Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-201/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbi nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzilə vurulmuş zərərinəvəzi qismində 2000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əsaslandırılmışdır ki, 30 dekabr 1988-ci il tarixli 407 nömrəli orderlə ünvan 1 ünvanda yerləşən 19 nömrəli mənzil onun mülkiyyətindədir. Bina beşmərtəbəli olmaqla mənzilim 2-ci mərtəbədə yerləşir. 21 mart 2022-ci il tarixdə təxminən saat 17-18 radələrində mətbəxin, dəhlizin və otağın tavanından iri damcılarla su axmağa başladı. Dərhal üst mərtəbədə yerləşən 22 saylı mənzilə qalxıb suyu kəsmələri üçün qapılarını döymüş, lakin həmin ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2 evdə olmadıqları məlum olmuşdur. Təxminən 2 saatdan sonra suyun axması barədə 22-ci mənzildə yaşayan qonşulara məlumat verə bilmişlər. Cavabdehlər gəldikdən sonra kombi istilik sisteminin borusu sıradan çıxdığını bildirib, mənzilin təmirinə köməklik göstərəcəklərini bildirmişlər. 2 ay cavabdehləri mənzilin təmir ilə bağlı gözləsələr də, köməklik göstərməmişlər. Cavabdeh1 maddi imkanının olmadığını və mənzilin təmirinə köməklik göstərə bilməyəcəyini, bir hadisədir olub, özünüz təmir edin söyləmişdir. 7-8 il əvvəl də cavabdehlər onların mənzilinə su axıtmışlar və həmin vaxt mənzilin təmirinə 1000 manat pul xərcləmişdir. Cavabdeh1 o zaman təmir işini aparan və qonşuda yaşayan ustaya 100 manat zəhmət haqqı ödəmişdir, qalan xərcləri isə ödəmişdir. Bir qonşu kimi aralarında narazılıq olmasın deyə hər dəfə təmir xərcini özü çəkmişdir. Ancaq onların son hərəkətləri, mənzilə vurduqları ziyanı ödəməkdən qəsdən boyun qaçırmaları, təmirə köməklik etməmələri, laqeydlik göstərmələri, sonuncu dəfə su axıttıqları zaman mənzilin, bir otağının, mətbəxin, dəhlizin və tavanına, divarlarına, otaqdakı əşyalara, paltarlara, yataq ləvazimatlarına ümumilikdə 2000 manatdan artıq ziyan vurmalarını və problemin aradan qaldırılmasından boyun qaçırmaları nəticəsində iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi və ekspert rəyi ilə olmadığını, digər cavabdehin onun arvadı olduğunu, arvadı ilə yaşadıqları mənzildən iddiaçının yaşadığı mənzilə ehtiyatsızlıqdan su sızdığını, vurduqları ziyanın aradan qaldırılması üçün tələb edilən və ya ekspert rəyi ilə hesablanan məbləği ödəməyə maddi imkanları olmadığını, lakin həmin ziyanın aradan qaldırılması üçün özlərinin dəvət edəcəkləri usta vasitəsilə təmir işlərini həyata keçirməyə hazır və razı olduqlarını bildirdi. Cavabdeh1 iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kəpəz rayonuxalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən verilmiş 407 nömrəli, xx.xx.1988-ci il tarixli orderin surətindən görünür ki, Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzil 3 ailə üzvü ilə birlikdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 13 nömrəli Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 2 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən üst qonşudan mənzil 22-dən su axmış və nəticədə mənzilin yaşayış otağının taban hissəsinə, divarlarına, dəhlizin və mətbəxin tavan hissəsinə divarlarına ziyan dəymişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1110 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, H.Əliyev pr, 54B, 19 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin 13 saylı xidmət əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, H.Əliyev prospekti, 54 B ünvanda yerləşən yaşayış evinin 19 saylı mənzilinə yuxarı mərtəbədəki 22 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 22 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 19 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, H.Əliyev prospekti, 54 B ünvanda yerləşən yaşayış evinin 19 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcu bazar qiymətlərinə uyğun olaraq təqribən 1643 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatları nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onlarla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus mənzilə həmin mənzilin yuxarı mərtəbəsindəki 22 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Eyni zamanda su sızmaları nəticəsində mənzilin tavanına və divarlarına zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 1643 manat (divardan köhnə divar kağızının qaşınması üçün - 190 manat; divar səthinin şpavklyovkalanması və divar kağızının yapışdırılması -570 manat , divar kağızı -475 manat, divar kağızının yapışkanı -28 manat, şpaklyovka- 21 manat, tavandan köhnə boya qatının qaşınması -54 manat, tavan səthinin şpavklyovkalanması və boya ilə rənglənməsi – 162 manat, şpaklyovka -7 manat, boya-36 manat, əlavə və nəqliyyat xərcləri -100 manat) məbləğində hesablanmışdır (ekspert rəyləri № 10/1110). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki işin tədqiq edilmiş halları əsasında, cavabdehlərin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu olan suyun axıdılması nəticəsində mənzildə təmir-bərpa üçün tələb olunan 1643 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməlidir. İddiaçının tələb etdiyi (2000-1643=357) qalan 357 manat pulun tutulması zərurətini təsdiqləyən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmn edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu əvəzi qismində 36.43 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat pulun 80 manatı cavabdehlərdən, 20 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1643 (min altı yüz qırx üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat 43 (qırx üç) qəpik pul müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-201/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-201/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver