddianın verildiyi gündən hesablaması müəmmalıdır və kifayət qədər sual doğurur. O, 1 il 6 ay Samux Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan mərhum edilmişdir. Belə olan halda öhdəliyin gecikdirilməsi necə ola bilər? Azadlıqdan mərhum olunan şəxs hansı halda öhdəliyi icra edə bilər? Bundan başqa iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində 7 il ərzində 14000 manat gəlirdən məhrum olunaraq zərərə düşdüyünü göstərmişdir. İddiaçının 14000 manat məbləğində zərərə düşməsinə dair hər hansı bir sübut yoxdur. Əksinə, iddiaçının ona qarşı qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərərə düşmüş, 1 il 6 ay azadlıqdan mərhum olunmuş, sağlamlığını itirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-407/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh borca görə 60550 manat, ödənilmiş dövlət rüsumuna görə isə 30 manat, cəmi 60580 manat alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)- 2189/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-407/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8626/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-2189/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-407/2017 nömrəli icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/8929 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixə illik 5 faiz ilə olan faiz borcu 21918,18 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcun ödənilmədiyi yeddi il ərzində illik beş faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsini, həmçinin bu müddət ərzində ona dəymiş maddi zərər olaraq 14000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə və etiraz ünvanlayaraq kredit müqaviləsi üzrə iddia müddəti axımının 2019-cu ilin iyununda başa çatması nəzərə alınmaqla hazırki mübahisəyə 3 illik iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmiş, etirazını isə 1 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsi, eləcə də uzun müddətdir heç yerdə işləməməsi, heç bir əmlakının, müəssisəsinin, obyektinin, digər gəlir yerlərinin olmaması səbəbindən öhdəliyini icra edə bilməməsi, buna baxmayaraq həbsdən çıxdıqdan sonra bir neçə dəfə iddiaçının hesabına bank vasitəsilə pul ödəməsi, iddiaçının isə ona qarşı qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərərə düşməsi, 1 il 6 ay azadlıqdan mərhum olunması və sağlamlığını itirməsi ilə əsaslandırmışdır. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı göstərdiyi dəlilə dair məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehin qətnamə üzrə tutulan pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın tələb olunmasıdır və qanunvericilikdə belə tələblər üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmadığından iddia müddətinin tətbiqi üçün hüquqi əsas yoxdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 14000 manat zərər dəydiyini iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli, 3M-63 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2024cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 21203 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 153,61 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 3M-63 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 21203 (iyirmi bir min iki yüz üç) manat pul və 153,61 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar