Məhkəmə qərarları › İş №2(125)-1947/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1947/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1947/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1746 manat pulun, ödənilmiş 37,46 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Budan başqa X3 cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin iyul ayında sosial şəbəkələrdə telefonunu satmaq barəsində paylaşım etmişdir. Tanış olduğu Cavabdeh2 onunla əlaqə saxlamışdır. Hal-əhval tutduqdan sonra qohumu Cavabdeh1 telefonu almaq istədiyini, ancaq pulunu borc şəklində ödəyəcəyini bildirmişdir. O, telefonu 2950 manata satdığını bildirmiş, bir az sövdələşdikdən sonra 2830 manata razılaşmışdırlar. xx.xx.2023cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə zəngləşib görüşmüş, bir az söhbətdən sonra qərara gəlmişdirlər ki, Cavabdeh1 və Cavabdeh2 500 manat verib, qalan 2328 manat borcu hər ay 194 manat olmaqla 12 aya ödəyəcəkdirlər. O, hər ehtimala onların bu dediklərini kimliklərinin surətinə öz xəttləri ilə yazıb imzalamalarını bildirmiş, onlar isə razılaşmışdırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 194 manat, xx.xx.2023-cü il tarixdə 194 manat və xx.xx.2023-cü il tarixdə 194 manat olmaqla, cəmi 582 manat pul ödəmiş, qalan 1746 manat pulu ödəməkdən boyun qaçırmışdırlar. Hər dəfə müxtəlif bəhanələrlə zənglərə cavab verməmişlər. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, telefonu cavabdehlərə sosial şəbəkə vasitəsi ilə deyil mağazada satmışdır. Telefonu cavabdehlərin hər ikisi alaraq birgə borclu kimi öhdəliyi yerinə yetirməyi üzərlərinə götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər telefonu ondan alaraq X2 vermişlər. Cavabdehlər telefonu alanda 500 manat ilkin ödəniş edilmiş, qalan məbləğdən isə üç dəfə 194 manat olmaqla, cəmi 582 manat ödəniş edilmişdir. Ödənişi üçüncü şəxs Elvin etmişdir. 1746 manat məbləğində borc isə hazırki vaxtadək ödənilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlər tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, sözügedən mobil telefonu iş yoldaşının qardaşı Elvin adlı şəxs almış, 500 manat ilkin ödənişini, eləcə də digər ödənişləri Elvin özü etmişdir. İş yoldaşı ondan xahiş etmiş, rəsmi iş yeri olduğuna görə o, sadəcə qol çəkib, zamin durmuşdur. İddiaçı özü də telefonu satan zaman Elvin adlı şəxsin aldığını, onların sadəcə zamin durduğunu bilmiş, iddia ərizəsində düzgün olmayan məlumatlar göstərmişdir. Belə ki, sosial şəbəkə vasitəsilə heç bir söhbətləri olmamış, telefonu mağazadan almışdırlar. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, sözügedən telefonu Elvin almış, o, sadəcə zamin durmuşdur. İddia ərizəsində göstərilən məlumatlar yalnış olmaqla iddiaçı ilə sosial şəbəkə vasitəsilə heç bir söhbətləri olmamış, telefonu mağazadan almışdırlar. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 **********94090 İMEİ kodlu, İphone 13 Pro Max markalı telefonu İddiaçı almış, 500 manat vermiş, qalan hissəni hər ay 194 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 **********94090 İMEİ kodlu, İphone 13 Pro Max markalı telefonu İddiaçı almış, 500 manat vermiş, qalan hissəni hər ay 194 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər nisyə alqı-satqı müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, lakin cavabdehlər öhdəliyi yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etməyib, sözügedən mobil telefonu Elvin adlı şəxsin almasını, özlərinin isə sadəcə formal olaraq imza etdiklərini, həmçinin iddiaçının da mobil telefonu Elvin adlı şəxsin almasını bildiyini əsas gətirərək iddia tələbinə qarşı etiraz etmişlər, lakin etirazlarının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1746 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 37,46 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1746 (bir min yeddi yüz qırx altı) manat pul və dövlət rüsumunun əvəzi olaraq 37,46 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar