Məhkəmə qərarları › İş №2(125)-1961/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1961/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1961/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə onu mülki iddiaçı qismində, təqsirləndirilən şəxs Cavabdeh mülki cavabdeh qismində tanımaqla ona vurulmuş 3000 (üç min) manat maddi ziyanın təqsirləndirilən şəxsdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Belə ki, MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmçinin, MPM-in 150.1.5-ci maddəsinin tələbinə görə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Hazırki iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərilməmişdir ki, bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Bundan başqa, iddia ərizəsinə yalnız iddia ərizəsinin surəti və dövlət rüsumu barədə qəbz əlavə edilmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsinə əlavə edilməmişdir. Belə halda hazırki işin ərazi və ya məhkəmə aidiyyəti üzrə də hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək mümkün deyil. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, qeyd edilməlidir ki, hazırki ərizə “mülki iddia” başlıqlı ərizə kimi verilmiş və məzmunda yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə istinad edilmişdir ki, bu hal həmin ərizənin mülki prosessual qaydada deyil, cinayət prosessual qaydasında baxılmalı olmasına dəlalət edir. Odur ki, təkrarən məhkəməyə müraciət edilərkən işin mülki və ya cinayət qaydasında verildiyi ərizədə aydın ifadə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar