Məhkəmə qərarları › İş №2(125)-1981/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1981/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1981/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quliyeva X3 Rasim Aqif oğluna qarşı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(104)-820/2021 nömrəli qətnaməsi əsasında tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olumuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Nuray, xx.xx.2016-cı il tarixdə Aylin və xx.xx.2018-ci il tarixdə Əli adlı 3 uşaqları anadan olmuşdur. Cavabdeh evə və uşaqlarına baxmadığı üçün məcbur olaraq aliment tələbi ilə bağlı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1455/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründə anadan olmuş uşaqların saxlanması üçün cəmi 480 manat alimentin Cavabdehdan alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-820/2021 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1455/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, birgə nikah dövründə anadan olmuş uşaqların saxlanması üçün cəmi 390 manat alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. O və uşaqları cavabdehlə birgə kirayədə yaşayır, evin kirayə haqqı 250 manat təşkil edir və evin kirayə haqqını da o özü ödəyir. Cavabdeh evə heç bir ərzaq və digər tələbat malları almır. O isə cavabdehin verdiyi alimenti və həmçinin özünün aldığı əmək haqqını həm ərzaq və tələbat mallarının alınmasına, həm evin kommunal xərclərinə, həm də uşaqların digər məsrəflərinə sərf edir. Halbuki Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində gizir vəzifəsində işləyir. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş 390 manat alimentdən əlavə hər hansı ödəniş etmir. O, özü də hətta Azərbaycan Respublikası Fövəladə Hallarının Nazirliyinin əməkdaşı olub, hər ay sabit əmək haqqı almasına və həmin əmək haqqını da ailə məsrəflərinə sərf etməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Belə ki, uşaqların yaşı artdıqca onların tələbatları da artmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hərbiçidir və aylıq əmək haqqı 1300 manat təşkil etməsinə baxmayaraq, əmək haqqının 390 manatı aliment öhdəliyinə görə, bir hissəsi kredit və borclarına çıxıldıqdan sonra ona yerdə cüzi məbləğ 510 manat qalır. Belə ki, o, iddiaçı və uşaqları ilə birgə kirayədə yaşayır, kirayə haqqının məbləği iddiaçıya dövlət tərəfindən təmin olunur. O isə uşaqlarına şirniyyat və s. alsa da, ərzaq və digər tələblarını almır. Həmçinin evin kommunal xərclərini, uşaqların hazırlığına lazım olan vəsaiti və digər ehtiyacları İddiaçı qarşılayır. Onun hər ay cəmi 500 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı vardır. Belə ki, onun əmək haqqından başqa əlavə gəliri yoxdur və iddiada qeyd edildiyi qədər alimentin tutulması onun maddi vəziyyətinə uyğun deyildir. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1455/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olumuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-820/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1455/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olumuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 3M-33 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixədək Gəncə şəhəri Hərbi şəhərcik 83-də yerləşən 402 nömrəli evin 17 nömrəli mənzilini kirayə götürmüşdür. Həmin mənzilin aylıq kirayə haqqı 300 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2020-ci ildə yaşayış minimumu haqqında» 19 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa görə 2020-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-820/2021 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, habelə iddiaçının sabit məbləğdə əmək haqqına malik olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-820/2021 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-820/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olumuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment İddiaçı ın xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar