Məhkəmə qərarları › İş №2(125)-1945/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1945/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1945/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, bir müddət əvvəl o, cavabdehin bir qızının rəhmətə getdiyini və 2 nəvəsinə tək baxdığını eşitmişdir. O, cavabdehlə ailəvi dost olduqlarına və cavabdehin pula ehtiyacı yarandığına görə həmin şəxsə kömək təklif etmişdir. Bu zaman Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını 10.300 manat məbləğinə ona satmışdır. Lakin Cavabdeh sonradan həmin qızıl-zinət əşyalarını geri almaq istədiyini bildirmiş və buna görə ona hissə-hissə ödənişlər etməyə başlamışdır. Cavabdeh ona olan borcunun müəyyən hissəsini ödədikdən sonra 6.800 manat məbləğində borcu qalmışdır. 11 iyun 2022-ci il tarixdə Cavabdeh ona zəng edərək, hazırda Bakı şəhərində olduğunu və yaşadığı ünvana gedib, qızılları qulluqçusu X2 verməyi və 6.800 manat məbləğində pul vəsaitini də X1 almağı xahiş etmişdir. Buna görə də o, Cavabdeh yaşadığı ünvana getmişdir. O, qızıl-zinət əşyalarını stolun üstünə qoyduqdan dərhal sonra X3 qızılları götürərək, qaçmış və otaqların qapısını bağlamışdır. Bundan dərhal sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığına görə ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh onda yalnız bir ədəd bilərziyi qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı sələm vermək yolu ilə qazanc əldə edir. O, 2018-ci ildə 6.000 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymaqla, 6.000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır. 2018-ci il tarixdən hazırki tarixədək ötən müddət ərzində o, İddiaçı ümumilikdə 12.000 manat məbləğindən artıq vəsait ödəmişdir. 11 may 2022-ci il tarixdə İddiaçı onun yaşadığı evə gəlmiş və borcunu tam məbləğdə ödədiyinə görə girov qoyduğu qızıl-zinət əşyalarını ona geri qaytarmışdır. Onun Ü.T.Tağıyevdə yalnız dəyəri 200 manat məbləğində olan 1 ədəd bilərziyi qalmışdır. Bundan sonra o və İddiaçı xoş təəssüratla ayrılmışlar. Lakin ona məlum olmayan səbəbdən İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə zəng edərək, onun barəsində böhtan xarakterli şikayət etmişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng edərək, 6.000 manat dəyərində qızıl-zinət əşyalarını almaq məqsədi ilə ona yaxınlaşan Mətanət adlı şəxsin qızılları götürüb qaçmasını bildirmişdir. Həmin müraciət xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində HK-1/1556 sayla qeydə alınaraq, icraata daxil edilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı məxsus 6.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması və ya ələ keçirilməsi faktı öz təsdiqini tapmamış, İddiaçı Cavabdeh qarşı olan tələbinin mülki xarakterli olması məlum olduğundan həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrı qızıl-zinət əşyalarını girov qoymaqla İddiaçı əlavə faizlər ödəmək şərti ilə fərqli məbləğlərdə borc almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında əvvəllər borc münasibətləri olmuş və bununla əlaqədar Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını İddiaçı girov vermişdir. Lakin sonradan Cavabdeh İddiaçı olan borcunu ödəmiş və bununla əlaqədar İddiaçı Cavabdeh məxsus olan qızıl-zinət əşyalarını sonuncuya qaytarmışdır. Qeyd olunan xüsusatlar, yəni tərəflər arasında borc münasibətlərinin olması və öhdəliklərin icrası qaydası tərəflərin izahatları ilə yanaşı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərlə də öz təsdiqini tapmışdır. Lakin İddiaçı Cavabdeh qarşı 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh 6.800 manat dəyərində olan qızılzinət əşyalarını alqı-satqı əsasında almasını və həmin qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən qanunsuz ələ keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və daha sonra cavabdehin öz öhdəliklərini icra etməməsini, eləcə də ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Digər tərəfdən başqa şəxsin mülkiyyətindəki dəyəri 5.000 manat məbləğindən çox olan əmlakın bu və ya digər qaydada ələ keçirilməsi həmin əməlin törədilmə üsulundan asılı olaraq onu törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi əsasıdır. Lakin iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2022-ci il tarixli qərarda aparılmış araşdırma zamanı İddiaçı məxsus 6.000 manat dəyərində qızılzinət əşyalarının oğurlanması və ya ələ keçirilməsi faktının öz təsdiqini tapmadığı qeyd olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2022-ci il tarixli qərarın qanuniliyi isə İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, tərəflər öz izahatlarında cavabdehə məxsus bir ədəd bilərziyin iddiaçıda qaldığını bildirmişlər. Digər qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürüldüyü halda yalnız bir ədəd bilərziyin iddiaçıda qalması isə ağlabatan deyildir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını, eləcə də İddiaçı öz iddia tələbinin əsası kimi göstərdiyi xüsusatları və sübutların məcmusunu müqayisəli tədqiq edərək, hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi hallar inandırıcı olmamaqla yanaşı, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş və qeyd edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar