Məhkəmə qərarları › İş №2(125)-1913/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1913/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1913/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2040/2022 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (125)-2040/2022 saylı qətnaməsi ilə birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Uşaq böyümüş və tələbatları artmışdır. Özü günü 10 manata dönərxanada işləyir, uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşı olsa da, alimentdən başqa heç bir əlavə yardım göstərmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, ailə həyatı qurmuş, 1 uşağı vardır. Sürücü işləməklə, əmək haqqı 380 manatdır. Atası yaşlı adam, anası isə xəstədir. Əlavə aliment ödəməyə maddi imkanı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 556865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2040/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-1272/2018 nömrəli qətnaməsi əsasında tutulan 154 manat alimentin məbləği artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1-00248 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş:-AZ-İİ 347508 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahları xx.xx.2019-cu ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 215 nömrə ilə qeydə alınmışdır. AZ-İV 392372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin başqa nikahından himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Əli adlı bir azyaşlı uşağı vardır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləməklə, aylıq əmək haqqı 380 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2040/2022 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 1272/2018 nömrəli qətnaməsi əsasında tutulan 154 manat alimentin məbləği artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Təyin olunmuş 170 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2040/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi, iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirib alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsini tələb etmişdir. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, cavabdehin himayəsində 1 azyaşlı uşağının olmasını əsas tutaraq, alimentin məbləğinin qismən artırılaraq hər ay 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci 55 manatın yarısı 27,50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2040/2022 nömrəli qətnaməsi əsasında tutulan 170 manat alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı 27,5 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar