Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1984/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2018ci il tarixli, 2(044)-1845/2018 saylı qətnaməsi ilə 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 05 fevral 2010-cu il tarixdə X6 dünyaya gəlmişdir. Lakin sonradan onların şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Nikahları pozulan zaman qızı onun yanında qalmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(044)-1845/2018 saylı qətnaməsinə əsasən 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2017/2015 nömrəli, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanılmasında kifayət etmir. Belə ki, artıq Zeynəb adlı uşaq hazırlıqlara gedir və uşağın tələbatları günü-gündən artır. Özü mətbəədə işləyib 345 manat əmək haqqı alsa da, uşağın xərclərini qarşılaya bilmir. Eyni zamanda, 2024-cü il uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna münasibətdə də məhkəmənin sözügedən qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləği olduqda azdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, rəsmi iş yeri yoxdur. İkinci dəfə ailə həyatı qurmuşdur və həmin evlilikdən də bir uşağı vardır. Maddi vəziyyəti yaxşı deyildir. Bu səbəbdən alimentin 20 manat məbləğində artırılmasına razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİİ seriyalı, 918653 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 05 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: X3r. AZ-İ seriyalı, 224726 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş X4 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 dekabr 2015-ci il tarixində 413 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Kərimov”, arvada “Ələsgərova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 393551 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 05 fevral 2010-cu il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: X1r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2017/2015 nömrəli, 20 oktyabr 2015-ci il tarixli qətnaməsindən surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Kərimova (Ələsgərova) İlahə Faxrəddin qızı ilə Cavabdeh arasında 12 yanvar 2010-cu il tarixdə X14 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 05 fevral 2010-cu il tarixdə anadan olmuş X6 iddiaçı Kərimova (Ələsgərova) İlahə Faxrəddin qızının himayəsində saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1845/2018 nömrəli, 17 aprel 2018-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 16 mart 2018-ci il tarixdən başlayaraq, 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) Ələsgərova (Kərimova) İlahə Faxrəddin qızının xeyrinə ödənilməsi və iddiaçı Ələsgərova (Kərimova) İlahə Faxrəddin qızının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 19 fevral 2024-cü il tarixli, MŞG/1-00301 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 19 fevral 2024-cü il tarixində, 15:00 saatlarında “alimentin artırılması və uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat (50 manat ims, 5 manat poçt xərci) məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1845/2018 nömrəli, 17 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 16 mart 2018-ci il tarixdən başlayaraq, 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) Ələsgərova (Kərimova) İlahə Faxrəddin qızının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun bir sıra xərcləri artdığı üçün qət edilmiş 140 (bir yüz qırx) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması və uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(044)-1845/2018 saylı qətnaməsi ilə 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı cavabdehin tələb olunan həddə alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 5 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşağın azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1845/2018 nömrəli, 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 60 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 720 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1845/2018 nömrəli, 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1984/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1984/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver