Məhkəmə qərarları › İş №2(125)-1973/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1973/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1973/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı borc tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona verdiyi 40000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İddiaçı borcun ödənilməsi ilə bağlı ilk olaraq digər tərəfə yazılı bildiriş göndərməli, borc ödənilmədiyi halda müqavilənin şərtlərinə əsasən notariat orqanına müraciət etməli olduğu halda, birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan müqavilənin 7-ci bəndinə əsasən borcun icra qeydi əsasında alınması tərəflər arasında razılaşdırıldığından və İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün notariat orqanına müraciət etməsinə dair məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh X3 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar