Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1887/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ilk iddiası və Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə 2022-ci ilin aprel ayının 4- dən ayrıldıqları vaxtdan birgə yaşayış dövründə "xxxx" ASCdən götürdükləri kredit və birkarta görə 12778 manat pulun yarısının, yəni 6389 manatının, "xxxx" ASC-dən kredit və albalı karta görə ödədiyi 6000 manat pulun yarısının, yəni 3000 manatının, cəmi 9389 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər əvvəllər rəsmi nikahda olmuşlar. Belə ki, İddiaçı və Cavabdeh arasında Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixli, 51 nömrəli akt qeydi ilə bağlanmış nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)- 821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan bir uşaq - 27 may 2018-ci il tarixdə X2 adlı övladları olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2016-cı ilin mart ayında faktiki olaraq evlənib ailə qurmuşdur. Nikahlarını isə 15 aprel 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan bir uşaq - Nazir adlı övladları olmuşdur. Cavabdehlə aralarında olan narazılıqla bağlı cavabdehin iddia ərizəsi əsasında nikahları məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən uşaq anasına verilmiş, eləcə də uşağın saxlanılması üçün hər ay onun 220 manat aliment ödəməsi qət edilmişdir. O, alimenti hər ay vaxtında ödəyir. Cavabdehlə 2022-ci ilin mart ayının 4-dən faktiki olaraq ayrılsalar da, məhkəmənin qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdən boşanmışlar. Cavabdeh 2022-cı ilin mart ayının 4-dən faktiki olaraq ondan ayrılıb atası evinə gedib yaşayır. O, 2022-ci ilin aprel ayından cavabdehə hər ay aliment verir. Cavabdeh ilə birgə yaşayış dövründə 2021-ci ilin yanvar ayında "Kapital Bank” ASC-nin Gəncə filialından 10000 (on min) manat 3 il müddətinə kredit götürmüşdür, həmin vaxtdan o, hər ay 366 manat kredit ödəyirdi. Eləcə də, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialından bir kartla, əlavə olaraq 1700 manat pul götürmüşdür. Bundan əlavə xx.xx.2021-ci ildə cavabdehlə birgə yaşadıqları dövrdə "xxxx" ASC-nin Gəncə Filialından 4500 (dörd min beş yüz) manat kredit götürmüşdür. Həmin banka hər ay 179 manat kredit ödəmişdir. Həmin bankdan eləcə də albalı kartla 1000 manat almışdır və hər ay 5 manat olmaqla pul ödəmişdir. Cavabdehdən ayrıldıqdan sonra "xxxx" ASC-nin Gəncə filialından götürdüyü kredit borcundan hər ay 366 manat ödəməklə 8960 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 16000 manat kredit götürüb, həmin tarixdə 2062 manat "xxxx"a qalan borcuna görə ödəyib borcunu bağlamışdır. Habelə, həmin banka birkarta görə 1756 manat ödəmiş, həmin borcunu da bağlamışdır. O, cavabdehlə ayrıldıqdan sonra "xxxx" ASC-yə cəmi 12778 manat pul ödəmişdir. Qanunvericiliyin tələbinə görə həmin məbləğin yarısını cavabdeh ona ödəməlidir. Ona görə ki, kreditə götürdüyü həmin pulla torpaq alıb ev tikmişlər, həmin evin də yarısı cavabdehindir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə cavabdeh ilə birgə yaşadıqları dövrdə "xxxx" ASC-nin Gəncə filialından götürdüyü 4500 manat kredit puluna görə, eləcə də həmin bankdan albalı kartla götürdüyü 1000 manat pul da cavabdehlə ayrıldıqdan sonra hər ay 179 manat kreditə görə, albalı karta görə isə 5 manat hər ay pul ödəniş etmişdir. "xxxx" ASC-də götürdüyü puldan "xxxx"-dan götürdüyü kreditə görə xx.xx.2023-cü ildə bir dəfəyə 1253,29 manat, albalı karta görə isə 7,79 manat pul ödəniş edib kreditlərini tam ödəyib bağlamışdır. Onu bildirmək istəyir ki, tək özü hər iki bankdan birgəyaşayış dövründə götürdüyü kreditlərini ödəyib bağlamışdır. Hansıki, ödənişin yarısını cavabdeh ödəməlidir. Onun hesablamalarına görə cavabdehdən ayrıldıqdan sonrakı illər və aylarda "Kapital Bank” ASC-yə kreditə və birkarta görə ödədiyi cəmi 12778 manat pulun yarısını, yəni 6389 manat pulu cavabdeh ona ödəməlidir. Bundan əlavə "xxxx" ASC-dən kreditlə götürdüyü 4500 manat kredit puluna görə ödədiyi 4833 manat, eləcə də həmin bankdan Albalı kartla götürdüyü 1000 manat puldan cavabdehlə ayrıldıqdan sonra özü tək ödədiyi 1167 manat, cəmi 6000 manatın yarısını, yəni 3000 manat pulu da cavabdeh ona ödəməlidir. Beləliklə, cavabdeh ona cəmi ödədiyi kredit borcları ilə bağlı 9389 (doqquz min üç yüz səksən doqquz) manat pul ödəməlidir. Cavabdehdən həmin pulu tələb etsə də vermir, yayınır. Cavabdeh onun tələblərini qəbul etmir və onun yalnız qanunvericiliyin tələblərinə əsasən məhkəmədə cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Bundan başqa, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçıla birgə yaşayış dövründə "xxxx" ASC-dən götürdüyü xx.xx.2021ci il tarixli kredit müqaviləsinə görə, ayrılandan sonra ödədiyi 8900 manat pulun yarısının, yəni 4450 manatın və xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən götürdüyü kart kreditinə görə, ayrılandan sonra ödədiyi 1558 manatın yarısının, yəni 779 manatın, ümumilikdə 5229 manat pulun İddiaçı alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, xx.xx.2017-ci il tarixdə onunla rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Nazir adlı bir övladları var. Lakin cavabdehlə ailə münasibətlərini davam etdirmək mümkün olmamış və xx.xx.2022-ci il tarixdə rəsmi olaraq ayrılmışlar. Faktiki olaraq isə 2022-ci ilin mart ayında ayrılmışlar. Cavabdeh ona qarşı iddia irəli sürərək birgə nikah dövründə aldığı kredit məbləğlərinin guya nikah pozulduqdan sonra ödədiyi hissəsinin yarısının ondan tutulmasını tələb edir. Halbuki işin halları tamamilə fərqlidir. Belə ki, nikah dövründə onun adına da kredit götürmüşlər və bu kredit məbləğinin xeyli hissəsini o, həqiqətən də cavabdehlə ayrıldıqdan sonra ödəmişdir. Cavabdeh bu barədə bir cümlə belə qeyd etməyib. Halbuki onun iddia etdiyi məbləğ real deyil, onun adına olan kreditlər isə realdır. Çünki cavabdehin qeyd etdiyi 10000 manatlıq kredit nikahlarından əvvəl götürdüyü kredit məbləğinin təzələnməsi idi ki, ələ çatan real məbləğ 10000 deyil, 1500 manat olmuşdur. Təzələnmiş bu kreditin 8500 manatı onun birinci nikahdan olan qızının cehiz məsrəfləri üçün Əsəd tərəfindən 2016-cı ildə götürülmüş kreditin qalığı idi, həmin borc bağlanmışdı və 1500 manat pul qalmışdı. Həmçinin digər kredit məbləğlərindən onun xəbəri olmayıb, cavabdeh onları nə vaxt götürüb, hara xərcləyib bilmir. Ola bilsin öz şəxsi ehtiyacları üçün xərcləyib. Beləliklə, o xx.xx.2021-ci ildə "xxxx"dan götürdüyü kreditə görə ödədiyi 9910 manat pulun 8900 manatını və xx.xx.2020-ci il tarixdə "xxxx"dan götürdüyü 1000 manatlıq karta görə 1558 manatını cavabdehdən ayrılandan sonra ödəmişdir. Həmin götürdüyü pulları torpaq sahəsinin alınmasına və evin tikintisinə sərf etmişlər, hansı ki, həmin torpaq sahəsi və ev məhkəmə qərarı ilə aralarında bölünüb. Odur ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, həmçinin əlavə etdi ki, ailə quranda bankdan pul götürüb torpaq alaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini tikdirmişdir, faktiki olaraq Cavabdeh ilə 2022-ci ilin mart ayının 4-də ayrılsalar da, rəsmi olaraq 2022-ci ilin oktyabr ayında nikahları pozulmuşdur. Birgə nikah dövründə hər ay 700 manat məbləğində kredit ödənişləri etmişdir, hazırda qəbzlər də özündədir, "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2016-cı il tarixdə 10000 manat, 2017-ci ildə birkart vasitəsilə 1700 manat və 2021-ci ildə 2250 manat kredit götürərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpağın alınmasına və evin inşasına xərclənmişdir. Bundan başqa, "xxxx" KB ASC-dən birgə nikah dövründə - 2017-ci ildə kart vasitəsilə 300 manat və xx.xx.2021-ci il tarixdə 4500 manat nağd kredit götürmüşlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, onu da əlavə etmişdi ki, iddiaçının söylədikləri yalandır, sözügedən torpağı atasıgil alıb, iddiaçı "xxxx" ASC-dən götürdüyü 10000 manat krediti birgə nikahdan əvvəl götürərək, əvvəlki nikahdan olan qızının cehiz əşyalarının alınmasına xərcləmişdir. Cavabdehin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh məhkəməyə yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi "xxxx" ASC-dən götürdüyü 10000 manat kredit İddiaçı onunla nikahından əvvəlki kredit borcunun ödənilməsi ilə əlaqədar olmuşdur, onun 8500 manat hissəsini qızının (əvvəlki nikahından) cehizi üçün xərcləmişdir. Bu halı sübut etmək üçün "xxxx" ASC-yə müraciət etsə də, ona bunun bank sirri olduğu bildirilmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən sübutun əldə edilməsi üçün ona yardım edərək, bankdan həmin məlumatın əldə edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti əsasında Gəncə Şəhər Məhkəməsinin 2(125)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.1970-ci ildə Goranboy rayonu, Baxçakürd kəndində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi: AA 1911965, FİN - xxxxxxx) İddiaçı və xx.xx.1991-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi: AZE ********, FİN - xxxxxxx) Cavabdeh adlarına "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" X4 Səhmdar Cəmiyyətində xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bank xidmətlərinin göstərilməsi üzrə pul vəsaitlərinin kredit verilməsi və depozitə qoyulması barədə müqavilələr, eləcə də kredit müqavilələrinə dair aparılan ödənişlər (tarixləri, məbləğləri və s.) barədə məlumatların "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" X4 Səhmdar Cəmiyyətindən götürülməsi, qərardadın icrasının müvafiq olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" X4 Səhmdar Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin 02 aprel 2024-cü il tarixli, 2024/111/8576 nömrəli sorğuya cavab məktubunda bankdaxili sistemdə araşdırma aparıldığı qeyd edilərək, təqdim olunan məlumatlara əsasən qərarda qeyd olunan dövr ərzində sorğu olan şəxslərin adlarına rəsmiləşdirilmiş kredit, depozit müqavilələrinin surətləri və hesabdan çıxarışları əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən cavabdehə məxsus xx.xx.2016-cı ildə açılmış AZ08AİİB******************** nömrəli bank hesabı üzrə xx.xx.2017-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2020-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 11914,40 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 127GTKR171560505 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 29,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 2000 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 20 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 127GTKR172130019 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 100 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1KSM**********313127 nömrəli depozit müqaviləsinə əsasən əmanətçi İddiaçı 3000 manat məbləğində pul məbləğini depozitə qoymağı, bank isə əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanətin müddəti 12 ay, illik faiz dərəcəsi 11 faiz olmaqla, faizlər ödənilmə müddəti müddətin sonu nəzərdə tutulmuşdur. Hesabdan çıxarışa əsasən iddiaçıya məxsus 1KSM**********313127 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2017-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2017ci il tarixinədək kart üzrə cəmi dövriyyə 3000 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 127GTKR172970502 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 40 ay müddətinə illik 26,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 13500 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 114,75 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 127GTKR173140008 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 2400 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 24 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 127CLM********** nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 15800 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 94,80 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 127CLM********** nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 25,84 faiz dərəcəsi ilə ödəmək şərtilə 18300 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 109,80 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışa əsasən iddiaçıya məxsus xx.xx.2013-cü ildə açılmış AZ52AİİB******************** nömrəli bank hesabı üzrə xx.xx.2017-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2021-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 145736,50 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944127 nömrəli kredit kartına dair müqaviləsinə əsasən Bank müştəriyə bu müqavilə, habelə müştəri və Bank arasında bağlanan karta dair müqavilə əsasən “birkart” verməyi, həmin “birtkart”a dair bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırmağı, müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəməyi, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışa əsasən iddiaçıya məxsus AZ92AİİB410100C**********128 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2019-cü il tarixindən son əməliyyat tarixi olan xx.xx.2021-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 5192,17 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, hesab, kart və kredit üzrə BRED1742815A127 nömrəli kredit müqaviləsinə əsasən Bank müştəriyə “birkart” ödəniş kartı verməyi, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırmağı, xəttin istifadəsinə bağlı müvafiq hesablar açmağı, müştəri isə həmin kredit xəttindən istifadə etməyi və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışa əsasən cavabdehə məxsus AZ50AİİB410100B**********127 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2020-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 3440,17 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1824759A127 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 25,3 faiz dərəcəsi ilə ödəmək şərtilə 3500 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Hesabdan çıxarışa əsasən cavabdehə məxsus AZ52AİİB410100B**********127 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2020-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2021-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 8237,66 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTGK3761869A128 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə 9000 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Hesabdan çıxarışa əsasən iddiaçıya məxsus AZ92AİİB410100C**********128 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 15692,06 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3762253A128 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə 4500 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Hesabdan çıxarışa əsasən cavabdehə məxsus AZ46AİİB410100C**********128 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 9910,37 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4458595A299 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə 4840 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Hesabdan çıxarışa əsasən cavabdehə məxsus AZ60AİİB410100C**********299 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 6444,49 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBLK4477955A128 nömrəli kredit müqaviləsinə əsasən Bank müştəriyə “birkart” ödəniş kartı verməyi, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırmağı, xəttin istifadəsinə bağlı müvafiq hesablar açmağı, müştəri isə həmin kredit xəttindən istifadə etməyi və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus AZ11AİİB410100C**********128 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 4362,73 manat olmuşdur. "xxxx" KB ASC-nin 30 may 2024-cü il tarixli sorğuya cavab məktubunda tərəflərə məxsus aktiv bank hesablarının mövcud olduğu qeyd edilərək, həmin hesablar üzrə aparılmış əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh ilə bank arasında bağlanmış kreditin məbləği 1890 manat olan, 3818nkGNDJb/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və kreditin məbləği 2900 manat olan, 554sGNDJb/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə müqavilələrin statusu bağlıdır, onun əsas və faiz borcu yoxdur. İddiaçı ilə bank arasında bağlanmış kreditin məbləği 3000 manat olan, 10966nkKPZ/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi, 3021tkKPZ/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi, kreditin məbləği 1200 manat olan, 7879tkKPZ/14 nömrəli, xx.xx.2014cü il tarixli kredit müqaviləsi, kreditin məbləği 974 manat olan, 1920nkKPZ/20 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi, kreditin məbləği 4500 manat olan, 1618nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi, kreditin məbləği 200 manat olan, 8987sGNDJ/21nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi, kreditin məbləği 1200 manat olan, 2517sGNDJb/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və kreditin məbləği 2000 manat olan, 8961nkGNDJb/23 nömrəli, xx.xx.2023cüil tarixli kredit müqaviləsi üzrə müqavilələrin statusu bağlıdır, onun əsas və faiz borcu yoxdur. İş materiallarına əlavə olunan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 9829sGNDJ/19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) illik 36% ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı (cari, ssuda) açmış və ödəniş kartı təqdim etmiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 9786sGNDJ/19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə (ödəniş kartı vasitəsilə) 20000 manat məbləğində kredit ayırmışdır. İş materiallarına əlavə olunan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1618nkGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana xx.xx.2024-cü il tarixinədək illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 4500 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında İddiaçı hər ay 179 manat, sonuncu ay isə 182,47 manat ödəməli olması nəzərdə tutulmuşdur. Hesabdan çıxarışa əsasən iddiaçıya məxsus AZ77UBAZ**********1010AZN001 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 7024 manat olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8987sGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana xx.xx.2024-cü il tarixinədək illik 26 faiz dərəcəsi ilə ödəmək şərtilə kredit ayırmış, kreditin ilkin limiti 200 manat müəyyən edilmişdir. Hesabdan çıxarışa əsasən iddiaçıya məxsus AZ50UBAZ**********41010AZN001 nömrəli bank hesabı üzrə hesabın açılma tarixi olan xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə cəmi dövriyyə 256 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.3 və 36.4. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2017-ci il tarixli Qərarı: Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı: Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. ...Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. ...Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. ...Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı: 1.3. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, hər iki tərəf faktiki olaraq 2022-ci ilin mart ayından ayrıldıqlarını bildirir. İlkin iddia üzrə iddiaçı birgə nikah dövründə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2016-cı il tarixdə 10000 manat, 2017-ci ildə birkart vasitəsilə 1700 manat və 2021-ci ildə 2250 manat kredit götürərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpağın alınmasına və evin inşasına xərcləndiyini, habelə "xxxx" KB ASC-dən - 2017-ci ildə kart vasitəsilə 300 manat və xx.xx.2021-ci il tarixdə 4500 manat nağd kredit götürdüyünü bildirir və faktiki ayrıldıqları vaxtdan həmin müqavilələr üzrə ödədiyi pulun yarısını cavabdehdən tələb edir. Məhkəmə əvvəla iddiaçının xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən götürdüyü 10000 manat məbləğində kredit üzrə tələbə münasibətdə qeyd edir ki, tələb əsassızdır ona görə ki, həmin kredit tərəflərin nikahından əvvəl əldə edilmişdir və tərəflərin ümumi öhdəliyinə aid deyil, iddiaçının özünün öhdəliyidir. Bundan başqa, iş materiallarından iddiaçının "xxxx" ASC ilə xx.xx.2017-ci il tarixli, 127GTKR172130019 nömrəli; xx.xx.2017-ci il tarixli, 127GTKR172970502 nömrəli; xx.xx.2021-ci il tarixli, GTGK3761869A128 nömrəli; eləcə də "xxxx" KB ASC ilə xx.xx.2020-ci il tarixli, 1618nkGNDJ/21 nömrəli; xx.xx.2021-ci il tarixli, 1618nkGNDJ/21 nömrəli və xx.xx.2021-ci il tarixli, 8987sGNDJ/21 nömrəli kredit müqavilələri bağladığı görünür. Lakin məhkəmə həmin müqavilələr üzrə də ilk iddia tələbini əsassız sayır və belə qənaətə gəlir ki, yaranmış borc ümumi borc hesab oluna bilməz. Belə ki, iddiaçı həmin öhdəliklərin tərəfi olsa da, öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməmiş, bu barədə hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, bu fakt işin mübahisə olunmayan halı da deyil. Məhkəmə qarşılıqlı iddianın təmin edilməsi üçün də əsas görmür. Belə ki, cavabdeh də öz növbəsində birgə nikah dövründə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə pul vəsaiti götürdüyünü bildirir və faktiki ayrıldıqları vaxtdan həmin müqavilələr üzrə ödədiyi pulun yarısını iddiaçıdan tələb edir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, BRED1742815A127 nömrəli və xx.xx.2021-ci il tarixli, GTKR3762253A128 nömrəli kredit müqavilələri bağlanmışdır. Lakin məhkəmə həmin müqavilələr üzrə qarşılıqlı iddia tələbini də əsassız sayır və belə qənaətə gəlir ki, yaranmış borc ümumi borc hesab oluna bilməz. Belə ki, iddiaçı həmin öhdəliklərin tərəfi olsa da, öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməmiş, bu barədə hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, bu fakt işin mübahisə olunmayan halı da deyil. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk və qarşılıqlı iddia tələbləri təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1887/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1887/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver