Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1957/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 1500 manat məbləğində maddi ziyanın və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzinin, cəmi 1535 manat məbləğində pulun alınıb ona verilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Xoşqədəm firmasında “Bakı-Gədəbəy” marşurutu ilə hərəkətdə olan “DAF” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtobus mülkiyyət hüququ ilə ona məxsusdur. Avtobusu etibarnamə əsasında X4 idarə edir. 15 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakıdan Gədəbəyə gələn həmin avtobus 16 sentyabr 2022-ci il tarixdə saat 02-03 radələrində Gədəbəy şəhərinə çatmışdır. Avtobusun sürücüsü X1 avtobusu Gədəbəy şəhərində olan avtovağzalda saxlayaraq dincəlmək üçün otelə getmiş, avtobusda qalan köməkçi işləyən Cavabdeh isə avtobusda qalaraq səliqə-səhman yaratmışdır. Bir müddət keçdikdən sonra Cavabdeh avtobusda olan bir nəfər qadınla aralarında yaranmış mübahisə zəmnində qadının əlində olan dəmir əşya ilə avtobusun qabaq şüşəsini sındıraraq ona 1500 manat ziyan vurmuşdur. Bununla əlaqədar Gədəbəy rayon Polis şöbəsinə şikayət edilmiş, şikayətlə əlaqədar şöbənin təhqiqat bölməsində araşdırma aparılmış, Təhqiqat Bölməsinin təhqiqatçısı İlham Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Cavabdeh əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda həmin qərarla dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilən qərarla da müəyyən edilir ki, Cavabdeh həqiqətən ona məxsus olan avtobusun qabaq şüşəsini sındırmaqla 1500 manat maddi ziyan vurmuşdur. O, özü də izahatında bu faktı etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək xx.xx.2022-ci ildə “DAF” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtobusda mübahisə zamanı əlində olan dəmir maşın açarıyla avtobusun ön şüşəsini qırdığını və şüşənin 900 manat olmağını qəbul etdiyini bildirdi. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AD 947348 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı adınadır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 Gədəbəy rayon Polis şöbəsinə etdiyi müraciəti üzrə hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X3 məxsus avtobusun şüşəsinin Cavabdeh tərəfindən sındırılması nəticəsində Eyvaz Abbasova dəymiş ziyanın ödənilməsi barədə tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Həmin qərara əsasən, Cavabdeh izahat verərkən Gəncə şəhərində yaşamasına baxmayaraq,'"Gədəbəy-Bakı” marşurutu ilə işləyən X3 məxsus avtobusda köməkçi kimi işlədiyini bildirmişdir. Cavabdeh deməsinə görə tanımadığı Bakı şəhərindən bir nəfəq sərnişin qismində gələn xanım gecə olduğu üçün gedəcəyi ünvanana gedə bilmədiyinə görə səhərə kimi avtobusda oturmağını ondan xahiş etdiyini, səhər-səhər isə hava açılandan sonra çıxıb getdiyini və yenədə həmin qadının kim olduğunu və harada yaşamasını bilmədiyini bildirmişdir. Cavabdeh səhər-səhər avtobusdan yerə düşmək istəyərkən eytiyatsızlıqdan əlində olan dəmir açarın avtobusun qabaq şüşəsinə dəyərək çüçənin çatladığmı bildirmişdir. Elə həmin vaxt Cavabdeh avtobusun sahibi Eyvaz Abbasova sınmış şüşəni ödəyəcəyini bildirsə də sonradan imkanı olmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh Eyvaz Abbasova məxsus DAF markalı avtobusun qabaq şüşəsini ehtiyatsızlıqdan sındırdığını etiraf edərək hazırda sınmış şüşəni tam ödəməyə imkanı olmadığını, həmin şüşəni bir neçə aya ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı iş üzrə iddiaçı onun mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi qismində 1500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh yazılı ərizə təqdim edərək həmin avtomobilə 900 manat ziyan vurduğunu etiraf etmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan nəqlliyyat vasitəsinə dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, iddiaçı maddi zərərin əvəzini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı həmin hissədə iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı qismən etirafı qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etirafı qəbul edilməli və həmin hissədə iddia təmin edilərək vurulmuş maddi ziyanın əvəzi qismində 900 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməlidir. Belə ki, iddiaçının ona 1500 manat ziyan dəyməsini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi, Əhmədiyyəyev Əhmədiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qaimə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin qaimə qeyd edilmiş “1500” rəqəminin hansı məzənnəylə hesablanması, ümumiyyətlə mübahisəli avtomobilə dəymiş ziyanın hesablanma əsasları, qayda və üsulu təsbit olunmur. Buna görə həmin qaimə iddianın qalan hissədə (1500- 900=600), yəni 600 manat pulun tutulması hissəsində tələbin təmin olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 30 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1957/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1957/2023
16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver