Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1888/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyana görə 320 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında özünə məxsus “VAZ-21099” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı evin yaxınlığında “NBT” qadın salonunun qarşısında saxlayarkən cavabdeh avtomobilinə kimyəvi maddə tökmüş və avtomobilin alın şüşəsinə, qapılarına ziyan vurmuşdur. Bunun nəticəsində Cavabdeh polis idarəsində material üzrə araşdırma zamanı izahatında boynuna almış, özü etdiyini demişdir. Qüsur aktın rəyi əsasında onun avtomobilinə 320 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə etdiyi məhkəmə qərarlarından göründüyü kimi, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli, MN 18385526 nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinə 28 dekabr 2023-cü il tarixli, 3(125)-3357/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə ziyanın bir misli miqdarında, yəni 320 manat məbləğində cərimə edilmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 3(104)-58/2024 nömrəli işə baxılmış və qərar qüvvədə saxlanılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilən qüsur aktı rəyindən görünür ki, İddiaçı məxsus “VAZ-21099” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə 320 manat məbləğində zərər dəymişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi ona məxsus olan avtomobilin üzərinə çirkli və kimyəvi tullantıların mayesi tökülmüş və bunun nəticəsində maşının şüşəsi çatlamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, hadisə sentyabrda baş vermişdir. Müvəqqəti olaraq maşını salonun qarşısında saxlamışdır. Cavabdeh demişdir ki, “bura mənim ərazimdir”, maşının üstünə kraska tökmüşdür. Maşın ekspertizadan keçmiş, dəyən zərər 320 manat müəyyən edilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli, qüsur aktı-rəyin surətindən görünür ki, VAZ-21099 markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı Elnur Ələkbərov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış, Cavabdeh Ziyad qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinin tərkibi yarandığından inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-yə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 320 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-58/2024 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 3357/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur və həmin ziyanın məbləği qüsür aktı barədə rəyə əsasən 320 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi məhkəmə iclasında tam sübuta yetirildiyindən və vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan, iddia təmin olunmalı, vurulmuş zərərin əvəzi 320 (üç yüz iyirmi) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə -müharibə veteranları, dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 320 (üç yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1888/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1888/2024
30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver