Məhkəmə qərarları › İş №2(125)-1980/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1980/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1980/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1692 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə VAZ-21015 markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili 5300 manata alımışdır. Avtomobili alarkən cavabdeh, avtomobilin lombarda olduğunu, bir ay müddətində lombardın borcunu verib avtomobili çıxarandan sonra alqı-satqını rəsmiləşdirəcəyini bildirmişdir. O, əvvəlcə cavabdehə 500 manat beh vermiş, xx.xx.2023-cü il tarixdə ona əlavə olaraq 4800 manat pul vermişdir. 30 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində 4800 manat pulu cavabdehə borc verdiyi barədə kredit müqaviləsi bağlamışdır. O, ay yarım cavabdehi gözləmiş, sonra dəfələrlə ona zəng edib alqı-satqını rəsmiləşdirməyi tələb etmişdir. Cavabdeh bir müddət tezliklə rəsmiləşdirəcəyini bildirsə də, sonra telefona da cavab verməmişdir. 2023-cü ilin mart ayının əvvəllərində lombardın əməkdaşları Aftandil gilə gəlib avtomobilin nömrəsini söküb aparmışdılar. Orada da cavabdeh borcu ödəyəcəyini bildirsə də, ödəməmişdir. Nəticədə o, avtomobilə görə cavabdehə verdiyi 5300 manatdan əlavə onun borcunun əvəzinə 1692 manat pulu da ödəmişdir. Bundan sonra, cavabdehin evinin yerini öyrənib anası ila birlikdə onun evinə getmişdir. Cavabdehin anası İhamə kredit müqaviləsinin vaxtı qurtaranadək lombardın borcunu qaytaracaqlarını bildirmişdir. Müqavilənin müddəti qurtarandan sonra ona “ gedin Aftandildən nömrələri götürün, avtomobili sürün, lombard bizim adamdır” söyləmişdir. Lombardın müdiri X1 “avtomobil mənimdir, sən nahaq ona pul vermisən, cavabdeh mənə cəmi 3500 pul verib”, onun 1692 manat borcu qaldığını bildirmiş, o, məcbur olub cavabdehin ödənilməmiş qalan 1692-manat borcunu özü ödəmişdir. Borcu ödəyəndən sonra B.Dadaşovla xx.xx.2023-cü il tarixdə avtomobilin alqı- satqısını rəsmiləşdirib, öz adına sənədləri götürmüşdür. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh 1692 manat pulu qaytarmamışdır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın təmin olunması və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 606062 nömrəli mədaxil qəbzinin əslindən görünür ki, Cavabdeh 1692 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Hazırkı iş üzrə iddiaçı 1692 manat pulun ödənilməsi öhdəliyini cavabdehin əvəzinə icra etmişdirsə, bu hal həmin icranı təsdiqləyən qəbzin iddiaçı tərəfindən təqdim edilməsi ilə təsdiq olunur və iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Çəkişmə prinsipinin təmin edilməsinə baxmayaraq, cavabdeh tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, iddia təmin edilməli, cavabdehdən 1692 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1692 (min altı yüz doxsan iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar