Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1983/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 56 (əlli altı) manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 saylı qətnaməsi ilə onların birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, hazırda həmin pula uşağının tələbatlarını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşağına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq, uşağına əlavə heç bir maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Övladı böyüyür, inkişaf edir. Böyüdükcə, inkişaf etdikcə məlumdur ki, artıq onun saxlanılma xərci də artır. O, heç bir yerdə işləmir. Uşağının saxlanılmasında əziyyət çəkir. 2016-cı ildə təyin edilmiş 90 manat alimentin üzərindən artıq 8 il ötür. Hazırki dövrdə həmin pula uşağının tələbatını qarşılamaq qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı etibarnamə nümayəndəsi (anası) X1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 nömrəli qətnaməsi ilə, Aylin adlı uşağın saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment müəyyən edilsə də, cavabdeh həmin aliment məbləğini ödəmir. Bununla yanaşı, sözügedən aliment məbləği uşağın tələbatlarının ödənilməsi üçün kifayət etmir. Belə ki, uşaq böyüyür, onun ehtiyacları günü-gündən artır, həmçinin, 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna münasibətdə sözügedən aliment məbləği çox aşağıdır. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, ikinci dəfə ailə həyatı qurmuşdur. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə, 650 manat əmək haqqı alır. Buna baxmayaraq, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi mümkün deyildir. Belə ki, yenidən ailə qurmaqla, 2 azyaşlı uşağını saxlamaq öhdəliyi də vardır. Aylin adlı uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin 30 manat artırılaraq, 120 manat olmasına razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5563/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 90 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin dəyişdirilmiş hissəsi qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. AZ-İİİ seriyalı, 632906 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 aprel 2015-ci il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. 13 fevral 2024-cü il tarixli, MŞG/MT007/2024-00237 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 13 fevral 2024-cü il tarixində, 10:30 saatlarında “alimentin artırılması” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 56 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 793 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Gəncə şəhəri, Avtozavod yaşayış massivi ərazisi ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi: atası – X9 xx.xx.1965-ci il təvəllüdlü, anası – X4 xx.xx.1965-ci il təvəllüdlü, arvadı – X8 xx.xx.1986-cı il təvəllüdlü, oğlu X10 xx.xx.2018-ci il təvəllüdlü, qızı X7 – xx.xx.2020-ci il təvəllüdlüdür. AZ-İİ seriyalı, 213264 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 14 sentyabr 2017-ci il tarixdə Gəncə şəhər Kəpəz Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 sentyabr 2017-ci il tarixdə 249 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “İsayeva” soyadı verilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ilə olan nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş qızları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan hər ay iddiaçının xeyrinə 90 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı hazırda Gəncə Şəhər Məhkəməsində ona qarşı iddia qaldıraraq qeyd edilən məhkəmə qətnaməsi ilə təyin edilmiş 90 manat məbləğində alimentin miqdarının artırılıb hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını və medasiyaya ödənilmiş 56 manat xərcinin də ondan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia ilə razılaşmır. Ona görə ki, himayəsində böyük bir ailə olmaqla, o, ailənin yeganə qazanc gətirənidir. O, xx.xx.2017-ci ildə nikahlarını qeyd etdirməklə X8 ilə evlənmişdir. Onunla olan nikahdan xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adında 2 uşaqları olmuşdur. Himayəsində eləcə də, xx.xx.1965-ci ildə anadan olmuş şəkər xəstəsi olan atası X9 və xx.xx.1965-ci ildə anadan olmuş anası X4 vardır. Onların heç biri işləmirlər, pensiya yaşları çatmadığından pensiya da almırlar. Atası xəstəliyi ilə əlaqədar işləyə bilmir. O, özü marketdə işləyir, ayda 400 manat əmək haqqı alır. Ərizəsinə əlavə etdiyi arayışdan göründüyü kimi özü ilə birlikdə 6 nəfərin saxlanılması üçün ayda 400 manat əmək haqqı alır. Bundan da adambaşına 66 manat düşür. Belə olan halda o, ayda 250 manat alimenti heç cürə ödəyə bilməz. O, ancaq hər ay qızının saxlanması üçün 110-120 manat aliment ödəyə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5563/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 90 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin dəyişdirilmiş hissəsi qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 90 (doxsan) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbi təmin edilməklə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 56 (əlli altı) manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini bildirərək, alimentin 120 manat müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 7 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehin məhkəməyə ünvanlandığı etirazın dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin yenidən ailə həyatı qurması, o cümlədən həmin evliliyindən 2 uşağının olması, hazırkı iş üzrə iddiaçı ilə nikahından olan uşağının saxlanılması üçün üzərinə düşən vəzifələrdən azad edə bilməz və o, valideyn olaraq uşağının saxlanılmasında, artan tələbatlarının qarşılanmasında iştirak etmək öhdəliyini daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin yenidən ailə qurması və yeni ailəni planlamaqla uşaqların dünyaya gəlməsinə qərar verməsinə görə sosial məsuliyyəti o daşımaqla bərabər bunlara görə gələcəkdə düşəcəyi hər cür maddi çətinlik qarşısında məsuliyyət daşıdığını da bilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2015-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 90 (doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etsə də, mediasiya xərcini ödəməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-4746/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2015-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1983/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1983/2024
19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver