Məhkəmə qərarları › İş №2(125)-1956/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1956/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1956/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qapılar üçün verdiyi məbləğin geri qaytarılması üçün, həmçinin əsəb, stress və digər hallarla bağlı ona maddi və mənəvi ziyana görə təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək Cavabdeh qapılar üçün 1500 manat və mənəvi ziyana görə 500 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh İddiaçı 2022-ci ilin fevral ayında fəaliyyət göstərdiyi mağazadan qapının bir ədədinin qiyməti usta haqqı, quraşdırılma daxil 360 manat olmaqla 4 ədəd Avropa qapısı sifariş vermişdir. Həmçinin yapışqan üçün 60 manat ödəmişdir. Satıcı olan cavabdeh ən geci üç gün ərzində qapıları gətirib, quraşdırılmasına dair söz versə də uzun müddətdən sonra qapılar gəlmişdir. Belə ki, qapılar o sifariş etdiyi kimi gəlməmiş, biri digər üçündən fərqli olmuşdur. Bunu cavabdehə demiş və pulunu geri istəmişdir. Cavabdeh isə bundan imtina etmiş yalnız qapıları satdığını, usta və quraşdırma işlərinin ona aid olmadığını bildirmişdir. O isə qapıları alan zaman həmin xidmətlər qapının qiymətinə daxil idi, qapıların qiyməti isə daha ucuz idi. Ümumilikdə cavabdehə 1500 manat pul vermişdir. Və malın keyfiyyəti onu qane etməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 122-18600Q-3222 saylı məktubundan görünür ki, İddiaçı şikayəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan alqı satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehdən quraşdırma daxil olmaqla 1500 manat dəyərində 4 ədəd Avropa qapısı almışdır. Cavabdeh iddiaçının seçimi ilə müqavilədə nəzərdə tutulan maldan fərqli malı iddiaçıya vermişdir. İddiaçı malların komplektinin tamamlanmasını tələb etsə də cavabdeh müəyyənləşdirilmiş müddətdə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçı 4 ədəd Avropa qapılarına görə ödədiyi 1500 manat pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin 500 manat mənəvi ziyanın tutulmasına gəldikdə qeyd edir ki, iddiaçı 500 manat mənəvi ziyanın nədə ifadə olunması və bunun nə ilə əsaslandırılması barədə sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı Cavabdeh 1500 (bir min beş yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar