Məhkəmə qərarları › İş №2(125)-1953/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1953/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1953/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsininxx.xx.2021-ci il tarixli 2(044)-1356/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1356/2021 saylı qiyabi qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və məhkəmənin qəbul etdiyi qiyabi qətnamələrini icra edərək vaxtında aliment ödənişlərini yerinə yetirir. X1 18 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş və Elzaya görə aliment məbləğinin ödənişi dayandırılmışdır. X2 xx.xx.2007-ci il təvəllüdlüdür və hal-hazırda 16 yaşı var. Təyin olunmuş 175 manat aliment məbləği ilə Yunisin maddi təminatını təmin etmək qeyri-mümkündür. Hamıya məlumdur ki, ərzaq və digər məhsullarda gündəlik qiymət artımları baş verir və nəticədə ailənin maddi durumu günü-gündən pisləşir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında işləyir və özünün də etiraf etdiyi kimi maddi vəziyyəti yaxşıdır. Alimentin artırılması məqsədi ilə cavabdehlə telefon əlaqəsi saxlamış, cavabdeh hansı məbləğdə aliment təyin edilərsə həmin məbləğdə alimenti ödəyəcəyini bildirmişdir. 18 yaşı tamam olmasına baxmayaraq qızının da saxlanılması onun üzərinə düşür. O, oğlu Yunisin maddi təminatını da tam təmin edə bilmir. Hesab edir ki, cavabdeh oğlu Yunisin saxlanılması üçün maksimum səviyyədə kömək edəcəkdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehlə 6 ildir ki, ayrılmışlar. Cavabdeh Rusiya Federasiyasında mağaza işlədir və maddi imkanı yaxşıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 17 iyun 2004-cü il təvəllüdlü X4 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 ataları Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 dekabr 2010-cu il tarixdə 218 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1356/2021 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3805/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 24 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini, eləcə də cavabdehin aliment ödədiyi uşaqlardan birinin yetkinlik yaşına çatması ilə əlaqədar olaraq cavabdehin aliment öhdəliyinin azalmasını tərəflərin maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Həmçinin cavabdeh əvvəllər iki uşaq üçün 350 manat aliment ödədiyi halda hazırda onun aliment ödəmək öhdəliyi bir uşaqla məhdudlaşır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən bir uşaq üçün 400 manat aliment tələb etsə də cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də alimentin miqdarı uşağın əvvəlki təminatının mümkün qədər maksimal saxlanması meyarı, iddiaçının uşağı bilavasitə saxlaması və gündəlik qayğıları ilə məşğul olması nəzərə alınmaqla artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normaya uyğun olaraq ilkin mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1356/2021 saylı qiyabi qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 220 (iki yüz iyirmi) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış miqdarda aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar