Məhkəmə qərarları › İş №2(125)-1924/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1924/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1924/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan avtomobilə vurduğu zərərə görə 1300 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə təqribən saat 17:40 radələrində etibarnamə ilə idarə etdiyi avtomobili ilə onun idarə etdiyi “Nissan” markalı avtomobilini vuraraq ona maddi zərər vurmuşdur. Hadisə yerinə X1 şöbəsinin polis əməkdaşları gəlmişlər və onun inzibati xətanın törətməsi öz təsdiqini tapmışdır. Hazırda cavabdehin avtomobilinin sığortası olmadığına görə avtomobilinə dəymiş zərərin ödənilməsində sığorta ödənişi təmin edilməmişdir. Cavabdeh dəyən zərəri könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş ziyanın əvəzi qismində 300 manat ödəməyə razı olduğunu bildirdi, iddianın qalan hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh 469.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 17:40 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ21043” markalı, **-BK-*** qövlət qeydiyyat nişanlı avtomobili R.Qasımov küçəsi ilə idarə edərkən ara məsafəsi qaydasını pozduğu üçün qarşıdan gedən “Nissan” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxa hissədən toqquşmuşdur. Hadisə yerinə X1 idarəsinin əməkdaşları gəldi və barəsində avtomobilin sığortasının müddəti bitdiyi üçün və qaydanı pozduğu üçün qanuna müvafiq qaydada protokol tərtib etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2774 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Avtokomission» mağazası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1000,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 300,00 manat; təmir-bərpa işlərinin qiyməti isə-700.00 manatdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı mülki iş üzrə iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə cavabdehin vurduğu ziyanın əvəzi qismində 1300 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh tələbi qismən etiraf edərək 300 manat ödəməyə razı olduğunu bildirmiş, iddianı qalan hissədə əsassız hesab etmişdir. Tələb üzrə xüsusi bilik tətbiq edilməklə avtomobilin təmir-bərpa xərci 1000 manat müəyyən edilmişdir və bu barədə ekspert rəyinin əsaslı olmasını təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi qismində 1000 manat pul tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehdən 30 manat pul tutularaq iddiaçıya ödənilməli; cavabdehdən ekspertiza xərci olan 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar